Azərbaycanda tərəzi olmayan bazar: Hər şey vedrə ilə satılır - APA TV

# 16:03
3 avqust 2022

Qəbələ rayonunda 30 ilə yaxındır ki, ölçü vahidi kimi tərəzidən yox, yalnız vedrədən istifadə olunan bazar fəaliyyət göstərir.

 

APA TV-nın yerli bürosunun xəbərinə görə, bu alış-veriş məkanı Qəbələnin Vəndam qəsəbəsi ərazisində yerləşən məşhur "Vedrə bazarı"dır. Qəbələ-Bakı yolunun kənarında yerləşən bu bazarın əsas alıcıları rayona gələn yerli və xarici qonaqlar, turistlərdir.

 

"Vedrə bazarı"nda meyvə-tərəvəz məhsulları, çərəzlər, bir sözlə hər şey vedrələrdə satılır. Vedrənin çəkisi dəyişsə də, qiymət dəyişmir. öz dilləri ilə desək, bu rəngarəng, səliqəli bazarda, bircə can dərmanı əskikdir, qalan hər şey var.

 

Bu bazarda təkcə vedrədə satılan meyvə-tərəvəz deyil, qış tədarükləri də var. Bala qoyulmuş qoz ləpəsi, itburnu çiçəyinin mürəbbəsi, təzyiq üçün dərman, bəkməz, qızılgül suyu, bənövşə çiçəyinin mürəbbəsi, dağ çiyələyi mürəbbəsi, şəkər xəstəliyinin dərmanı olan zirinc suyu – bir sözlə, insan üçün faydalı olan nə təsəvvür edirsinizsə, burada tapa bilərsiniz.

 

Onu da qeyd edək ki, yerli sakinlər bu bazarı "Düymə bazarı", "Çəkisiz bazar" və s. kimi adlarla da tanıyırlar.

 

Yerli sakinlərin gəlir mənbəyindən biri də bu bazardır. Xüsusilə yay aylarında bu bazarın müştərilərinin sayı artır.

 

 

Şahnəzər Bəşirov, APA TV, Qəbələ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR