Əkin var, su yox: içməyə də su tapmayan kənd - ARAŞDIRMA

# 13:30
20 aprel 2021

Mindən çox təsərrüfatı olan Saatlının Mircəlal kəndinin sakinləri əkinlərini suvarmaq üçün su tapa bilmirlər.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, su qıtlığı səbəbindən  məhsuldarlığın aşağı düşməsi kənd əhalisinin həyat şəraitinə mənfi təsir göstərə bilər.

Bundan başqa, içməli su mənbəyi olan suvarma kanallarında suyun olmaması həm də sakinlərin içməli su ilə təminatında problem yaradır. Sakinlər içməli suyu əlavə pul xərcləməklə, maşınlarla alırlar. Aidiyyəti qurumları edilən müraciətlər isə heç bir nəticə vermir.

Kənd sakini Elşad Həşimov deyir ki, heyvanlarımızı suvarmağa belə suyumuz yoxdur: “Taxılı suvarma vaxtıdır amma inanmırıq biz məhsul əldə edə bilək. Mircəlal kəndinin 2 min hektardan artıq torpaq sahəsi var. Götürəndə yarısı 1000-1200 hektarı suvarılır. Suyun gəlməməsinə səbəb, deyilənə görə, İmişlidən (Arazdan) “lotok” kanalı ilə döndəriblər hansısa bir məmurun 12 min hektar sahəsinə gedir”.

Arif  İmanov isə heç içməyə də su tapmadıqlarını deyir: “Biz nəinki əkinimizi suvarmağa, heç özümüz də içməyə belə su tapmırıq. İçməli su, heyvanları və əkini suvarmaq bu kanal vasitəsilədir. Bu kanalda aydan artıqdır ki, su yoxdur. Bu kanalın da üzərində 100-120 təsərrüfat var. Kartof, soğan, pambıq, yonca əkirik. Su tapmadığımız üçün bu əkinlərdən yararlana bilmirik. Susuzluqdan ağaclarımız, hər bir əkinimiz yanır”.

Səbulla Quliyevin sözlərinə görə, içməli suyu da maşınlarla 20 km-dən gətirirlər: “Bizdə ən çətin məsələ su problemidir. Su olmadısa, yaşayış yoxdur. Su olmasa, Muğanda yaşamaq qəti mümkün deyil. Bütün təsərrüfat su ilə dolanır. İçməli suyu da maşınlarla 20 km-dən gətirirlər. Özümüz içməyə tapsaq da, heyvanları suvara bilmirik. Camaat qalıb susuz, belə getsə, camaat köçəcək burdan”.

Mircəlal kəndi Saatlı rayonunun aşağısında və Araz çayından çəkilən kanalın sonunda yerləşən kəndlərdən biridir. Eyni zamanda analoji problem bu kanal üzərində yerləşən 10-a yaxın kənddə də baş verir.

Saatlı Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Rzayev də su probleminin olduğunu təsdiqləyir: “Saatlı rayonunda bu gün 14 min hektar ərazidə pambıq əkini nəzərdə tutulub. Bu əraziləri suvarmaq üçün mövcud suyun miqdarı bizi qane etmir. Araz çayında su qıtlığı ilə əlaqədar, həm də biz Arazdan gələn su kanalının axırıncı kəndləri olduğundan, su bura gəlib çıxmır. Bu çətinliyi aradan qaldırmaq üçün biz əlimizdən gələn bütün işləri mütəmadi olaraq, məsələn, kanalların təmizlənməsi, nasosların təmiri və sair işləri vaxtlı-vaxtında görürük. Amma su çətinliyimiz həqiqətən də var. Aşağı kəndlərdə, ümumiyyətlə, var. İstəyərdik ki, suyun verilməsində dəyişiklik olsun ki, biz də vəziyyətdən çıxaq. Hazırda, səhər məlumatına görə, biz 16,7 kubetr su alırdıq. Amma bizim tələbatımız ən azı gərək 35 kubmetr ola”.

Qeyd edək ki, bu ərazilərdə su çatışmazlığını tam aradan qaldırmaq üçün Kür çayından yeni kanalın çəkilməsi planlaşdırılır. Ölkə Prezidentinin sərəncamı ilə bu layihənin tikintisinə 51 milyon manat vəsait də ayrılıb.

 

Əlibəy Zeynallı,

Elçin Həsənov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR