Azərbaycanın ən qədim və məşhur kəndlərindən REPORTAJ - APA TV

# 13:47
7 iyul 2023

Bu dəfə sizə Abdal və Gülablı kəndlərindən söz açacağıq. Abdal və Gülablı ölkənin ən məhşur və qədim kəndlərindəndir. İki kəndi bir-birindən ayıran sadəcə avtomobil yoludur. Gülablı kəndi Qarabağın dağlıq ərazisində yerləşir. Kənd vaxtilə Şuşa qəzasının tərkibində olub. Kəndi dağ və meşələr əhatə edir. Kəndin qədimliyi haqqında yazılı mənbələrdə bildirilir ki, yaranma tarixi təxminən VI-VII əsrlərə təsadüf edir. Onu da qeyd edək ki, I Qarabağ savaşında kəndin özü kimi tarixi də erməni terrorunun qurbanına çevrilib. Işğalçılar kənddəki qədim hamamı 30 ilə yaxın bir müddətdə mal tövləsi kimi istifadə edib. Gülablı məscidi kənddəki hamamdan azacıq aralıda yerləşir. Məscid “güney” adlı təbii daşla tikilib. Ümumi xarici görünüşü ilə yerli yaşayış binalarından bir o qədər də fərqlənməyən bu məscid memar Səfixanın yaradıcılıq irsindən xəbər verir. Tarixi abidə memarın əvvəllər tikdiyi minarəsiz məscidlərlə oxşarlıq da təşkil edir. Xüsusilə qeyd edək ki, məscid üzərində aparılmış hərtərəfli müşahidələr və analizlərdən tam əmin olmaq olar ki, binanı Kərbalayi Səfixan Qarabaği tikdirib. Məscidin daxili konstruksiyası və xarici memarlığı xüsusilə, Şuşanın məhəllə məscidlərinə daha çox yaxındır. Məscidin dam örtüyü yerli yaşayış binalarında olduğu kimi dördyamaclıdır. Təsadüfi deyil ki, xanlıq dövründə xan övladlarına dayə və süd anası Gülablı kəndindən tutularmış. Firudin Şuşinski yazırdı: “XVIII əsrdə İbrahim xan Şuşada doğulan hər bir oğlan uşağına Abdal-Gülablı kəndindən dayə və süd anası tutmaq barədə fərman verib. Bu kəndin əhalisinin şücaətini qiymətləndirən Qarabağ xanının bu fərmanına əməl olunması, oğlan uşaqlarının hünərli olmasına səbəb olmaqla yanaşı, həm də Abdal- Gülablıdakı gözəl səsə malik nəsillərin, Şuşada ecazkar səsli xanəndələrin yetişməsinə təsir edəcəyi düşünülürdü. Bu kənd də ermənilərin talançılıq siyasətinin qurbanı olub. Habil aslanoğlu, ziya İsmayılov APA TV - AĞDAM

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR