“Dəmir yumuruq” kompozisiyası hazırlandı

# 15:41
23 oktyabr 2021

Onun hər bir əsəri danışır. Çünki o, təbiətdən qopmuş, bu qurumuş, cansız ağaclara yeni nəfəs verir. Salyanlı  heykəltəraş Rauf  İbrahimov müxtəlif ağac növlərindən sözün əsl mənasında şedevr əsərlər yaradır. 48 yaşlı heykəltəraşın sonuncu əsəri isə  44 günlük vətən müharibəsini tərənnüm edən “Dəmir Yumruq” dur.  Müəllif deyir ki, düşmən üzərində  qələbəmizi simvolizə edən “dəmir yumruq” iki ay müddətində hazırlanıb: “Bu iş “Dəmir yumruq” əsəridir. “Dəmir yumruq” mənfur düşmənimiz erməni işğalçıları üzərində 44 günlük müharibədə qələbənin simvoludur. Burda Azərbaycan tərəfindən müharibədə istifadə olunan hərbi texnikalar, ümumilikdə Azərbaycan xalqının bir dəmir yumruq kimi birliyini göstərir, yəni xalq birləşib müharibədə qələbə çaldı. Həmin onun simvolik kompozisiyasıdır. 2 aya başa gəlib.”

Emalatxanası darısqal olsa müəllif əsərlərini böyük həvəs və sevgi ilə yaradır.  Hər bir əsərin yaradılmasında peşəkarlıq nümayiş etdirən heykəltəraş yaratdığı əsərlərdə şəxsin simasının ətrafında onun yaradıcılığının eskizini verməklə bir sintez yaradır. O deyir ki, əsərlərini fərqli işləməyi sevir: ““Nizami” əsərində onun müxtəlif məşhur əsərlərindən “Leyli və Məcnun” qorelyef üslubunda bir  qabaritli kompozisiya verilib, sonra “Fitnə” əsəri, “Bayquşların söhbəti” heykəldən fərqlənmir, o biri illüstrasiyada bayquşlar arxa fondadır. Mən önə çəkmişəm, padşahla vəziri arxa fonda vermişəm.”

İnanmaq olmur ki, bu əsərlər belə kiçik bir emalatxanada yaradılıb. Rauf müəllim deyir ki, əsərlərinin mötəbər sərgilərdə nümayiş etdirilməsini arzulayır. Təəssüf ki, bu işdə ona yüksək səviyyədə dəstək yoxdur. Hələ ki, əsərlərini satmaq da istəmir. Amma deyir ki, satası olsa 500-3000 manat aralığında qiymət qoya bilər:  “İstərdim ki, əsərlərim sərgilərdə nümayiş olunsun. Xalq görsün. Ona görə də hələ heç bir əsəri satışa çıxarmaq fikrim yoxdur. Əsas fikrim odur ki, əsərlərim çoxalsın ki, şəxsi sərgilər keçirim. Rayonda, Bakıda sərgilər  keçirim ki, dekorativ-tətbiqi sənət ilə yanaşı heykəltəraşlığın da oyma növünü nümayiş etdirə bilim. İşləri işlənmə müddətindən, əziyyətindən asılı olaraq və mürəkkəbliklər nəzərə alınaraq 500-3000 manat dəyərində  qiymət verilə bilər.”

Sənətkar deyir ki, uzun bir müddət sevdiyi işlə məşğul ola bilməyib. Səbəb isə emalatxanasının olmaması imiş. Müəllim kimi çalışdığı məktəbdə ona emalatxana veriləndən sonra isə müəllim öz sənətini şagirdlərinə öyrədir. “Məktəbdə heykəltəraşlıq dərnəyi yaratmışam. Şagirdlərə heykəltəraşlığın yapma və oyma növünü öyrədirəm. Aşağı sinif şagirdlərinə yapma, yuxarı siniflərə isə oyma sənətinin sirlərini öyrədirəm.”

Ağac üzərində oyma sənəti ən qədim və geniş yayılmış dekorativ tətbiqi sənət  növlərindən biridir

Əlibəy Zeynallı, Elçin Həsənov

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR