Fındıqla qızınanlar, yola yıxılmış dirəklər, sakinlər problem içində boğulur

# 16:38
9 oktyabr 2021

Xaçmazın Tikanoba kəndinin sakinləri problem içində boğulur. Sakinlər şikayətlənir ki, kənddə mavi yanacaq yox, elektrik xətləri qəzalı vəziyyətdə, yolları da təmirsizdir. Sakinlər deyir ki, qış gələndə dərd birə iki artır. Qızınmaq üçün 250-300 manata fındıq qabığı almağa məcbur olurlar. Sakinlər sözlərinə görə, kənd rayon mərkəzindən vur-tut 12 kilometr aralıda olsa da, kənddən mərkəzə gəlib getmək də zülüm-zillətlə başa gəlir. Kənd camaatı deyir ki, mənzil başına çatmaq üçün lazım olandan 3-4 dəfə artıq pul xərcləməli olurlar.

- Bir balaca külək olan kimi işığımız olmur. İndi hələ ki, payızdır. Yolumuz da bərbad gündədir. 5 manatlıq yolu biz 15-20 manata gedirik. Taksiyə Tikanoba yolunda deyəndə o yolu getmirlər. Birdə ki qaz problemidir. Gedib meşədən odun gətirsəm 700-800 manat cərimə edir. Mənim də onu ödəmək imkanım yoxdur. Ayda 280 manat verib fındıq qabığı alırıq, qaz olsa ayda 50-60 manat elə qaz pulu verərik.”

- Problemlər üst-üstədir. Bizim uşaqlar Uzunoba kəndinə məktəbə gedir. Suyumuz da yoxdur. Artezian işləmir. Sutkanan işıq da olmur. İşıq olmasa əlimizi-üzümüzü yumağa su olmur.

- Bizim məhəllənin elektrik dirəkləri pis gündədir. Yolumuz da bərbad gündədir. Taksi 10 manatlıq yolu 20 mamata gedir. Yayda da su olmur.

Sakinlərin səsləndirdikləri problemlərlə bağlı aidiyyatı qurumların da mövqeyini öyrədik. Xaçmaz Elektrik Şəbəkəsindən APA TV-yə bildirdilər ki, hazırda Xaçmaz rayonu üzrə 7 kənd, bir qəsəbə və Xaçmaz şəhərində yerləşən bir neçə məhəllədə elektrik şəbəkəsi yenidən qurulur. Bu proses mərhələli şəkildə problem mövcud olan kəndlərdə də aparılacaq.

Kəndin yol və qaz probleminə gəlincə isə aidiyyatı qurumlardan bildirildi ki, yolun təmiri dövlət proqramına əsasən 2022-2025, qazın çəkilişi isə 2023-cü ilə qədər nəzərdə tutulub.

Neyləmək olar, görünən odur ki, sakinlər bir müddət də kəndin küçələrinə Allah-Allahnan gəzib, problemlərinin tezcə həll olunması üçün dua etməli və gözləməli olacaqlar.

Vəli Turan, Mais Allahverdiyev, APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR