Yanğılı insan duyğuları... Kamança səsi...

# 19:46
29 iyun 2016

Kamança başqa musiqi alətlərindən təkcə quruluşu ilə deyil, həm də qeyri-adi səslənməsi ilə fərqlənir. Bu səs elə bil ki, daha çox insan fəryadına, onun könül çırpıntılarına, kədərinə, intizarına, ağrı-acılarına köklənib. O, insanın heç vaxt dilinə gətirmək, büruzə vermək istəmədiyi duyğuların naləsini, ahu-zarını, dərdini hər bir kəsə agah olan tərzdə çatdırır, dinləyənləri yanğısının sehrinə salır. Kamança öz nəğmələri ilə insanın ağrısına, dərdinə, sanki, məlhəm qoyur, onu sakitləşdirir, ovundurur. Bəlkə də kamança kimi alətlər olmasaydı, insan ya dərddən-ağrıdan ölər, kədərə, qəmə təslim olar,  ya da, mütləq yenə də duyğuların ən yaxşı ifadəçisi olan musiqi alətlərinə tapınardı. O alətlərə ki, əsrlərdən bəri nəsillərlə çiyin-çiyinə yol gəlir, mədəniyyətimizin ən gözəl incilərini dəyərli əmanət kimi qoruyub saxlayır.

 

Kamança Qılman Salahov, Firuz Əlizadə, Tələt Bakıxanov, Fərhad Dadaşov, Mütəllim Novruzov, Ədalət Vəzirov, İmamyar Həsənov kimi sənətkarların əlində ürəklərə yol tapıb, sevilib. Dövrümüzün ən görkəmli kamança ustası Habil Əliyev isə bu alətin inkişafına, imkanlarına və ifa üslubuna öz möhürünü vurub.

 

Xarici musiqiçilər belə Habil Əliyevin ifasından ilhama gələrək, bu alətdə gözəl etüdlər ifa ediblər.

 

"Kamança" sözü farsca "yay, qövs" deməkdir. Alət farslara türklərdən keçib. Sözün türkcə qarşılığı "qişek"dir. Bu alət Azərbaycanda, İranda, Qafqazda kamança adı ilə tanınır. Azərbaycanda kamança ifaçılığının yüksək inkişafı XIX əsrin ikinci yarısından başlayıb. Bu, ölkəmizdə xanəndəlik sənətinin daha sürətlə inkişaf etməsi ilə bağlıdır. Alətin ilk nümunələri balqabaqdan, hind qozundan hazırlanıb, fil sümüyü ilə bəzədilib. Bir və ikisimli kamançanın nə vaxtsa yaylı qopuzdan formalaşması güman edilir. Kamançanın müxtəlif növləri başqa adlarla Şərq və Orta Asiya xalqları arasında yayılıb. Keçən əsrdə üçsimli, dördsimli və hətta beşsimli kamançanın mövcudluğu məlumdur.

 

Xalq artisti Fəxrəddin Dadaşov muğam üçlüyünü kamançasız təsəvvür etmək mümkün olmadığını deyir: “Tar və xanəndə olan yerdə mütləq kamança da olmalıdır. Kamançanın bu üçlükdə xüsusi yeri var. Xanəndə oxuyur, kamança  səslənməyəndə isə, sanki ifaçının səsi göydə qalır.  

Şükür edirəm kamançaya. O kamança aləti məni yer kürəsində 4 dəfə fırladıb. Kamança ilə bütün dünyanı gəzmişəm. O alətin qarşısında baş əyirəm”.

 

Kamançanın sirri bu günə qədər də açılmayıb. Bu alət insan kimi haldan-hala düşür. Kamança o qədər həssasdır ki, yağışlı, çiskinli havada səsi dərhal dəyişir.

 

Xalq artisti, kamança ifaçısı Ağacəbrayıl Abfasəliyev bu alətdə boğazdan yuxarı çalmağın mümkünsüzlüyünü deyib: “Səid Rüstəmov deyirdi ki, alətə necə baxarsansa, alət də sənə elə baxar. Hərdənbir biixtiyar elə ifa tərzi gəlir ki, adamın özünün də ürəyi sancır. İfaçı kamançada ifa edəndə mədəniyyəti, xasiyyəti ortaya çıxır. Kamança soyuq da bir cür, istidə bir başqa cür səslənir”.

 

Kamançanın digər simli musiqi alətlərindən fərqi ondadır ki, onun not pərdəsi yoxdur. Bu səbəbdən də bu alətdə ifa etmək xüsusi istedad və həssaslıq tələb edir. A.Abasəliyev deyib ki, bu səbəbdən də kamançada ifa etmək üçün insan xüsusi hissiyyata malik olmalıdır: “Tarda bilirsən ki bu pərdə do-dur, bu pərdə sol-dur. Bu aləti pərdə ilə yox, yalnız eşitmə ilə ifa edirdik. Yeni başlayarkən karandaş vasitəsi ilə notların yerini müəyyənləşdirirdik, tədricən artıq vərdiş etdik və işarəsiz ifa etməyə başladıq”.

 

Azərbaycan Milli Konservatoriyasının nəzdində yerləşən Milli Musiqi Alətlərinin Təkmilləşdirilməsi elmi-tədqiqat laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov hesab edir ki, Azərbaycana məxsus olan milli musiqi alətləri pasportlaşdırılmalıdır: “Bu günə qədər Azərbaycan milli musiqi alətlərinin ölçü sistemləri və əmsallaşdırılma işləri görülməmişdir. Bu mənada, ilk növbədə, Azərbaycan kamançasının təkmilləşdirilmə işlərini aparmaq lazım idi. Bütün musiqi alətlərində xərək sistemi hər zaman düzdür. Amma kamançada xərək sistemi əyridir və bu təəssüfləndirici haldır. Biz də kamançada xərək sisteminin düz etmək yönündə düşünürük”.

Məmmədli müəllim hesab edir ki, kamançanın əcdadı məhz ikisimli yaylı rübabdır.

 

Kamança çanaq, qol və çanağın içərisindən keçərək, onun hər iki hissəsini birləşdirən şişdən ibarətdir. Çanaq, qol və aşıqlar qoz ağacından xüsusi dəzgahda yonulma üsulu ilə hazırlanır. Çanağın üzünə nərə balığının dərisindən hazırlanmış üzlük çəkilir. Alətin səslənməsinin yaxşı təmin edilməsində qol ilə simlər arasındakı məsafənin dəqiq təyin edilməsi vacib şərtdir.

 

Kamançanın düzəldilməsini əyani şəkildə nümayiş etdirən usta Ağamir Həsənov bildirib ki, musiqi alətinin at quyruğundan hazırlanmış yay vasitəsi ilə ifa olunur.

 

Əməkdar artist Elşən Mansurov kamança alətində solo ifa etməklə belə insanların ürəyini fəth edə bilməyin mümkün olduğunu deyir: “Təxminən, 2007-2008-ci illərdə YUNESKO-da konsert verəsi oldum. Mən dedim mən kamança ilə nə edəcəm, kim məni dinləyəcək, darıxdırıcı olar. Mən saat yarım tək çaldım orda. Müşayiətsiz tək kamançada çaldım bir adam  çıxmadı o zaldan. Salonda tamaşaçılar fransızlar idilər”.

 

Çox hallarda kamança ilə skripkanın oxşar olduğu zənn edilir. Amma hər iki aləti dinləyənlər kaman səsinin daha həzin və daha doğma olduğunu bildirirlər. Bu isə onunla əsaslandırılır ki, skripka alətinin üz qabığı taxtadan, kamançanınkı isə balıq dərisindən olur və bu da rezonans rolunu oynayaraq səsi bir az da dərinləşdirir.

 

Həzinlik, həssaslıq rəmzi olan kamança sanki isti qadın barmaqlarını da tanıyır. Bu təmasdan simlər, elə bil, daha da riqqətə gəlir, yanğılı sədalar dil açıb danışır. Bu hisslər, uzun illərdir kamançaya bütün varlığı ilə bağlanan Şəfiqə Eyvazovaya yaxşı tanışdır. 

 

Xalq artisti, tanınmış kamança ifaçısı Şəfiqə Eyvazova kamançanın çox üstün alət olduğunu bildirir: “Üzeyir bəy demişkən kamança solo çalmağa qadirdir. Kamança not əsərləri çalır. Başqa dövlətlərdə də kamançaya oxşar alətlər var, amma onlar da not əsərləri çalmaq mümkün deyil. Amma bizim kamançada Avropa, qərb bəstəkarlarının əsərlərini, çalırıq. Bizim kamançamız ona görə kamildir, çox püxtələşmiş bir alətdir”. Ş.Eyvazova onu da bildirib ki, xalq artisti Şövkət Ələkbərova da musiqiyə ilk əvvəl kamançada ifa ilə başlayıb. Amma sonradan Üzeyir Hacıbəylinin məsləhəti ilə səhnəyə müğənni kimi çıxıb.

 

Şəfiqə xanımın həyat yoldaşı, professor Arif Əsədullayev deyir ki, indi gənclər arasında bu alətə maraq daha çoxdur: “Artıq kamançanı bizim millətimiz başa düşməyə başlayıb. Üzeyir bəy deyirdi ki, zaman gələcək, kamançanın qədrini elə kamança qədər biləcəklər. Bu da həqiqətdir”.

 

Kamançaya xüsusi sevgisi olan ailənin övladı Mehri Əsədullayeva da bu ənənəyə sadiq qalaraq kamançanın sehrini milyonlarla insana çatdırır: “Anamı təkrar etmək istəmirəm. Təkrara ehtiyac yoxdur. Əslində tarix yazan bir sənətkarın övladı olmaq çox risklidir. Amma mən bu yolda özüm tarix yazmaq istəyirəm”.

 

...Kamança muğam ifaçılığının milli pasportudur. Onun ahəngi, səs tembri, yanğılı ifa tərzi məhz Azərbaycana, xalqımıza məxsusdur. Zəngin musiqi mədəniyyəti tariximizin istənilən səhifəsi bunu dönə-dönə sübut edir.

 

 

DİGƏR XƏBƏRLƏR

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR