Azərbaycanın bu şəhərində oturacaqları və ağacları olmayan park var

# 18:28
4 avqust 2023

İsmayıllı şəhərinin mərkəzində yerləşən bu zibilliyi xatırladan park sakinlərin narazılığına səbəb olub. Yeddi il əvvəl salınan Saat meydanı adlanan bu ərazi abadlaşdırılanda şəhərin gözəlləşməsi və sakinlərin istirahəti üçün nəzərdə tutulsa da hazırda burda heç kim dincələ bilmir. Səbəb isə odur ki, parkda oturub nəfəs dərməyə nə bir oturacaq, nə kölgələnməyə bir ağac, nə də idman eləmək və ya velosiped sürmək üçün bir şərait var. Hələ bu da azmış kimi park ərazisini də ətraf küçələri də zibil və sahibsiz itlər cənginə alıb. Sakinlər deyir ki, parkın xeyrindən çox ziyanı var. Onların sözlərinə görə park salınandan sonra köhnə bazar deyilən əraziyə alış-verişə gələn sadə vətəndaşlar maşınlarını saxlamağa yer tapmır. Parkda yaranmış vəziyyətlə bağlı ilk olaraq İsmayıllı Kommunal Təsərrüfat İdarəsinə tərəf yol aldıq. İdarədən bildirildi ki, sözügedən ərazi onların xidmət sahəsinə aid deyil. Bu açıqlamadan sonra problemin həlli və vətəndaşların şikayəti ilə bağlı üz tutduq şəhər bələdiyyəsinə. İsmayıllı bələdiyyəsindən məsələyə belə aydınlıq gətirildi. Açıqlamadan belə aydın oldu ki, sakinlər və bazarda işləyən vətəndaşlar həm də parkın təmizliyinə cavabdehdirlər. Çünki bu boyda şəhərdə park ərazisinin təmizliyinə cavabdehliyi olan bir qurum yoxdur. Təmizliyə həm də ona görə vətəndaş özü cavabdehdir ki, təmizlik insaf məsələsidir. Sakinlərin istirahəti üçün nəzərdə tutulan parkda niyə bircə dənə də olsun oturacaq yoxdur sualına isə nə bələdiyyədən, nə də icra hakimiyyətindən cavab ala bildik. Odur ki, biz də parkın təmizliyini sakinlərin, sakinlərin istirahəti üçün nəzərdə tutulan meydanın abadlığını isə qurumların insafına buraxmaqdan başqa çarə tapa bilmədik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR