Hərbi Prokurorluq: Bu günə qədər 2889 şəhidin meyiti müayinə edilərək şəxsiyyəti müəyyən olunub

# 19:09
20 aprel 2021

Hərbi Prokurorluq itkin düşmüş hərbi qulluqçuların axtarışı ilə bağlı məlumat yayıb.

 

Respublika Hərbi Prokurorluğun mətbuat xidmətindən APA TV-ya bildirilib ki, Vətən Müharibəsinin başladığı gündən hərbi prokurorluq orqanları tərəfindən Füzuli rayonunda, Beyləqan, Bərdə, Yevlax və Gəncə şəhərlərində döyüşlərdə şəhid olan hərbi qulluqçularımızın meyitlərinin müayinə olunması, dini adət-ənənələrə uyğun olaraq hazırlanaraq dəfn olunması üçün yaşadıqları ünvanlara göndərilməsi məqsədilə mərkəzlər yaradılıb.

 

Bu günə qədər ümumilikdə 2 889 şəhidin meyiti müayinə olunaraq şəxsiyyəti müəyyən olunub.

 

Onlardan 1 481 meyitin şəxsiyyəti sırf istintaq yolu ilə (379-u DNT analiz nümunələrinin götürülərək müvafiq ekspertizaların keçirilməsi, 1022-i isə əl-barmaq izlərinin götürülərək eyniləşdirmə aparılması yolu ilə) müəyyən olunaraq yaxınlarına təhvil verilib.

 

Məlumatda həmçinin bildirilir ki, 2020-ci il noyabrın 10-da atəşkəs elan olunduqdan sonra Silahlı Qüvvələrimizin 386 nəfər hərbi qulluqçusunun itkin düşdüyü müəyyən olunub. İtkin düşmüş 362 nəfər hərbi qulluqçumuzun meyitlərinin olduğu ərazilər və basdırıldığı yerlər müəyyənləşib, şəhidlərimizin meyitləri ərazilərdən götürülərək, o cümlədən basdırıldıqları yerlərdən çıxarılaraq müayinə olunub və şəxsiyyətləri müəyyən edilərək yaxınlarına təhvil verilib. 

 

Vətən müharibəsində itkin düşmüş 24 hərbi qulluqçunun olduqları yerlərin müəyyən olunması məqsədilə axtarış qrupları tərəfindən hazırda Tərtər, Füzuli, Cəbrayıl, Xocavənd və Xocalı rayonlarının ərazilərində, həmçinin Şuşa şəhəri ətrafında müvafiq axtarış işləri aparılır, Murov dağı silsiləsində isə əlverişli təbii şərait imkan verənədək təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR