Azərbaycanın “Brüssel” qələbəsi - Ermənistan nələrə razı oldu?

# 18:19
15 dekabr 2021

Ötən gün Avropa Şurasının prezidenti Şarl Mişelin təşkilatçılığı ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü keçirilib. Görüş nəticəsində Ermənistan öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib. Məlumata görə, tərəflər dəmir yolunun işə salınması barədə razılığa gəlib. Bildirilib ki, Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcək. Burada gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə razılığa gəlinib. Paşinyan “Facebook” hesabından "Üçtərəfli görüşdə dəmir yolunun istifadəyə verilməsi barədə razılığa gəldik. Ermənistan da İranla və Rusiya ilə dəmir yolu əlaqəsi əldə edəcək” postunu paylaşıb. Prezident İlham Əliyev İspaniya mətbuatına verdiyi müsahibəsində iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində hazırlıqların görülməsinin vacibliyindən danışıb.

 

Sitat: "Ermənistan istənilən düşmənçilik hərəkətindən, ərazi iddialarından çəkinməli və sülh sazişi üzərində çalışmalıdır. İstənilən halda biz qonşuyuq və bizdən heç kim digər planetə uçası deyil. Biz yan-yana yaşamağı öyrənməli, münasibətlərin, o cümlədən insanlar arasında təmasların normallaşması üçün tədricən zəmin hazırlamalıyıq. Biz açıq şəkildə bəyan etmişik ki, buna hazırıq. Ancaq indiyədək heç bir müsbət siqnal gəlməyib". Sitatın sonu

 

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel isə bəyanatla çıxış edərək bildirib ki, iki ölkə arasında münasibətlər nizama salınmalı, Cənubi Qafqazda sülhün təmin edilməsi üçün Aİ tərəfindən Azərbaycanın təklif etdiyi sülh müqaviləsinə dəstək kimi qəbul edilməlidir.

 

Bəyanatdakı daha bir mühüm məqam odur ki, ilk dəfə olaraq  Aİ-nin gündəliyinə itkin düşmüş şəxslər mövzusu salınıb və onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub. Bu, olduqca vacibdir, çünki birinci Qarabağ Müharibəsi zamanı Azərbaycan tərəfindən itkin düşmüş 4 mindən artıq şəxsin taleyi hələ də məlum deyil.

 

Onu da qeyd edək ki, Aİ tərəfindən sərhədlərin demarkasiyası və delimitasiyası məsələsinə də məşvərətçi statusunda dəstək ifadə olunub, həmçinin, Zəngəzur dəhlizi boyunca dəmir yolunda gömrük və sərhəd nəzarətinin qarşılıqlı prinsip əsasında təşkil olunacağı vurğulanıb. Ənənəvi olaraq danışıqlardan sonra Ermənistan tərəfi yenə də öz həyasız siyasətini işə salaraq Azərbaycanın suveren ərazisi olan Laçın koridoru barədə iddialar irəli sürərək, prosesi ləngitməyə çalışır.

 

Siyasi şərhçi Turab Rzayev deyir ki, Azərbaycan tərəfi dəfələrlə bildirib ki, Azərbaycana Ermənistan üzərindən maneəsiz və kəsintisiz quru və dəmir yolu verməlidir. Onun sözlərinə görə, Ermənistan Laçın dəhlizi ilə bağlı iddialar səsləndirsə də, imzalanan heç bir bəyanatda bununla bağlı maddə yoxdur: “Ermənistan iddia edir ki, bəyanatda Zəngəzur dəhlizi ifadə olunmayıb. Bəli Zəngəzur ifadəsi açıq şəkildə ifadə olunmur. Amma Zəngəzur ərazisindən heç bir maneə olmadan xidmətlərin Ermənistan ərazisindən keçməsi ilə bağlı bənd var. Əgər bəyanatdakı “söz oyunu”na başalayacağıqsa, Ermənistan Zəngəzur ərazisindən dəhliz vermirsə, o zaman biz Laçın koridoru, Gömrük və sərhəd postları tətbiq edəcəyik. Çünki, bəyanatda Laçın dəhlizi ilə bağlı hər hansı bənd də yoxdur. Halbuki bəyanatda Zəngəzur dəhlizi ilə bağlı bənd var. Əgər belə davam etsə, biz də Laçın dəhlizini bağlayacağıq”.

 

Deputat Ceyhun Məmmədov isə bildirib ki, Brüssel görüşündə Avropa İttifaqı bir daha Azərbaycanın mövqeyini dəstəklədi. O əlavə edib ki, Prezident İlham Əliyevin görüş zamanı Zəngəzur dəhlizi ilə bağlı açıqlaması qarşı tərəfə soyuq duş effekti verib: “Biz tam əminliklə deyə bilərik ki, Azərbaycan bu görüşdə də öz möhtəşəm qələbəsini təmin etdi. Bizə lazım olan məsələlər bu görüşdə bir daha vurğulandı. Yəni, Azərbaycanın ərazi bütövlüyü, kommunikasiyaların açılması, minaların təmizlənməsi, Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində addımların atılması məsələləri var idi ki, bu məsələlər bu görüşdə öz əksini tapdı və bu uğurlara sevinmək lazımdır”.

 

Sosial şəbəkələrdə görüş zamanı liderlərin masası ilə bağlı müxtəlif fikirlər bildirənlərə də toxunan deputat qeyd edib ki, müzakirə mövzusu masa deyil, əldə etdiyimiz qələbə olmalıdır: “Çox təəssüf ki, belə yanaşmaları da müşahidə edirik. Amma Azərbaycan Xalqı bilməlidir ki, bu görüş çox vacib nəticələrlə yekunlaşdı. Azərbaycan Brüsseldə növbəti uğurunu cənab Prezidentin qətiyyəti, prinsipial mövqeyi nəticəsində əldə etdi. Bunun üçün biz yalnız sevinməliyik. Mən əminəm ki, birlikdə növbəti uğurlarımıza addımlayacağıq. Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü tam təmin edəcək və xalq daha böyük uğurlara imza atacaq”.

 

Qeyd edək ki, Aİ Şurası Prezidentinin bəyanatında münaqişədən əziyyət çəkən insanlara, xüsusilə reabilitasiya və rekonstruksiya fəaliyyətinə dəstək də ifadə olunub. Bu da olduqca müsbət məqamdır, çünki bu, Azərbaycanın azad olunmuş ərazilərdə həyata keçirdiyi reabilitasiya və rekonstruksiya işlərinə Aİ tərəfindən dəstək veriləcəyi deməkdir.

 

Fuad Sadıqov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR