5:32 / 6:36 Uşaqlarımız Azərbaycan dilində dinləməyə niyə mahnı tapmırlar?

# 11:35
12 sentyabr 2023

 Yəqin xatırladınız. Hər birimizin uşaqkən eşitməyə adət etdiyimiz mahnılardan biri. Bəs indi necə? Bu mahnılar kimi öz dövrünə damğa vuran uşaq mahnıları bəstələnirmi? Hər gün görürük ki, uşaqlarımız xarici cizgi filmlərində onlara təqdim olunan mahnıları dinləyir, əzbərləyirlər. Bəs yerli uşaq mahnılarımız niyə dillər əzbəri olmur? Göründüyü kimi, öz mahnılarımızı bilən uşaq tapmaq çətindir. Mahnılar var, uşaqların xəbəri yoxdur? Yoxsa mədəniyyətin bu sahəsi tamamilə unudulub? Bu suallara cavab tapmaq üçün bəstəkarlarla danışdıq. Bildirildi ki, uşaqlar üçün mahnılar bəstələnsə də, üzə çıxarmaq çətin olur. Günah isə bəstəkarlarda deyil. Elnarə Dadaşova deyir ki, bu sahədə uşaq xor kollektivləri olsa, bəstəkarın da işləri müəyyən qədər yüngülləşər. Bəstəkar öz yazdıqlarını həmin kollektivlərə təqdim edə bilər. Bundan başqa, bəstəkarlara bu məsələlərdə dəstək də verilmir. Bəstəkar Firudin Allahverdi isə günümüzdə uşaq mahnıları və cizgi filmlərinin ayrılmaz anlayış olduğunu bildirdi. Bəstəkar onu da qeyd etdi ki, uşaqlar üçün yaradılması lazım olan cizgi filmləri və mahnılar müasir texniki standartlara cavab verməlidir. Məzmun, görüntü, səs əyləncəli və keyfiyyətli olmalıdır, əks halda uşaqlar bunu sevməyəcək. Bunun üçün də rejissor, rəssam, bəstəkar və şairlər sınanılmalıdır ki, bu işlərdə zamanla keyfiyyətli işlər yaransın. Bəlkə də bəzi tamaşaçılar “uşaqların xarici dillərdə cizgi filmlərinə baxmağı və mahnı öyrənməyi niyə pisdir ki?” - deyə fikirləşirlər. Təbii ki, xarici dil bilmək, müxtəlif cizgi filmlərinə baxmaq, mahnılar dinləmək yaxşı haldır. Ancaq öz yerli mədəniyyətinə, folkloruna, dilinə bələd olmaq şərti ilə. Psixoloqlar da bildirir ki, dövrümüzün uşaqları dinamik ritmli, monotonluqdan kənar mahnıları sevirlər. Uşağın ana dili nədirsə, ailədə hansı dildə danışırsa, onun dinlədiyi mahnı və baxdığı cizgi filmlərin də eyni dildə olmağı psixoloji inkişaf və qavrayış üçün yaxşı haldır. Balacaların öz dilinə yox, xarici dillərə üstünlük verməsi ürək ağrıdır. İstənilən halda bu qədər həssas bir məsələdə xarici bazara uduzmağımız, uşaqlarımızın folklorumuzdan, milli kimliyimizdən uzaq böyüməsi gələcək təhlükələrdən xəbər verir. AYNUR QARA APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR