Bu evlərin yanından keçərkən diqqətli olun – Başımızın üstündəki təhlükə

# 15:51
25 may 2023

Bakının Nəsimi rayonu, Azadlıq prospekti 32 ünvanındakı binanın eyvanından düşən beton parçası 31 yaşlı Əminə Nəzərlinin xəsarət almasına səbəb oldu. Qəzalı binadan düşən beton parçası az qala bir nəfərin həyatına son qoyacaqdı. Bakıda bundan əvvəl də qəzalı binalardan düşən daş-kəsəyin insanların xəsarət almasına, hətta ölümünə səbəb olduğu barədə xəbərləri hamımız eşitmişik. Şəhərimizdə 1000-ə yaxın qəzalı bina var.

Ərazidə yaşayan sakinlər sözügedən evin illərdir belə qəzalı vəziyyətdə olduğunu bildirdilər.

Vəziyyətlə bağlı Nəsimi rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq, sözügedən evin 15 saylı Mənzil İstismar Sahəsinin nəzarətində olduğunu dedilər. 15 saylı MİS-dən isə bildirdilər ki, həmin ev bir neçə il bundan əvvəl RTZ tikinti şirkəti tərəfindən alınıb, lakin indi həmin şirkət ortada yoxdur. Adıçəkilən tikinti şirkəti ilə bağlı bir az araşdırma apardıqda, adının qalmaqallarda hallandığının şahidi olduq.

Belə məlum olur ki, nə bu qəzalı evin, nə də onun yaxınlığından keçən insanların taleyi heç kimi narahat etmir.

Ancaq bu cür qəzalı vəziyyətdə olan tikililəri təkcə Nəsimi rayonunda deyil, Bakının bir çox yerində görmək mümkündür.

Təhlükəsizlik üzrə ekspert Samir Nəbiyev qəzalı vəziyyətdə olan tikililərin piyadaların həyatı üçün hər zaman böyük təhlükə yaratdığını vurğulayıb.

Ekspert qəzalı evlərin yaxınlığından keçərkən vətəndaşları ehtiyatlı davranıb öz qayğılarına qalmağa çağırıb.

Daha əvvəllər olduğu kimi bu və ya digər qəzalı evlərin faciəyə səbəb olmadan tezliklə bərpa olunacağına sadəcə ümid edirik.

ORXAN ASLAN
KAMRAN NAMAZOV
HƏZRƏT BAYRAMLI
APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR