26 yanvarda Lənkəranda nələr baş vermişdi?

# 15:37
26 yanvar 2023

1990-cı ilin 20 yanvarında Bakıda dinc əhaliyə divan tutan ordu bir neçə gün sonra yanvarın 25-də Lənkəranlılara da eyni dəhşəti yaşatdı. Haftoni meşələrində dinc sakinlər qanına qəltan edildi. Həmin vaxt azadlıq hərəkatı geniş vüsət almışdı. Rus hərbçiləri xalq hərəkatı nümayəndələrindən guya onlarda olan silahları qeyd-şərtsiz təhvil verməyi tələb edir, dinc əhaliyə divan tutmaqla hədə-qorxu gəlirdilər.

Kütləvi qırğının qarşısını almaq üçün vətənpərvər lənkəranlılar sovet ordusunun diqqətini yayındırmaq məqsədilə Haftoni meşələrinə çəkildi. İmperiyanın qoşunları meşədə əliyalın sakinləri mühasirəyə alıb hücum təşkil etdi.

Sovet qoşununun özbaşınalıqlarına qarşı çıxan könüllülər adi ov silahları ilə də olsa, onlara müqavimət göstərməyə çalışırdı. Əsas məqsəd rus hərbiçilərini şəhərdən uzaqlaşdırmaqla nahaq qanın tökülməsinin qarşısını almaq idi. Nəticədə Haftoni meşələrinə çəkilən Vaqif Məmmədov, Salman Baxşıyev, Şahin Məmmədov, Rahim Məmmədov və Rövşən Bədəlov şəhid edilir. Mühasirəyə düşdükdən sonra sağ ələ keçirilənləri vəhşicəsinə döyə-döyə vertolyota qoyub apardılar.

Vaqif Ağayev hədə-qorxulara və ölüm təhlükəsinə baxmayaraq, tarixi kadrları çəkməyə müvəffəq olur. O, meşədə qeyri-bərabər atışmada ölənləri və yaralananları lentə almaq üçün məscidə və xəstəxanaya yollanır. Bu vaxt isə onun özü artıq axtarışa verilmişdi.

Ümumilikdə, həmin vaxtlarda Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalanlardan 11-i lənkəranlı idi. Onlardan 5-i, yanvarın 19-dan 20-nə keçən gecə Bakı küçələrində şəhid olub. Azadlıq hərəkatının 46 üzvü isə Rusiya həbsxanasına göndərilib.

Bu gün həmin hadisələr 11 şəhidin şəhadət günü, milli azadlıq hərəkatının hünər salnaməsi kimi xatırlanır.

33 ildir ki, yerli sakinlər Lənkərandakı Şəhidlər Xiyabanını ziyarət etməklə, Vətən uğrunda şəhid olan həmyerlilərinin xatirəsini əziz tuturlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR