Cəlilabad, Ağdaş və Qusarda şəhidlərimiz dəfn edilib

# 15:40
16 sentyabr 2022

Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Hüseynalı Hikmət oğlu Nəbiyev dəfn edilib.

 

APA TV - nin cənub bürosunun verdiyi xəbərə görə, Cəlilabad rayonunun Bəcirəvan kənd sakini, 1999-cu il təvəllüdlü Hüseynalı Nəbiyevin nəşi doğulduğu kəndə gətirilib.

 

Onunla vida mərasimi keçirilib. Sonra şəhid doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində şəhid yaxınları ilə yanaşı rayon rəsmiləri, hərbçilər, yerli sakinlər iştirak edib.

 

Qeyd edək ki, şəhid Hüseynalı Nəbiyev subay idi.

 

Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı yönəlmiş təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu (MAXE), 2002-ci il təvəllüdlü Qurbanov Xəqan Daşqın oğlunun nəşi Ağdaş rayonuna gətirilib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, şəhid Xəqan Qurbanovla vida mərasimi onun Abad kəndindəki evində keçirilib, cənazə namazı qılınıb, ruhuna dualar oxunub.

 

Mərasimdə şəhidin ailə üzvləri, rayon rəhbərliyi, hərbçilər, qazilər, şəhid valideynləri, ictimaiyyət nümayəndələri iştirak edib. Vətən uğrunda canından keçən Xəqan Qurbanov "Şəhidlər ölməz, Vətən bölünməz", "Qarabağ bizimdi, bizim olacaq" şüarları ilə son mənzilə yola salınıb, cənazənin üstündəki üçrəngli Azərbaycan bayrağı şəhidin atası Daşqın Qurbanova təqdim olunub, havaya yaylım atəşi açılıb.

 

Qeyd edək ki, şəhid Xəqan Qurbanov 3 ay öncə hərbi xidmətini başa vurmuşdu və könüllü şəkildə orduda qalaraq Vətənə xidmətini MAXE kimi davam etdirirdi. O, nişanlı idi, ailə qurmağa hazırlaşırdı.

 

Ermənistanın dövlət sərhədində törətdiyi təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, Şair Camal oğlu Heydərov Qusarda dəfn olunub.

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, şəhidimiz rayonun Mucuq kəndində torpağa tapşırılıb. Dəfn mərasimində onun ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qusar Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər.

 

Allah rəhmət eləsin!

 

 

İlkin Rzayev, Rövşən Almazoğlu, Şahnəzər Bəşirov APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR