Zərif əllərdə güclənən alət – QANUN...

# 12:02
18 oktyabr 2016

Bu alət hər zaman alicənab görünüşü, zərif səsi ilə istənilən musiqini daha da rəngli və maraqlı edir. Qanun aləti ta qədimlərdən insanların ürəklərinə yol tapmağı bacarıb. Alət istənilən – milli və xarici, həzin və ya şən musiqilərin hər birini tellərində qəbul edir. Zərif əllər bu musiqi alətinin üzərində sanki rəqs edir və hər bir teldən ayrı bir avaz gəlir. Bu avaz qanunun avazıdır.

 

3000 il bundan əvvəl Şumer mədəniyyətində qanun alətinin izlərinə rast gəlinir. Bu barədə türk mənbələrində də qeyd olunur. Sonradan qanun aləti Azərbaycana gəlib çıxıb və istifadə olunub. Klassik şairlərin əsərlərində də qanun vəsf olunub. Qanun aləti bir çox şairlərin ilham mənbəyi də hesab olunur. Bu alətlə bağlı maraqlı faktlardan biri də qanunun Davud peyğəmbərlə bağlanmasıdır. Deyilənlərə görə, Davud peyğəmbər zamanında qanun alətində ifa edərək, zikrlər edirmiş.

 

Bir çox şərq xalqları kimi Azərbaycan musiqiçiləri də bu alətdən geniş istifadə ediblər və günümüzdə də bu alətə istər musiqiçilərin, istərsə digər sənət sahiblərinin sevgisi var. Qanun – yatıq sazlar ailəsinə mənsub olan, dartımlı-simli musiqi alətidir. Yaxın və Orta Şərqdə, eləcə də Azərbaycan klassiklərindən Nizami Gəncəvinin, Məhəmməd Füzulinin və başqalarının əsərlərində qanun aləti haqqında geniş məlumat verilib. XII əsrdə yaşayıb-yaratmış, Şərq musiqi elmini dərindən bilən şairə Məhsəti Gəncəvi qanun və çəng alətlərinin məharətli ifaçısı olub.

 

Şah Abbasın nəvəsi Zəhrəddin Bəhram Mirzənin oğlu 12 il Xorasan hökmdarı olan Mirzə Əbülfət gözəl qanun ifaçısı olub. O musiqiçi məclislərində də qanun da ifası ilə sevilib. Qanun alətinin mahir ifaçısı olaraq Qasım Qanuninin də adı bu sıralarda çəkilir. Azərbaycan musiqi mədəniyyəti tarixində dəyərli xidmətləri olan Məşədi Cəmil Əmirov – 1912-ci ildə Türkiyədə olarkən, Şərqdə məşhur olan musiqi alətlərindən udla bərabər, qanun alətində də çalmağı öyrənibmiş. 1913-cü ildə doğma vətəninə qayıdarkən Məşədi Cəmil özü ilə bu iki aləti də gətirib.

 

Ümumşərq xalqlarının ruhuna uyğun yaradılan qanun aləti bizə sonradan gəlmə alət hesab olunur.

 

Abbasqulu Nəcəfzadə bildirib ki, bu alətin hansısa bir azərbaycanlı tərəfindən icad edildiyini demək doğru olmaz: “Amma bütün bunlara baxmayaraq qanun Azərbaycanda özünəməxsus şəkildə inkişaf etdirilib. Bu aləti ərəb ölkələrində şumerlərlə bağlayırlar: “Qanun aləti 1985-ci ildə xalq artisti, professor Süleyman Ələsgərovun təşəbbüsü ilə artıq Konservatoriyasında da tədris olunmağa başlayıb. Musiqi texnikumlarında, uşaq musiqi kolleclərində alət tədris olunur. Bu gün çox böyük inkişafdadır və çoxlu sayda ifaçılarımız yetişir. Onlar arasında fəxri ad alanlar da var”.  

 

Qanun alətinin çox zaman kanon, kanun adlandırılması da sirr deyil. Abbasqulu Nəcəfzadə deyir ki, sözügedən musiqi alətinin kanon kimi adlandırılması düzgün deyil. O səbəbdən ki, bu alət Azərbaycanda qanun adlandırılır və elə belə də deyilməlidir. Qanun sözü – nizam, intizam, səliqə-sahman və s bu kimi mənaları bildirir. Alətin düzgün adı qanundur.

 

Abbasqulu Nəcəfzadənin sözlərinə görə, Azərbaycanda yaxın keçmişə qədər 72 telli qanunlardan istifadə olunub. Amma ərəblər və türklər 75 telli qanuna üstünlük verirlər. Son dövrlər Azərbaycanda da ifaçılar 75 telli qanundan istifadə edirlər ki, bu da yaxşı hal kimi dəyərləndirilir. O səbəbdən ki, bu alətdə hər üç tel bir səs verir. Bu hal da alətin diapazonunun genişliyinə dəlalət edir.

 

Sənəti sevən cəfakeş olar sözü də elə-belə deyilməyib. Sənətdə doğrudan da cəfakeş olan ifaçılardan biri Asya xanım Tağıyevadır. Azərbaycan Dövlət Opera və Balet Teatrında keçirilən konsertlərdən birinin proqramına uyğun olaraq “Bayatı-Şiraz” muğamı qanunda çalır Asya Tağıyeva” deyə elan edilir. Tamaşaçılar təəccüblə bir-birinin üzünə baxaraq, qanunun görəsən necə bir alət olduğu düşünürlər. Teatrın pərdəsi yavaş-yavaş açılır və orta boylu qız, əlində arfaya oxşar musiqi aləti səhnədə görünür. Gənc qız aləti dizləri üstünə qoyaraq məharətlə ifa edir. Onun barmaqları simlərin üzərində gəzdikcə muğamın məlahətli melodiyası dinləyiciləri valeh edir.

 

“İnci” Qızlar Ansamblının rəhbəri, əməkdar artist Təranə Əliyeva bildirib ki, Asya xanım Tağıyeva orta ixtisas musiqi məktəbində onun müəlliməsi olub: “Mən o xanımdan özüm üçün müsbət olan hər şeyi öyrənmişəm. Təmkinli, sakit, təvazökar insan idi. Onunla söhbət edəndə yalnız xoş ab-hava gəlirdi. Onun insani keyfiyyətləri çox yüksək idi. Mən çalışmışam ki, o keyfiyyətlər məndə də olsun. Mən o insanın əsəbiləşməyini, hətta səs tonunun qaldırmasını da görməmişdim. Asya xanımın bu gün mənim ifaçı kimi yetişməyimdə böyük rolu olub”.

 

Qanun alətində ifa etmək ifaçıdan diqqət və mükəmməl yaddaş tələb edir. Həm də təmkinli olmaq mütləqdir. İstənilən musiqi aləti kimi, bu alətdə də saatlarla çalmaq lazımdır. Təranə Əliyeva deyir ki, istər-istəməz bu hər musiqiçidə belədir: “İnsanın müxtəlif – şən, kədərli, hüznlü anları olur ki, bu anlarda ən yaxın dostum məhz qanundur”.

 

Qanun alətinə çox böyük sevgi və hörmətlə yanaşan Təranə Əliyeva, uzun illərdir qanunun bütün sirlərini öyrənir və öyrədir. Həm öyrətməkdən, həm də öyrənməkdən zövq alır Təranə xanım Əliyeva. Bu isə alətin dostluğa sədaqətli olduğunu sübut edir. Qanun çalmaq həm də fitri bir istedad və səbir tələb edir. Alət zərif əllərin toxunuşu ilə daha da mükəmməl görünür.

 

Təranə Əliyeva yaradıcılığındakı uğur və yüksəlişləri məhz qanun aləti ilə bağlayır: “Mənə dünyanı tanış edən bir alətdir. Kiçik bir taxta parçası mənə bütün dünyanı, mötəbər insanlarla tanışlığı qazandırıb. Milyonlarla insanların qarşısında mən bu aləti ifa edirəm, həm də zövq alıram. Bu alət mənim üçün hər şeydir. Bu alətdə hər şey var”.

 

Qanun alətində üç registr – zil, orta və bəm səslər var. Hər bir registr insanın ruh halını göstərir. Zil səslər insanın uşaqlıq, daha şən və qayğısız günlərini xatırladır. Orta registr ahıl bir insanın səsini, bəm səs isə qocaman insan səsinin effektini verir. Bu alətin səs diapazonu bütünlükdə insanın beynindən və təfəkküründən gələn fikirləri özündə əks etdirir. Qanun aləti səs cəhətdən arfa və gitara alətinə, icra cəhətdən isə fortepianonun qohum aləti hesab olunur.

 

Məhəmməd Füzuli “Yeddi cam” əsərində əsasən, qadınlar tərəfindən ifa edilən bu aləti belə təsvir edir.

Bir gün gecə məclisimiz vardı ki, ondan

Çox-çox uzağa qalmış idi dərd, qəm, hicran.

Xam nəğmələrə edərək aləmi məmnun,

Bir huri-mələk çalırdı iri bir qanun.

 

Qanun alətinin ölkəmizdə daha çox zərif cinsin nümayəndələri tərəfindən ifası da maraqlı faktdır. Bu alət görünüşcə böyük və ağır olsa da, səsindəki həzinlik, incəlik və zərifliklə hər zaman qadınların maraq dairəsində olub və bu dövrümüzdə də belədir. Orta əsrlərdəki musiqi mədəniyyəti tariximizə nəzər saldıqda, bu alətin həm kişilər, həm də qadınlar tərəfindən ifasının şahidi oluruq. Amma son dövrlərdə bu alətə əsasən qadın ifaçılarının müraciət etməsi onu göstərir ki, alətin bu illərdə inkişafı məhz qadın əməyinin nəticəsidir. Digər şərq ölkələrində isə alətin əsas ifaçıları kişilərdir.

 

Nizami Gəncəvinin “Fitnə” əsərində göstərildiyi kimi bu alətin ağırlığı heç zaman Fitnəyə təsir etməyib. Və o yorulmadan bu aləti 40 pilləkənlə qaldırıb və düşürüb. Zərif qollar bu alətin ağırlığını məhz sevgidən dolayı hiss etmir. Qanun alətinin həm də sevgi sınağı olduğunu deyirlər zərif cinsin nümayəndələri. Qanunun əks cinsin nümayəndələri tərəfindən şikayətsiz daşınması həm də sevginin sınağı kimi qiymətləndirilir.

 

Uzun tarixi inkişaf yolu keçən bu alət zaman-zaman formalaşaraq dövrümüzə kimi gəlib çıxıb. Üzeyir Hacıbəyli qanunun keçmişdə də təkmil alət kimi istifadə edildiyini qeyd edərək yazır: Bu gün hər bir musiqiçi üçün piano çala bilmək vacib olan kimi, Şərq musiqiçiləri də öz çalğılarından əlavə, qanun çalmağı dəxi borc bilirmişlər.

Qanunun tərəfləri müxtəlif bucaqlı taxta qutudan ibarətdir. Alt və yan hissələr ağcaqayın, qoz və digər bərk ağac materiallarından hazırlanır. Alətin üst hissəsinin 3/4-ü 4 mm qalınlığında şam ağacından olan taxta üzlüklə, qalan hissəsi isə balıq dərisi ilə örtülür. Ağacla örtülən hissədə üç rezonator oyuğu olur. Dəri ilə örtülmüş hissədə isə alətin eni boyu bütöv bir taxta xərək yerləşir. Simlər alətin gövdəsindəki xüsusi oyuqlara bərkidilərək bu xərəyin üzərindən keçib aşıqlara bağlanır. Aşıqlar olan hissədə simlərin altında dəmir linglər yerləşir. Bu linglərlə simlər qaldırılıb-endirilərkən ton və yarımtonlar əldə edilir. Qanuna üçləşdirilmiş 24 sıra (ümumi sayı 72) sim bağlanılır. İlk dövrlərdə simlər bağırsaqdan və ya ipək sapdan xüsusi üsulla hazırlanırmış. Hazırda kapron simlərdən istifadə edilir. Diz üstünə qoyulan qanun hər iki əlin adsız barmaqlarına taxılmış dəmir üsküklərin arasında yerləşdirilən ebonit mizrablarla səsləndirilir. Alət içərisi dördkünc dəmir açar vasitəsi ilə köklənir. Qanunun ümumi uzunluğu 800-900 mm, eni 380-400 mm, qalınlığı 40-50 mm-dir. [Qanunun simləri barmaqlara taxılmış oymağabənzər metal mizrablarla səsləndirilir. Qanun alətinin diapazonu böyük oktavanın “sol” səsindən, üçüncü oktavanın “do dyes” səsinə qədər götürülür.

Orta əsrlərdən bizə yadigar qalmış bu tapmacanın da cavabı məhz qanun alətidir.

 

Qanun aləti bu gün Azərbaycanda təhsil ocaqlarında tədris olunur. Qanun aləti Sovet dövrünün ilk illərində olmasa da, can verən vaxtlarında Azərbaycanda tədrisə daxil olundu. Bu gün bu alət üzrə çoxsaylı tələbələr yetişdirilir.

 

Asəf Zeynallı adına Musiqi Kollecində qanun alətini tədris edən Məlahət Əliyeva tələbələrinə ilk əvvəl diqqətli olmalarını və istədiklərini əldə etmək üçün çalışmalarını məsləhət görüb: “Tələbələrimə əsas diqqətli və səbirli olmağı məsləhət görürəm. Bir də əlbəttə ki, alətə və müəllimə sevgi. Qanun aləti sehrə bənzər alətdir. Səsi sehrlidir. Onun səsi ilə, ifası ilə səsinə heyran olub məni bu sənətə qoydular. Düzdür, çətinlikləri də çoxdur. Amma bu aləti sevirsənsə, əzablarına da dözməlisən, öyrənməlisən”. 

 

Qanun aləti digər musiqi alətləri tərəfindən sıxışdırılmağı sevmir və bu hal qanunu küsdürür. Dinlədikcə insan ruhunu sakitləşdirən, bəzən keçmişi xatırladan, bəzənsə gələcəyi ümidlə səsləyən qanun alətinin fərqli tərəflərindən biri də tellərindən ucalan qeyri-adi səsdir. Məlahət xanım bildirir ki, qanun aləti ansambllarda olmayanda istər görüntü, istərsə də səs baxımdan itkilər nəzərə çarpır. 

 

O da sirr deyil ki, qanunda peşəkar insanlarla yanaşı, bu aləti böyük sevgi ilə dizi üstə qoyub çalmağı öyrənənlər də az deyil. Bu alət özündə sevgini əsas tutaraq, onu ürəkdən öyrənmək istəyən hər kəsə tellərini açır. Dövrümüzdə də bu alətə müraciət edənlər arasında belə musiqiçilər az deyil.

 

Musiqi dünyasında səsin sehrinə qapılıb burda qalmaq, burda yaşamaq və burda yaşlanmaq... Xəyallara dalmaq, keçmişi xoşluqla xatırlamaq üçün bircə səs yetər. Amma bizi bu dünyadan ayırmaq üçün bu səs bir o qədər də möcüzəli olmalıdır. Məhz qanun səsi kimi... Qanun səsi ilə bu sehrli dünyanın sakini ola bilirik. Sadəcə bir addım.... gözəl ifa, ecazkar səs, sən və səni səndən alıb xəyallar aləminin sakininə çevirən qanun səsi.

 

 

DİGƏR XƏBƏRLƏR

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR