Hər ud bir şairdir... – Ud aləti

# 18:37
14 sentyabr 2016

Bu səsin hər bir telinə ayrı bir duyğu yüklənib. Sevgi, kədər, bəzən isə sevinc hissini aşılayan o tellər, sanki bütün duyğuları özündə birləşdirir. Bu səs əsrlərlə sehrliyini itirməyən, nəsihətlə dolu ud alətinin səsidir.  

 

Udun özünəməxsus, qüdrətli, nəsihətli səsini dahi Məhəmməd Füzuli “Yeddi cam” poemasında belə təsvir edir.

 

Bir gün yenə mən nəşəl bir bəzm düzəltdim,

Mən bu işi bir hikmət üçün bərqərar etdim.

Bir ud sədası bu zaman qalxdı həvayə,

Yandım, tütünüm çıxdı mənim övci-səmayə.

 

Nizami Gəncəvi isə “İsgəndərnamə” poemasında udu yad edərək belə yazır:

Odur göylərin yeddinci sirrini açan

Odur səkkizinci qəranə sultan

 

Udun səsi hər zaman bizə nəsihəti xatırladır. Sanki nurlu bir insan həyatının hər hansısa bir anında sənə nəsihət verir. Ud dost, sirdaş, bəzən isə insanı ölümdən xilas edən bir möcüzə kimi xatırlanır. Rəvayətlərə görə, Çingiz xanın nəvəsi Hülaki xan Bağdadı ələ keçirir və Xəlifəyə yaxın bütün insanları həbs etdirir, asdırır. Növbə çatır Səfiəddin Ürməviyə. Onu dar ağacından asmaq istəyəndə ustad deyir: “İcazə versəydiniz, sonuncu dəfə udda musiqi ifa edib, sonra ölərdim”. Ürməvi udda o qədər gözəl ifa edir ki, daşürəkli Hülaki xan onu əfv edir.

Buna bənzər hadisələrdən biri Əbdülqadir Marağalının da başına gəlib. Əmir Teymur tərəfindən edam hökmünə məhkum edilən Əbdülqadir Marağalı ölüm ayağında olarkən ud ifa edir və əfv olunur. Əmir Teymur özü də incəsənət vurğunu olub və Marağalının udda ifasını dinlədikdən sonra sənətkarın edamından vaz keçir. Ud aləti bizim alimlərimizi, sənətkarlarımızı da ölümdən xilas edib.  

 

Bir sıra çalğı alətləri var ki, onlar Şərq xalqlarının ruhuna uyğun yaradılıb. Bu cür alətlərdən biri də ud alətidir. Ud aləti mizrabla çalınan qədim simli-dartımlı musiqi alətidir. Dahi Əbdülqadir Marağalı XIII əsrdə yaşamış digər azərbaycanlı musiqişünas alim Səfiəddin Ürməvinin “Kitab əl-ədvar” risaləsini təhlil edərkən udun yaranması ilə bağlı olduqca maraqlı məqam ortaya çıxıb. Qeyd olunur ki, udu Adəm peyğəmbərin nəvəsi Qabilin oğlu Lamiş icad edib. XIII əsrdə yaşamış alim Mahmud Amuli udun bir adının da bərbəd olduğunu yazır. Əbdülqadir Marağalı risalələrində bərbət alətini udi-qədim, müasir ud alətini isə udi-kamil kimi qeyd edir.

 

Ümumiyyətlə, çalğı alətlərinin tarixi ilə bağlı arxeoloji, ədəbi, tarixi, linqvistik, etnoqrafik, miniatür mənbələr əsas götürülür. Daha çox tarixçi-jurnalist Fazil Həşimovun əsərlərində alətin türklərdən farslara və ərəblərə keçdiyi barədə bilgilər var. Tədqiqatçı-alim Aslan Məmmədov əsərlərində də eyni tezisi isbatlamağa çalışır. Amma köklü şəkildə udun məhz Azərbaycana məxsusluğu barədə geniş və ayrıca tədqiqat əsəri yoxdur. Etimoloji faktlarda da bu alətin Azərbaycana məxsus olduğu bildirilir. Oğuz türkcəsində ud sözü – bəxtli, şanslı, xoşbəxt anları yaşadan mənasını verir. “Kitabi Dədə Qorqud” dastanında da - qudsuz gəlin, udlu gəlin ifadələri var. O vaxtlar da udlu gəlin ifadəsi – xoşbəxt gəlin hesab olunurdu.

 

Ud 1974-cü ildən etibarən Xalq Çalğı Alətləri Orkestrində təmsil olunur. Zeynəb Xanlarovanın ansamblında təmsil olunan mərhum İbrahim Qasımov mahir ud ifaçısı olub. Müasir dövrdə Mircavad Cəfərov, Yasəf Eyvazov, Behbud Ağakişioğlu, Tacəddin Nuriyevin adı mahir ud ifaçıları arasında çəkilməlidir. Uzun müddət Suriyada yaşamış, eyni zamanda Suriya Konservatoriyasının professoru olan Əsgər Ələkbərovun adı da ud alətinin gözəl ifaçısı kimi qeyd edilir.

 

Ud aləti həm də Azərbaycan filmlərində istifadə olunub və insan yanğısı, kədəri bu alətin səsi ilə çatdırılıb. Udun böyüklüyü “Dəli Kür” filmində səslənən bayatıları daha da sehrləndirir.

 

Bu günə qədər udla bağlı ən qədim tapıntı Azərbaycan hesab olunur. Arxeoloq Aləm Nuriyev Bərdədə arxeoloji qazıntılar nəticəsində xeyriyyə tipli bir qab aşkarlayıb. Həmin qabın üzərində udun qədim variantının cizgiləri verilib. Arxeoloqlar bu qabın ən azı 5500 illik tarixi olduğunu bildirirlər. Bu qədimlikdə udla bağlı ikinci bir arxeoloji tapıntı yoxdur.

Sənətşünaslıq üzrə elmlər doktoru Abbasqulu Nəcəfzadə deyir ki, dünyanın heç bir yerində udla bağlı bu qədər qədim ikinci arxeoloji tapıntı yoxdur: “Bu da bizə deməyə əsas verir ki, bu alət bizə digər milli alətlərimiz kimi daha doğma, daha qədimdir. Yəni ana südü kimi bizim öz qədim alətimizdir. Bəziləri ud alətini gəlmə alət kimi göstərirlər. Amma faktlar onu göstərir ki bu alət Azərbaycana məxsusdur. Düzdür, ud aləti ümumşərq xalqlarının beyninin məhsuludur”.

 

İlk dəfə fundamental şəkildə udun şərhini oğuzların uzluq tayfasından olan XI əsrin sonu X əsrin əvvəllərində yaşamış Əbu Nəsr Fərabi verib. Səfiəddin Ürməvi, Əbdülqadir Marağalı, Həbib Udi də dövrünün gözəl ud ifaçıları olub. Həbib Udiyə gözəl ud ifaçısı olduğu üçün Ud təxəllüsü verilib. XVI əsrdə yaşamış tarixçi İsgəndər Münşi də əsərlərində dövrünün tanınmış musiqiçiləri, bəstəkarları, ifaçılarının adını qeyd edir. Tanınmış bəstəkar Fikrət Əmirovun atası Məşədi Cəmil Əmirov da dövrünün gözəl ud çalanı olub.

 

A. Nəcəfzadə deyir ki, Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra ud tədris olunmasa da, bu alət tamamilə unudulmayıb: “Ud alətini Məşədi Cəmildən sonra böyük auditoriyaya ilk dəfə Əhsən Dadaşov təqdim edib. Əhsən Dadaşovun ifası udu bizə daha da sevdirdi”. Abbasqulu Nəcəfzadə bu mükəmməl alətin tədrisini mütləq hesab edir.

Klassik şairlər şeirlərində hansısa alətləri vəsf etmələri ilə bir növ həmin alətlərin poetik arxivini yaratmış olurlar. Elə bir klassik şair yoxdur ki, onun şeirində udun adına rast gəlinməsin. Abbasqulu Nəcəfzadə deyir ki, vəsf olunan hər bir alət haqqında yetəri bilgi toplandıqdan sonra onun adı çəkilib. Mütəxəssis bildirir ki, bu gün hansısa alət bərpa edildikdə bu proses klassik şairlərimizin verdiyi bilgilər əsasında həyata keçirilir.

 

Udun səsinin sehrinə bir dəfə düşmək kifayətdir ki, o əbədi olaraq insanın sevimli dostuna çevrilsin. Dövrümüzdə udun mahir ifaçılarından Yasəf Eyvazovun ilk dəfə müraciət etdiyi musiqi aləti tar olub. Bir müddət tar təhsili aldıqdan sonra ud ifası eşidib və o gündən bu səsin axtarışına çıxıb. İfaçı nəql edir ki, bu səs elə həmin gündən onu özünə valeh edib. Bir müddət axtarışdan sonra Yasəf Eyvazov yerli televiziya kanallarının birində mərhum Əhsən Dadaşovun udda ifasını görüb. Ud aləti üzrə 6 il Əhsən Dadaşovdan dərs alan Yasəf Eyvazov, bu illər ərzində uda o qədər sadiq olub ki, bundan sonra tarı bir dəfə də olsun əlinə almayıb: “Ud aləti tək mənim deyil, bütün musiqi aləmi, Şərq dünyası üçün böyük bir alətdir. Ud alətinə Şərqin royalı, fortepianosu deyirlər”.

Yasəf Eyvazov udu uşaqlıqdan sevdiyini bildirib və əlavə edib ki, istər-istəməz udun səsini eşidəndə keçmiş xatırlanır. Yasəf Eyvazov deyir ki, udsuz Şərq musiqi aləmini təsəvvür etmək mümkünsüzdür. Ud alətində ifa etmək üçün mütləq bu aləti duymaq gərəkdir. Ud səsi insanı çox həssas və kövrək edir: “Əsas udun öz ifa xarakterini bilmək və duymaq lazımdır. Ud deyərdim ki, tar, saz və ya başqa alət deyil. Bunun kökü də başqadır, səsi də. Hər bir alətin ifa zamanı öz xarakterini vermək lazımdır”.

 

Ud insanı Tanrıya yaxınlaşdıran, daxilində kövrəklik yaradan bir musiqi alətidir. Ud və ney alətinin səsindəki qeyri-adilik çox zaman xatirələrlə dolu olan göz yaşı ilə müşayiət olunur, dinlənilir. Bu səs həm də mənən insanı rahatlaşdırır, sakitləşdirir. Rəvayətə görə, zamanının xanlarından biri atını o dərəcədə sevirmiş ki, onun ölüm xəbərini gətirəcək şəxsin edam olunacağını bəyan edir. Uzun müddətdən sonra xanın atı ölür və bu xəbəri sarayda xana kimin çatdıracağı müzakirə edilir. Sarayda ud ifa edən musiqiçi bu xəbəri onun çatdıracağını deyir, baxmayaraq ki, onu bu xəbərdən sonra ölüm gözləyir. Bütün məclis yığılır bir masa arxasında, musiqiçi başlayır xanın qarşısında ud ifa etməyə. Udu ifa edə-edə zəhmli xan kövrəlir və musiqiçiyə müraciət edib deyir: “Elə ifa edirsən ki, elə bil atım ölüb”. Atının ölməsini ona udun kövrək səsi çatdırır və atının ölümünü xan özü hiss edir. Ud bu dəfə də insan həyatını xilas edir.

 

Udun tədrisi ilə fərdi məşğul olan Yasəf Eyvazov nəql edir ki, ud səsi tək Şərq insanını deyil, həm də qeyri-millətləri özünə cəlb edib.: “Tələbələrim çox olub və var. Hətta onların arasında bir fransız da var. O vaxtı ilə akustik gitara ilə məşğul olub, sonra udun səsini eşidib. Məni özü axtarıb tapdı, burada da vəzifə sahibi idi. Neçə ay ərzində o udda ifa etməyi öyrəndi və gözəl ifa edirdi. “Cahargah” muğamını bütün detallara kimi ustalıqla ifa edirdi. Aləti o dərəcədə sevirdi ki, inanmırdı ki ud da ifa etməyi öyrənib”.

 

“İfa elədiyim hər bir alət övladım qədər əzizdir” deyə illərlə Azərbaycan musiqisinə layiqli xidmət edən Behbud Ağakişioğlu, udun səsinin sehrli olduğunu deyir: “Mənim üçün udun səsi ilahi bir səsdir. Sanki ürəyin səsi, ürəyin döyüntüsü, nurani bir şəxsin nəsihət etməyi var. Ud alətinə alətlərin şahı desək yanılmarıq”.

 

Ud alətini uzun illərdir özünə sirdaş seçən ustad deyir ki, udun bir alət kimi əvəzsiz olduğu hər zaman sübut olunub. Ud səsi insandakı yorğunluğu belə dəf edir. Ud həm də xəyalların dostudur, istər-istəməz xəyal dünyasına qərq edir dinləyəni... Sanki insan duyğuları, düşüncələri bu tellərdə izhar olunur. Behbud Ağakişioğlu udun çox qeyri-adi, unikal səsə malik olduğunu deyir: “Tarı, sazı ifa edirsən, onlarda cingiltililik daha çoxdur. Amma udda bəm səslənir. O biri simli alətlərdə pərdə var, amma bu alətin qolunda məhdudiyyət yoxdur. Və bu aləti çox rahat ifa edə bilirsən”. Behbud Ağakişioğlu dövrümüzdə həm də mahir gitara ifaçısı kimi tanınır və sevilir. Musiqiçi deyir ki, gitaranın gəlmə alət olduğu hətta ifa zamanı belə bilinir, amma udun doğmalığı əllərdə və ifada özünü göstərir. Ud alətində ifa etmək üçün musiqiçidə səs duyumu olmalıdır: “Bu alətdə pərdə olmadığı üçün musiqiçidən böyük bir ustalıq tələb olunur. Səsi tapıb ifa etmək, pərdələrdə xarici barmağın olmaması üçün musiqiçinin alətə bağlı olmasından asılıdır. Yad səs udda çox tez hiss olunur”.

 

Qədim udun dörd simi od, su, torpaq və hava ilə müqayisə edilib. Qədim ud əsrlər boyu quruluş və forma etibarı ilə islah edilib, dövrümüzə qədər təkmil bir alət kimi gəlib çatıb. Ud çanağı sağ dizin üzərinə qoyularaq ifa edilir. İpək sap, bağırsaq və xüsusi kaprondan hazırlanmış simlər bir-birinə kvarta münasibətində köklənir.

 

Ud armudvari çanaqdan, qol və aşıqlar yerləşən kəllədən ibarətdir. Alətin çanağı yığma üsulu ilə bir neçə hissədən, əsasən səndəl, qoz və armud ağaclarından hazırlanır. Müasir ud aləti 11 simdən ibarətdir. 5 mm qalınlığında olan bu taxta hissələr xüsusi qəliblərdə istiyə verilərək lazımi ölçüdə əyilir və hissə-hissə yığılır. Çanağın üzü 5 mm qalınlığında şam ağacından hazırlanmış taxta üzlüklər örtülür. Ümumi uzunluğu 850 mm olan udun çanağının eni 350 mm, uzunluğu 480 mm, hündürlüyü 200 mm olur.

 

Udda hər bir ifa mükəmməl alınır. Hətta cazla sintezi belə qəbul edir ud və tellərini istənilən musiqiyə açır. Bu isə alətin aliliyindən xəbər verir. Tanınmış ud ifaçısı Tacəddin Nuriyevin ifasında dünya musiqisindən Denikonun “Mart yallısı”nda olduğu kimi, ud istənilən musiqidə gözəl və həlim səslənir.  Ud hər dildə danışır dinləyəni ilə. Udun dili tükənməzdir. 

 

Tacəddin Nuriyev hazırda udda Montinin “Czardas” əsərini hazırladığını da nəzərə çatdırıb: “Bu mahnı skripkada ifa olunub. Amma udda ifa etmək çətindir”. İfaçı bildirib ki, ud aləti milli musiqini daha çox sevir və daha rahat ifa edilir. Azərbaycan Xalq Çalğı Alətlərində ilk dəfə təmsil olunan ud ifaçısı Tacəddin Nuriyev olub: “Elə insanlar var ki, udun üzünü belə görməyiblər, amma udun səsinə, musiqi tembrinə valeh olurlar”.

 

Ud bəm və həzin səsi ilə insan qəlbini bütünlüklə fəth edir. Doğmadır, uludur ud səsi. Həyatın bütün anlarında ud yaxın sirdaş, ürəklərin daimi qonağıdır. Yetər ki, ud səsinə ehtiyac olsun, ud hər zaman köməyə yetişir. Hətta ölüm cəzası verilən dostunun belə xilaskarıdır ud. Ud səsi...      

 

DİGƏR XƏBƏRLƏR

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR