“Evdə tək” filmindən prezidentliyə qədər ucalmış ABŞ-ın ən zəngin, mühafizəkar və qəribə rəhbəri - "Tarix Adam"

ABŞ-ın 45-ci prezidenti Donald Con Tramp,

# 15:43
19 may 2021

APA TV-nin “Tarix Adam” verilişinin növbəti buraxılışı ABŞ-ın 45-ci prezidenti Donald Con Trampa həsr olunub.

Amerika Birləşmiş Ştatlarının 45-ci prezidenti olmaqla yanaşı, həm də tarixin ən qəribə rəhbərlərindən biri, lider olanadək həyatını Nyu-Yorka həsr etmiş mühafizəkar biznesmen : Donald Con Tramp.

Başı qalmaqallardan ayılmayan ulduz amerikalını təhlil etməzdən əvvəl liderin doğumundan bu günə qədərki həyatına qısaca nəzər salaq. 14 iyun 1946-cı il, Nyu-York ştatının Kuins şəhərində biznesmen, inşaatçı-investor Frederik Krist Trampla evdar qadın Meri Enn Maklaudun ailəsində anadan olub. Ata xətti ilə alman, ana xətti ilə isə şotland kökənlidir. İki qardaşı və iki bacısı var. Kiçik qardaşı Fred narkotik aludəçiliyindən vəfat edib. Sonra gəlir Robert və bacıları Marianna ilə Elizabet. Bu Marianna federal apelyasiya məhkəməsinin hakimi, bacısı oğlu Devid Dezmond isə ABŞ-da məşhur neyropsixoloq və yazıçıdır.

Uşaqlığına gəldikdə, Tramp Kuinsdə Forest-Hilsdə Kyu-Forest məktəbində oxuyub. Macəralarla dolu həyatı 13 yaşındakı çətinliklərlə başlayıb. Deyilənə görə, Tramp ailəsi Donaldın enerjisini düzgün idarə edə bilməkdən ötrü məktəb-internata - Nyu-York Hərbi Akademiyasına göndərib. Gənc Tramp burada boş dayanmayıb, müxtəlif mükafatlara layiq görülüb. 1962 və 1963-cü illərdə futbol, 1962-1964-cü illərdəsə beysbol komandalarında oynayıb və hətta komandanın kapitanı belə olub. Üstəlik, məşhur beysbol məşqçisi Ted Dobias 1964-cü ildə onu prestijli "Məşqçi" mükafatı ilə təltif edib.

Gələcəkdə lüks həyatı vərdişə çevirəcək bu şəxsin yeniyetməliyi yetərincə qəribə və bir o qədər də adi keçib. Məsələn, məktəb vaxtı müəlliminə yumruq atan adamın 1964-cü ildə, məzun olduqdan sonra zabitlikdən imtina etməsi də maraqlı məqamlardandır. Ancaq Donaldın xəyalı film istehsalçısı olmaqmış. Əslində bu xəyalların ardındakı gücə diqqət etsək, Trampın qarşısına qoyduğu hədəflərin əsaslı olduğunu görərik. Çünki o dönəmlər atası Fred Trampın biznes sahəsindəki uğurları günbəgün böyüyürdü. Söhbət təxminən iki yüz milyon dollarlıq sərvətdən gedir! Vyetnam müharibəsi başlayanda ayağındakı topuq tikanından dolayı döyüşlərə aparılmayan gənc sonrakı illər ərzində biznes təcrübəsinə yiyələndikcə, atasının milyonlarla dollarlıq sərvətini düzgün istifadə etməyi bacarır. Zatən biznes layihələrində daim valideyninin yanında yer alan Tramp 1971-ci ildə Fredin “Elizabeth Trump & Son Co.” adlı şirkətini alıb adını “The Trump Organization” olaraq dəyişir. Beləliklə, onun addəyişmə rutini bu cür formalaşır.

Qəribəliklərlə dolu ömür yaşamış Donaldın evlilikləri haqda da bir-iki kəlmə danışaq. Deməli, üç dəfə ailə həyatı qurub. İlk evliliyini Çexoslovakiyalı model, yazıçı və biznes-ledi İvana Mariya Zelnikova ilə yaşayıb. 1977-1992-ci illəri əhatə edən bu müddətdə üç övladı dünyaya gəlib: Donald Con Tramp – kiçik, İvanka Tramp və Erik Tramp. Maraqlıdır ki, Donald ilk həyat yoldaşının ikinci əridir və xanımı ondan sonra da iki dəfə ailə qurub. Lakin ən uzunmüddətli evliliyi Trampla olub. Ümumilikdə dörd dəfə ərə gedən xanımın həyat yoldaşları da üç ayrı millətin nümayəndəsidir.

İvana Trampın dörd evlilik yaşamasına rəğmən, hələ də Tramp soyadında qalması kimi məsələləri bir kənara qoyub Donaldın ikinci ailə həyatına nəzər salaq. 1993-cü ildə nikaha girdiyi amerikalı teleaparıcı, xeyriyyəçi, aktrisa və biznes-ledi Marla Meyplsdən Tifani Tramp adlı bir qız övladı var. Təsadüfə bax ki, cütlük hələ evlənməzdən öncə aktrisa 1986-cı il istehsalı “Yüksək sürət” adlı filmdə ikinci qadın rolunu canlandırıb. Bu münasibət 1999-cu ilədək davam edir. Lakin altı ildən sonra Donald Tramp yenidən ailə həyatı qurur. Budəfəki xanımı isə sloveniyalı dizayner, fotomodel Melania Tramp olub və bu münasibətdən Baron Uilyam Tramp adlı bir oğulları dünyaya gəlir. Melania Donald Trampın üçüncü xanımı olmaqla yanaşı, ərinin prezident seçilməsi ilə həm də ölkənin birinci xanımına çevrilir. Lakin demək olarmı ki, Donaldın uğur hekayəsi rəhbərliyə çatması ilə başlayıb?

Onun öz qeydləri belə düşünməyə əsas vermir. Məsələn, həmmüəllifi olduğu “Heç vaxt təslim olma” kitabında o yazır: “İllər əvvəl özüm üçün bir kəşf etdim: biznes ətrafdakı dünyanı dərk etmək üsullarından biridir. Onun mahiyyəti məhz bundadır. Biznesə belə münasibətim əvvəllər heç təsəvvürümə belə gətirə bilmədiyim imkanlar açdı. Dünyaya inkişaf edən bazar kimi baxmağa başladım. Bu, sanki bədahətən yaranan aydınlıq və həyatın mahiyyətinə varmaq imkanı idi. Belə yanaşma avtomatik olaraq dünyagörüşümün səviyyəsini genişləndirdi”.

Görünən odur ki, hazırda böyük oğlu Trampın başçılıq etdiyi “The Trump Organization” Donaldın rəhbərlik öncəsi hazırlıq məkanıymış. Axı dünyanın ən müxtəlif məkanlarında bir-birindən fərqli və möhtəşəm hotellər inşa etmək çətin olmaqla yanaşı, risklərlə doludur. Bu şəxs 1990-cı ilin əvvəlləri karyerasının ən gərgin anlarında, təxminən bir milyard dollarlıq borc içində qaldığı bir dönəmdə geri çəkilmək əvəzinə, yeni layihələrə başlamaq üçün gecəyarı konfrans keçirib və məhz həmin böhrandan uğurla çıxa bildiyi üçün Ginnesin Rekordlar Kitabına adını yazdırmağı bacarıb. Təbii, istəyərək yox. 

Onun bəzi adətləri də başına gələn əcaib hadisələr qədər maraqlıdır. Misal üçün, o, hər il çəkdiyi rəsm “əsərlərini” – bəli, doğru eşitdiniz, Tramp öz cızma-qaralarını rəsm əsəri hesab edir – şəxsi imzası ilə “Tavern On the Green” restoranında “Aclığa qarşı cızmaqara” hərracına bağışlayır. Beləliklə, hərracdan qazanılan məbləğ xeyriyyəçilik üçün sərf olunur. Bu cür əsərlərin qiyməti bəzən min dollara çatır. Yeri gəlmişkən, keçmiş prezident şəkil çəkmək kimi bacarığının olmadığını özü də etiraf edir. Lakin ABŞ rəhbərliyinəcən keçdiyi keşməkeşli yollardan danışırıqsa, onun bu günə qədər rol aldığı müxtəlif filmlərə də toxunmaq lazımdır. Az əvvəl dediyimiz kimi, Donald hələ uşaqlıqdan film istehsalçısı olmaq istəyirdi. Bəlkə də bu səbəbdən “Bel-eyrin yeni şahzadəsi”, “İş”, “Gözlənilməz Syuzan”, “İki həftəlik qeyd”, “Evdə tək-2: Nyu-York macəraları” kimi film və seriallarda ya bir neçə kadrda görünmək, ya da rol almaq istəyib. Məsələn, “Evdə tək-2” filmində Kevin MkKallisterin valideynlərindən xəbərsiz gəldiyi “Plaza” hoteli o dönəm Donald Trampa aid idi və deyilənə görə, Tramp bu çəkilişlərə kadrlardan heç deyilsə, birində görüntülənmək şərtilə icazə verib.

Ancaq Trampın məşhurluq eşqi təkcə film və seriallarla bitmir. O, müxtəlif janrlı proqramların təşkilatçısı olub. Misal üçün, “Namizəd” realiti-şousu… Günlərin birində Mark Bernet adlı prodüser ona yeni əməkdaşlıq təklif edir. Yarışma xarakterli proqramın motivi ölüm-qalım mübarizəsiydi. Deməli, qələbəyə iddialı olan şəxslər on üç həftə ərzində, real zamanda müxtəlif sınaqlardan keçəcək, qalib isə “Tramp Organization”da işə qəbul ediləcəkdi. Donald əvvəllər də “Miss Kainat”, “Miss ABŞ”, “Miss Tineycer” kimi müxtəlif şou proqramları yayımlamışdı, ancaq budəfəki yarışmada Trampın yer almasına, belə görünür ki, aparıcı və NBC şirkətindən savayı kimsə razı deyilmiş. Gəl gör ki, o realiti-şounun ilk on dörd sezonunu yayımlayır və hər şey gözlənilənin əksinə, yüksək reytinqlə tamamlanır.

“Əgər siz məşhur adam deyilsinizsə, realiti-şounun uğursuzluğu sizin üçün faciəyə çevrilməyəcək. Mənimsə itirə biləcəyim çox şey vardı. Əgər risk etməsəydim, şouda iştirakımla bağlı məsləhətləri qulaq ardına vurmasaydım, bütün bunlar olmayacaqdı” deyə Donald Tramp öz qeydlərində yazır.

Yeri gəlmişkən, “Wrestlemania” adlı bir idman proqramı da var ki, dünyanın ən nəhəng auditoriyalı yarışlarından sayılır və 2007-ci ildə proqramın 23-cü bölümündə Donaldla aparıcı Vins Makmahon matçın nəticələrinə görə baş qırxmaqdan mərcə gəlirlər. Ancaq Makmahonun bəxti gətirmir. Nəticəni isə özünüz dəyərləndirərsiniz...

ABŞ prezidentinin maraqlı həyat tarixçəsi yalnız əyləncələrdən ibarət deyil. Əgər bu tarix adamın keçmişindən danışırıqsa, gərək xatırlayaq ki, Tramp ABŞ prezidentləri içində ardıcıl iki dəfə impiçment elan olunmuş yeganə liderdir. Maraqlıdır ki, Tramp həmişə respublikaçı olmayıb. Onun prezidentliyə maraq göstərməsi 1980-ci ildə Ronald Reyqanın hakimiyyətini dəstəkləməsi ilə başlayır. 1988, 2004 və 2012-ci illər ərzində namizədlik üçün adı verilsə də, seçimlərə ilk dəfə 2000-ci ildə qatılır. Həmin seçimləri Corc Buş qazanır. İkinci dəfə qatıldığı və Hillari Klintonla rəqib olduğu 2016-cı il seçimlərində isə o, Ronald Reyqanın sloqanını seçir: “Make Amerika Great again” və ya “Amerikanı yenidən böyüdək!”... Bir il sonra, yanvarın 20-də andiçmə mərasimi olur və prezidentliyə başladıqdan az sonra ölkəni çalxalayan qərarlar verməyə, müxtəlif səlahiyyətli şəxsləri işdən çıxarmağa, gah beynəlxalq səviyyədə qarşıdurmalara səbəb olan, gah da dünya mediasını ağzıaçıq qoyan çıxışlar etməyə başlayır. Söhbət onun təkcə Şimali Koreya kimi qapalı bir ölkənin rəhbəri ilə görüşməsindən getmir.

Trampı boş yerə Vladimir Putinin psixo-rəqibi adlandırmırıq. Xarakter etibarilə alfa sayılan bu şəxs irqçilik və cinsiyyətçilikdən əlavə, deyəsən, həm də İslamafobdur. Onun qəribə daxili siyasətini elə bir o qədər də əcaib görünən xarici siyasəti tamamlayır. Məsələn, Amerikanın Asiya ölkələri ilə ticarət müqaviləsi olan Trans-Sakit Okean Tərəfdaşlığından çıxıb. Paris İqlim Sazişi, Açıq Səma Sazişi, Orta Mənzilli Nüvə Gücü Sazişindən geri çəkilib. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurası, Ümumdünya Səhiyyə Təşkilatı və UNESCO-nu tərk edərək Amerika, Kanada və Meksika arasındakı NAFTA müqaviləsinin əvəzinə yeni bir razılaşma (USMCA) imzalayıb.

Əcaib siyasət deyirik, çünki prezidentliyi zamanı sosial mediada bu cür aktiv olan ikinci ABŞ rəhbəri görə bilməzsiniz. Adam az qala müharibə elanını da Tvitter hesabından paylaşır, etirazçılara öz təbirincə söz atır. Bu aktivliyinə rəğmən, Trampın media ilə arasının yaxşı olduğunu demək də çox doğru sayılmaz. O, bir çox nüfuzlu media orqanını saxta xəbərlər hazırlamaqda ittiham edib, jurnalistləri verdikləri suallara görə danlayıb, hətta Ağ Evə giriş icazələrini belə ləğv edib. Bəs ancaq bunlardırmı? Yox. Sıralayaq. Əvvəlcə İranla nüvə sazişindən çıxır. Sonra İŞİD lideri Əbu Bəkr əl-Bağdadi və İran İnqilab Keşikçiləri Komandanı Qasım Süleymaninin öldürülməsi əmrini verməklə iki ölkə arasındakı durumu gərginləşdirir.

Tramp prezident seçilən il kütləvi qadın marşları başlayır. Etirazçılar Trampın qadınlarla bağlı bəzi sərt çıxışlarını həzm edə bilmir. Yarım milyona yaxın etirazçının iştirakıyla Vaşinqton ştatında başlayan yürüşlər tezliklə dünyanın dörd bir yanına yayılır. Ümumilikdə dəstək mitinqlərindəki iştirakçı sayı isə 4.8 milyona çatır. Təkcə ABŞ-da 673 etiraz mitinqinin təşkil edildiyi deyilir...

Donald Trampın məğlub olduğu 2020 seçkilərini qısaca gözdən keçirək. Deməli, bəzi bölgələrdə səs sayı təkrar-təkrar yoxlanılır. Həyatını Nyu-yorka həsr edən Tramp Baydenə hər yerdən əvvəl burada uduzmuşdu. O, elə 2016 seçkilərində də Nyu-york dairələrini Klintona təslim etmişdi. Onun əsas səs üstünlüyünü Texas, Oklahoma, Missuri, Florida və Karolina ştatlarında görürük. Daha doğrusu, sahil ştatları Baydenə, daxili ştatlarsa Trampa səs vermişdi. Bunun səbəbi ABŞ-ın mərkəzinə doğru getdikcə Respublikaçıların üstünlük təşkil etməsidir. Qutular açıldıqca Demokratlar liderliyi ələ alır. Donald bəzi dairələrdə səslərin yenidən sayılmasını tələb edir. Məsələn, Corciya ştatı. Tramp bu ştatı itirdiyinə inana bilmir. Ştat katibi Bred Raffensperqeri sıxışdırmağa çalışır ki, səsləri onun xeyrinə dəyişsin. Ancaq Raffenspergerin bir neçə saat sonra paylaşdığı tvit heç də ürəkaçan olmur: “Hörmətli Prezident Tramp, Sizin dediyiniz doğru deyil. Həqiqət üzə çıxacaq”.

Dairələr bir-bir itirilir... Nəhayət,  noyabrın 7-si Bayden qazanmaq üçün lazım olan 270 seçici səsini toplayaraq qalib gəlir. Lakin sayım davam edirdi, özü də Trampın zərərinə. 270 oldu 280, sonra 300 və nəhayət, 306. Donald isə 232 səsdən irəli gedə bilmədi. Onun etiraz və məhkəmə hədələri daha öz bəhrəsini vermədi. Ancaq prezidentin öz səlahiyyətlərinin icrasına başlaması üçün konkret bir tarix var – 20 yanvar. Deməli, həmin vaxtadək Tramp hələ bəzi dairələrdə yenidən sayım üçün gündəm yarada bilərdi və yaratdı da. Elə yaratdığı üçün də 5 yanvar 2021-ci il tarixindən etibarən ölkədə kütləvi etiraz dalğası başladı. Vaşinqton ştatını “Amerikanı qoru” adlı yeni bir protest dalğası bürüdü. Etirazçılar seçkinin nəticələrinin ləğv olunmasını tələb edirdi. Əvvəlcə Ellips parkına toplaşan kütlə bir gün sonra ABŞ Konqresinin binasına hücuma keçdi. Tramp və Rudolf Culianinin nitqləri sona çatmamış etirazçılardan ibarət kütlə Konqresə doğru cumdu. Konqres bu vaxt sessiyada idi. Sessiyada Seçicilər Kollegiyası səslərinin sayılması məsələsinə baxılırdı. Lakin həmin an Kapitoli kompleksinin bir neçə binası təxliyə edildi və etirazçılar Milli Heykəltəraşlıq Zalı da daxil olmaqla, Konqres Binasına girmək üçün təhlükəsizlik qaydalarını pozdular. Sonda kompleksdəki bütün binalar kilidləndi, Kapitoli binası içində bir nəfər silahla vuruldu, Respublikaçılar Partiyasının qərargahından bir neçə blok kənarda əldəqayırma partlayıcı qurğu tapıldı. Tramp əvvəlcə Baydenin qələbəsini ləğv etmək üçün Konstitusiya gücünə sahib olmayan vitse-prezident Mayk Pensi qınadı ki, ölkə və Konstitusiyanı qorumaq üçün lazımi şeyləri etmir. Ancaq qınaq nəticə verməyəndə, saat 04:22-də o, öz tərəfdarlarına etdiyi video-müraciətdə "sakitcə evlərinə getmələrini" istəməyə məcbur qaldı. 14 polisin yaralanıb, 52 nəfərinsə həbs edildiyi bu etiraz Amerika tarixinə çevriliş cəhdi kimi düşə bildimi? Bunu demək çətindir. Amma bir şey dəqiqdir: Hollivud bulvarında ayaq izini qoyduran Tramp öz adını ABŞ tarixinə ölkənin ən zəngin, ən qalmaqallı və çılğın, bir o qədər də kobud prezident kimi yazdırmağı bacardı..

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR