Qürurlu və dəyanətli ritmlər... Nağara

# 17:56
29 avqust 2016

Ritm... Ritm bütün dünyanı öz ağuşuna alıb sanki. Gördüyümüz və bəzən görə bilmədiyimiz hər şeyin ritmi var. Ürək döyüntüsündən tutmuş, addım səsinə qədər. Hər bir xırda detal ritmlə həyata keçirilir. Hətta danışığımızda belə xüsusi ritm var. Bəzən insan həyatında baş verən hadisələr, yaşananlar ən yüksək ritmlərlə müşahidə olunur. Həyəcan kimi... Ritm hissi bəşəriyyət yaranandan mövcuddur. Bunun bariz nümunəsi qədim dövrlərdə yaşayan insanların müxtəlif daşlardan zərb aləti kimi istifadə etməsidir. Ritmsiz həyatı heç düşünmüsünüzmü? Ritmsiz insan həyatı təsəvvür etmək olarmı? Əsla... Ritm hər zaman olub və var.

 

Azərbaycanda zərb çalğı alətlərinin kökləri çox-çox qədimlərə, ibtidai dövrlərə gedib çıxır. Səs mənbəyi dəridən alınan zərb alətlərinin Azərbaycanda çox qədim köklər var. Eradan əvvəl VI-V əsrə aid edilən səs mənbəyi dəridən alınan zərb alətlərinin  ümumən 7-8 min il tarixi var. Bu fakt arxeoloji tarixi mənbələrə istinadən təsdiqini tapır. Ümumilikdə, Azərbaycanda musiqi mədəniyyətinin, o cümlədən çalğı alətlərinin ilkin nümunələri eramızdan əvvəl XVIII-XV minilliklərə aid edilir. Bu dövrlərdə insanlar müəyyən vasitələrlə ritmlər yaradıblar. Membranlı zərb çalğı alətləri arasında ən geniş yayılmış musiqi aləti məhz nağaradır. Toy və şənliklərimizin aparıcı çalğı alətlərindən sayılan nağaranın bir sıra növləri var. Nağara ikiüzlü quruluşa malikdir.

 

XV əsrdə yaşamış Venesiya elçisi İosafat Barbaranın xatirələrində Uzun Həsənin sarayındakı musiqiçilərin istifadə etdikləri çalğı alətləri arasında nağaranın da adına rast gəlirik. Bu fakt tanınmış alim Seyidağa Onullahinin məqalələrində öz əksini tapır. Nağara – ərəb sözü olan nəqqarə sözündəndir, taqqıldatmaq, döyəcləmək mənası verir. Nağara adı qoyulmamışdan əvvəl isə bu alətə dumbul və davul deyilib. Nağara 1950-ci ildən başlayaraq uşaq musiqi məktəblərində, musiqi kolleclərində tədris olunmağa başlanılıb. Sonradan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tədris olunub. 1931-ci ildən Üzeyir Hacıbəylinin təşəbbüsü ilə yaradılmış Xalq Çalğı Alətləri Orkestrinin tərkibinə daxili edilib və o vaxtdan orkestrdə zərb alətləri qrupunda aparıcı alət olub. Nağaraya dair ilk dərs vəsaitini 1988-ci ildə pedaqogika üzrə elmlər doktoru, professor Fərahim Sadıqov və tanınmış nağara ifaçısı Səlim Quliyev hazırlayıb. İlk nağara dərsliyini 2000-ci ildə Ağası Məmmədov tərtib edib.

 

Nağara alətinin diapazonu yoxdur. Nağarada ardıcıl səs yüksəkliyi olmadığından bu tipli alətlərin səs diapazonu bəlli deyil.

Nizami Gəncəvi nağaranı belə təsvir edir:

Coşdu qurd gönündən olan nağara,
Dünyanın beynini gətirdi zara.

 

Nağara sanki peşəkar barmaqları tanıyır, həm də fədakarlığı sevir. Hər dövrün peşəkar nağaraçıları olub. Nağaradan söhbət açırıqsa, bu alətin inkişafında və ifaçılığında müstəsna xidmətləri olan adları çəkmək lazımdır. Bu sırada ilk yerdə ötən əsrin ən mahir nağara ifaçısı Ağasüleyman İmanovun adı gəlir. O, dövrümüzdə bir çox nağara ifaçılarının ustadı hesab olunur. Nağarada mahir ifası ilə xalqın sevimlisinə çevrilən Süleymana Ağa adını xalq özü verib. Qaval daşının dövrümüzdə ilk ifaçısı kimi tarixə düşən Çingiz Mehdiyev bu aləti solo alət olaraq insanlara tanıtmağı bacarıb. Böyükağa Muradov, Azər Əliyev, Ramiz Həsənov, Səlim Quliyev, Hüseynağa Yəhyayev, Hüseynağa Əliquliyev, Rafiq Balabəyov nağara ifaçısı kimi tarixə düşməyə müvəffəq olublar. Kişi ifaçılarla yanaşı, qadın ifaçılarımız arasında da nağara ustaları olub. Zamanının tanınmış nağara ifaçıları Məsumə Babayeva və İzzət Məmmədova zərif cinsin nümayəndəsinin əslində nə dərəcədə güclü ürəyə və barmaqlara sahib olduğunu göstəriblər. İndi isə Esmira Cəfərzadə bu yolun layiqli davamçısıdır.

 

Dövrümüzdə Zöhrab Məmmədov, Almas Quliyev, Şirzad Həsənov, Rafiq Budaqov, Gülağa Quliyev, Antik Seyidov, Natiq Şirinov, Təhmasib Məmmədov, Amil Faiqoğlu, Rövşən Cabbarov, Xəyal Abbasov kimi nağara ifaçıları bu yolun layiqli davamçılarıdır.

 

Nağaranı dinləyən hər kəsdə ritmə düşmə eşqi yaranır. Əbəs yerə deyilmir ki, ritm - musiqinin Allahıdır. Musiqi Allahı ilə kim təmasda olmaq istəməz ki? İstər-istəməz "mən də bacararammı" deyərək nağaraya bir dəfə də olsun zərblə vurmaq istəyi yaranır insanda. Elə məsələ də bu vurmaqdadır. Nağaranın mükəmməlliyi onun düzgün ifasındadır və bunun üçün də bu sənətin fədaisi olmalısan.

 

Zöhrab Məmmədov dövrümüzdə ən peşəkar nağara ifaçısı sayılır. O, nağarada bir tarix yazıb. Bu gün nağara haqqında danışmağa hər kəsdən çox onun haqqı çatır. Ömrünün düz 50 ilini nağara ilə sirdaş olub. Uzun illər Çingiz Mehdiyevdən dərs alan Zöhrab Məmmədov ilk əvvəl ustadını xatırlayır: “Mən 10-11 yaşımdan Çingiz Mehdiyevin tələbəsi olmuşam. Özbəkistandan gəldikdən sonra gördüm ki, onun adını çəkən yoxdur. Sonra uşaqları yığdım və kompozisiya hazırladım. Adını “Çingizi” qoydum. Çingiz Mehdiyev nağara ilə solo çalıb, gözəl insan və gözəl müəllim olub”.

 

“Nağara həyatdır, hər şeydir” deyir Zöhrab Məmmədov. Bu sənət onun həm də yeganə qazanc mənbəyi olub və dünyanın istənilən ölkəsində peşəkar ifası ilə hər zaman önə çıxıb. Nağara onun əlində müşayiətçi alət yox, əsas alət olub. Ustad nağaranın hər zaman öndə olmasını arzulayır. Ümumiyyətlə zərb alət ifaçıları bütün ölkələrdə ya ən yuxarıda, ya da ən öndə oturur. Ustad deyir ki, “mənim üçün nağara hər zaman öndə olmalıdır”. Əgər zamanla nağara insanların yaddaşında yalnız toy aləti kimi qalsa da, əslində nağarada fərqli ifaçılıq mövcuddur: “Bir var konsertdə ifa etmək, bir də var toyda ifa etmək. Bir çox beynəlxalq festivallarda olmuşam və solo ifa etmişəm. Hər kəs deyir ki, toy bizim üçün çörək ağacıdır. Amma toyda da mükəmməl ifa ilə müştəri tutmalısan. 1984-cü il idi Rəşid Behbudovla İsveçrəyə qastrola getmişdik. Mən solo ifa edirdim, Mahnı Teatrının ansamblı məni müşayiət edirdi”. Həmin konsertdən sonra Zöhrab Məmmədovun ifası isveçrəli qonağı necə tilsimləyirsə, onu 2 həftəlik öz ölkəsinə qonaq aparır. Və tək olmasın deyə mərhum Rafiq Babayev və Müslüm Maqomayev də onunla birgə gedirlər. Zöhrab müəllim həmin günləri xatırlayaraq deyir:

“Bu mənim yox ey, nağaranın hörmətidir. Nağara çox güclü bir alətdir. Ritmdir də, qurban olum sənə, ritm. Bunu gərək çatdırasan insanlara. Bunun üçün də ancaq və ancaq ürək lazımdır”.

 

Nağara bir çox tanınmış simaların yaradıcılığa gəlmək stimulu olub. Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, Tələt Qasımov, Əli Qafarov kimi tanınmış simaların ilk müraciət etdiyi alət məhz nağara olub. Tanınmış sənətkarımız Alim Qasımov da muğam sənətinə zərb alətlərinin ifaçısı kimi gəlib. Professor, filologiya üzrə elmlər doktoru Nadir Məmmədli uzun illər nağarada ifa edib və nağaradan əldə etdiyi pulu elmi fəaliyyətə yatırıb.

 

Nağara ifaçılarının əksəriyyətinin əlinin içi bu alətdə ifaçılıqdan dolayı qabar bağlayır. Bu qabar ifaçının nağaraya olan sevgisinin ölçü vahididir. Əllərdəki qabar bəzilərini bu sənətdən çəkindirir, kimisi də ömrünü bu qabarla yaşamağı seçir. Yeni ifa zamanı o yaralar incidir, sonradan isə artıq qabarla yaşamaq həyat tərzinə çevrilir.

 

Dövrümüzün mahir nağara ifaçılarından olan Gülağa Quliyev deyir ki, nağara onun həyatıdır və onsuz yaşamaq mümkünsüzdür. Zöhrab Məmmədovdan dərs alan, nağaranı bütün dillərdə danışdırmağı bacaran musiqiçi “hələ də öyrənirəm” deyir. Xəstələnəndə də musiqinin, ritmin səsi onu sağaldır. O bildirir ki, nağaranı mükəmməl ifa etmək üçün hər gün məşq etmək lazımdır: “Musiqiyə çox qulaq assınlar. Hər gün məşq eləmək lazımdır. Anadan doğulma başqa şeydir. Bu istedad doğuşdan olanda başqa şeydir. Zöhrab Məmmədovu gecə oyat və nağaranı əlinə ver, çalacaq. Çünki o Zöhrab Məmmədovdur. Pis musiqi var? Yoxdur, pis ifaçı var. Xahiş edirəm, yaxşı musiqiyə qulaq assınlar da.

Nağarada ifa etmək üçün sənətkara, sözə qulaq asmaq, musiqini dinləmək lazımdır. Musiqi duyumu bu sahədə çox mütləqdir. Qulaqdan iti oldunsa, bu çox böyük xoşbəxtlikdir. Vay o gündən kal olsan, özün də nağara çalasan. Musiqini biləndən sonra ürəyin gücünə alınır. Onsuz mümkün deyil”.

 

Nağara alətinin düzəldilməsi çox vaxt tələb edir. Xalq çalğı alətlərini hazırlamaqda əvəzsiz usta sayılan Musa Yaqubov deyir ki, nağaranın hazırlanması alətin sağanaq hissəsinin düzəldilməsindən başlanılır. Əvvəlcə usta sağanaq hissəni nağara formasına salır. Nağaranın sağanaq hissəsinin düzəldilməsi üçün tut, qoz, cökə ağaclarından istifadə olunur. Usta bu işi faner üzərində göstərir.

 

Daha sonra Musa usta nağaranı üzləmə prosesini həyata keçirir. Alətin hazırlanmasında növbəti proses nağaranın üzlüyünün tikilməsidir. Usta kapronun nağaraya tikilməsi prosesinin çox vaxt apardığını deyir. Kapron üzlük tikiş zamanı dağılmasın deyə usta sapla kapronu bağlayır. Bu proses eyni zamanda dərinin köklənməsi də adlandırılır. Sonra usta nağaranın üzlüyünün kənarlarını tikir. Əgər düzgün hörülməsə, kapron cırıla bilər. Usta hazır olan üzlüyü nağaraya tikir. Bu tikmə prosesi hər zaman nağaranın üzərində görməyə alışdığımız kəndir vasitəsi ilə həyata keçirilir. İp aşağı və yuxarı keçirilir və bu iş nağaranın çevrəsi başa çatana kimi davam edir. Proses bitdikdən sonra iplər tarım çəkilir və bağlanır.

 

Mövzu nağaradırsa, Natiq Şirinov və “Natiq” ritm qrupundan bəhs etməmək olmaz. XXI əsrdə nağara ifaçıları arasında öz dəsti-xətti ilə seçilən Natiq Şirinov, həm də beynəlxalq tədbirlərdə nağaranın siması kimi tanınmağı bacarıb: “Nağara bir dəridir, bir də taxta. Gərək vuranda elə vurasan ki, insanlar dəng olmasın. Nağara hər zaman arxada müşayiətçi alət olub. Nağaranı bu gün solist kimi önə çıxarmağı bacardım. Nağara bu gün dünyada öz sözünü deyən bir alətə çevrilib”.

 

Bu alətdə ard-arda yeddi gün, yeddi gecə ifa etdiyini deyən Natiq Şirinov hesab edir ki, bu, alətin böyüklüyünün daha bir sübutudur. Nağarada saymaq anlamı mütləqdir deyir ifaçı. Saymasan anlamazsan: “Bizə məxsus "Yallı", "Qazaxı", "Cəngi", "Çırtma", "Çırtmaşapalaq", "Qoşaşapalaq" ritmləri var. Bunları dərk etməyə başladım. Nağaraya saymaq anlamını gətirdim, saymasan, ifa edə bilməzsən. Kim nə qədər bacarır, o qədər də ölçülər vurur. Mənim bu gün tələbələrimə öyrətdiyim toy nağarası deyil, onların səhnəyə, dünyaya çıxaracaq nağaradır. Onlara dünya ritmlər ilə mübahisə edəcəksən deyə öyrədirəm. Mən uşaq idim, mənə dedilər nağaranı apar qoy muzeyə, bu, heç kimə lazım deyil. Mən isə dedim ki, zaman gələcək hamı nağara çalacaq, necə ki bu gün hamı nağara çalır”. Natiq Şirinovun oğlu Ümid də atasının yaratdığı qrupun üzvüdür və atasından nağaranın sirlərini öyrənir.

 

Ritm həyatımızın istənilən anında bizimlədir. Elə hər bir insanın öz həyat ritmi var. Bu gün zərb alət ifaçılarından ibarət müəyyən qrupların yaranması və gənclər tərəfindən sevilməsi müsbət hal kimi qiymətləndirilir. “Rövşən” ritm qrupunun rəhbəri Rövşən Cabbarov deyir ki, nağara dedikdə ilk növbədə mədəniyyətimizin keçmişini gələcəyə daşıyan simvol göz önündə canlanır: “Bu aləti gözümüzü açandan görmüşük və sevmişik. Qobustan qayalarında olan səsləri nağarada cəmləyirəm. O səsləri eşidirik və canlandırırıq, bu, bizim üçün bir dünyadır”.

 

Nağara sadalanan bütün faktlarla yanaşı, tarixi səsimizi də ritmlərə köçürməkdə bizə yardım edir. Həm dünənin, həm bu günün, həm də gələcəyin səsidir nağara. Ritm dünyadır, bu dünyanı bu barmaqlar kimi duymaq gərəkdir. Bunun üçünsə ürək vurmalıdır, möhkəm, qürurlu və dəyanətli ritmlərlə...

 

 

DİGƏR XƏBƏRLƏR

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR