Bakıdan Balakənə narkotik gətirməyə getdi, amma...
Balakəndə əcnəbi narkotacirə kuryerlik edən şəxsdən 10 kiloqram narkotik götürülüb.
APA TV-nin məlumatına görə, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat zamanı Bakı şəhər sakinləri - əvvəllər bir neçə dəfə məhkum olunmuş Nurlan Rzayev və Elçin Kərəkməzli, eləcə də Sumqayıt sakini Zaur Rzayev saxlanılıb. Taksi fəaliyyəti ilə məşğul olan Zaur Rzayevin idarə etdiyi “Toyota” markalı avtomobildən 7 kiloqram 400 qram qurudulmuş marixuana, 2 kiloqrama yaxın heroin və 312 qram metamfetamin aşkarlanıb. Şəxsi axtarış zamanı Nurlan Rzayevdən isə heroin götürülüb.
İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Nurlan Rzayev qonşu ölkələrdən birində yaşayan şəxs vasitəsilə narkokuryerliyə cəlb olunub. Sonuncu dəfə isə həmin əcnəbi şəxsin narkotik vasitəni Balakən rayonu ərazisindən Gürcüstana keçirmək cəhdi baş tutmadığından o, kuryerindən Balakəndə olan narkotik vasitəni götürüb, Bakıya aparmasını istəyib. Bunun qarşılığında isə Nurlana 5 min manat verəcəyəni bildirib. Razılığa gəldikdən sonra Nurlan Rzayev tanışları Zaur Rzayev və Elçin Kərəkməzli ilə Balakənə gəlib, narkotik vasitəni “WhatsApp” üzərindən ona göndərilən şəkillərdə göstərilən yerdən götürüb, geri qayıdarkən polis əməkdaşları tərəfindən saxlanılıblar.
Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.
Vüqar Heydərov, Əhməd Fərruxoğlu APA TV