Bu kəndin sakinləri bu ili də soyuqda keçirəcəklər

# 20:38
4 noyabr 2021

Lerik rayonunun Babagil kəndi. Füsunkar təbiət, dağlarla əhatə olunan mənzərə, bol yaşıllıq, təmiz hava. İlk baxışdan gözəlliyinə valeh olduğumuz kəndin sakinləri payız və qış mövsümündə heç də gözəl yaşamır. Çünki mavi yanacağa həsrət qalan gözləri gözəllik yox, oduncaq axtarır. 

Ta qədimdən Babagildə təbii qaz olmayıb. Bu kənd magistral yoldan 800 metr, magistral qaz kəmərindən isə cəmi 3 km uzaq yerləşir. Qazlaşdırılmayan kənddə camaat məcbur olub meşəyə üz tutur. Nəticədə həm təbiətə ziyan dəyir, həm də sakinlər cərimələnir. Müsahiblərimizin hamısı meşələrin qırılmasına qarşı olduqlarını ürək yanğısı ilə bildirdilər. Bir başqa çıxış yolu oduncaq almaqdır, ona da pul çatdırmaq olmur. 

Kənd sakinlərini indidən dərd götürüb ki, qarşıdan gələn qış mövsümündən necə çıxacaqlar. Əhalinin mavi yanacaq probleminin həll olunub-olunmayacağını aidiyyəti qurumların rəsmilərindən soruşduq, aldığımız cavab problemin aradan qalxacağına ümid yaratdı.

Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri Mirabbas Vəliyev deyir ki, ərazidə layihə işləri aparılıb: “İndiki durduğumuz yerdə, əsas xətt burada yerləşir, əsas magistral xətdir. Burdan bizim kəndə qədər olan məsafə 3 km-dir. Kəndimizdə də, dediyim kimi 315-320 nəfər əhali var. Buradan da ora 3 km-dir. Gəlib baxıblar, layihə işləri də aparılıb, çox güman ki, qeydiyyata salıblar. Çəkiliş işlərini gözləyirik. Hər halda layihə-smeta sənədləri aparılıbsa, çəkiliş də olacaq.”

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib ki, yaxın gələcəkdə məsələ öz həllini tapacaq: “Babagil kəndi 2022-ci ilin hazır olan siyahısında qazlaşma prosesinə görə  nəzərdə tutulmayıb. Amma Lerikin 2022-ci il üçün 7 kəndinin qazlaşdırılması layihəyə salınıb. Bu işlərin hamısı mərhələli şəkildə davam edir. Babagil kəndi 2023-cü ildə qazlaşacaq kəndlərin siyahısına daxil edilib. Ona görə də vətəndaşlar, sakinlər rahat və səbirli olsunlar, o kəndin də qazlaşdırılması “Azəriqaz” İstehsalat Birliyinin gündəmindədir.”

Yəqin ki, bu xəbər Babagil sakinlərini sevindirdi. İndi qalır 2023-cü ili gözləmək. 

Tural Kərimov, Rövşən Əzimov, APA TV,  Lerik

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR