İkinci Qarabağ müharibəsində kim uduzdu? - ERMƏNİSTAN, YOXSA İRAN?

# 18:43
11 oktyabr 2021

Vətən müharibəsindən sonra Cənubi Qafqaz regionunda yeni geosiyasi vəziyyət yaranıb. Azərbaycan 30 ilə yaxın müddət davam edən Ermənistanın işğalına son qoyub, öz ərazi bütövlüyünü bərpa edib.

 

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, yeni geosiyasi vəziyyət Azərbaycanın maraqlarına cavab verir: “Regionda yeni dövr başlayır. Bu dövrü müsbət istiqamətə yönləndirmək lazımdır. Hər halda Ermənistanla Azərbaycan arasındakı bu ədavət ədəbi olmamalıdır. Bütün bu dağıntılara, barbarlığa, vəhşiliyə baxmayaraq biz gələcəyə baxmalıyıq. Azərbaycanla, Ermənistan arasında ərazilərin, sərhədlərin delmitasiyası, sülh müqaviləsi, iqtisadi əlaqələrin bərpası, nəqliyyat kommunikasiyalarının açılması gündəlikdə olan məsələlərdir. Azərbaycan tərəfində bu siyasi iradə və güc var, əgər Ermənistan tərəfdə də bu olarsa hesab edirəm ki, biz vasitəçisiz də münasibətlərimizi normallaşdıra bilərik”. 

 

“Vətən müharibəsindən sonra Azərbaycan regionda geosiyasi reallığı dəyişdi. Biz işğala son verdik, Azərbaycanın üzərindəki yük götürüldü. Bu o deməkdir ki, ərazilərimin işğal edilməsi, ərazilərimizdə üçüncü tərəflərin fəaliyyəti, dövlətimizin üzərində ciddi bir ağırlıq idi. Bu isə regionda yeni reallıqlar formalaşdırdı. Yəni, artıq torpaqları işğal edilmiş Azərbaycan yox, işğal olunmuş ərazilərini azad etmiş, hərəkət sahəsi genişlənmiş, iqtisadiyyatı yeni güc qazanmış, ordusu gücünü sübut etmiş, dövlət, xalq, lider birliyini nümayiş etdirmiş bir Azərbaycan var”.

 

Bu fikirləri APA TV-yə müsahibəsində Beynəlxalq  Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri, politoloq Cavid Vəliyev deyib: “İkinci Qarabağ müharibəsindən sonra regionda dəyişən geosiyasi reallıqda bir çox dövlət özünü buna uyğunlaşdıra bildi, hətta Rusiya belə bu uyğunluğa imza atdı. Hətta Qərb dövlətləri, konkret olaraq Fransa başda buna sərt mövqe nümayiş etdirsə də, sonradan onların da mövqeyində yumşalmalar hiss olunur. Çünki bu artıq bir reallıqdır. Bu reallığı qoruyaraq regionda var olmaq olar. Biz qonşu dövlətlərə və ümumilikdə region gündəminə neqativlik yox, əməkdaşlıq təklif edirik. Bu regional platformadır, regional nəqliyyat imkanlarının genişləndirilməsi deyirik. Təəssüflər olsun ki, bir çox dövlət bunu geosiyasi mübarizə vasitəsi kimi görür və özlərinin uduzduqlarını düşünürlər. İran da belə düşünür. İranda hər kəs İkinci Qarabağ müharibəsindən sonra uduzduğunu düşünür və bunu fərqli şəkildə pərdələyir”.

 

Cavid Vəliyevin sözlərinə görə, İranda hazırda iki fərqli düşüncəli qrup var: “Bir qrup regionda Azərbaycan və Türkiyə ilə  əməkdaşlıq quraraq davam etmək istəyir ki, bu reallığı əks etdirir. Digər fərqli düşüncəlilər isə hesab edir ki, Azərbaycan yuxarıdan aşağı baxaraq, təzyiq edərək vəziyyəti öz əlehlərinə dəyişdirəcəklərini düşünürlər. Bu böyük yanlışlıqdır. Bu İranının özü üçün böyük itkiyə səbəb olacaq. Əgər Vətən Müharibəsindən sonra regionda əməkdaşlıq platformunda və nəqliyyat infrastrukturunda yer almaq imkanı varsa, bu yanaşma ilə onu da itirəcəklər”.

 

Politoloq vurğulayıb ki, İran regionda baş verən hadisələrdən nəticə çıxarmağı bacarmalıdır:  “Yəni daha çox təzyiq etmək, hərbi təlimlər keçirmək əvəzinə əməkdaşlıq yollarının tapılması üçün diplomatik müzakirələrə rəvac verməlidir. Nə Azərbaycan, nə də Türkiyə buna qarşı deyil. Bu müzakirələr vasitəsi ilə harada və necə yer ala biləcəyini, regional əməkdaşlığa necə dəstək verə biləcəyini düşünməlidir. Məsələn Gürcüstan yeni “Altılıq platforma” ya qarşı çıxırdı. Zəngəzur koridoru məsələsində onlarda bir narahatlıq var idi, Gürcüstan, Azərbaycan, Qərb və Türkiyə üçün öz dəyərini itirəcəyini düşünürdü. Bununla bağlı diplomatik baxışlar da oldu. Hazırda Azərbaycan və Türkiyə Gürcüstanın bu narahatlığına son verib. Bu mənada Gürcüstanın siyasəti İrana nümunə ola bilər. Hətta İran Xarici İşlər nazirinin Rusiyaya səfəri zamanı Rusiya XİN başçısı Lavrovda sətiraltı izah etdi ki , İran regional platformalarda yer alıb, əməkdaşlıq etməlidir”.

 

Politoloq deyir ki, artıq Ermənistanın da çıxış yolu qalmayıb. Son 30 ildə Ermənistan İrana və Qərbə qulaq asaraq uduzdu: “İstər İrandan, istərsə də Qərbdən verilən açıqlamalarda Ermənistanı öz tərəflərində tutub, regional əməkdaşlığa getməyin qarşısını almaq istədilər. Çünki müzakirə olunan məsələlərdən biri də, Türkiyə-Ermənistan sərhədlərinin açılmasıdır və düşünürlər ki, bu açılarsa Ermənistanı itirəcəklər. Buna nail ola bilmədilər. Çünki Ermənistanın da başqa yolu yoxdur. Son 30 ildə Ermənistan İrana və Qərbə qulaq asaraq uduzdu. Amma indi ermənilər anlayır ki, başqa alternativ yoxdur”.

 

Cavid Vəliyev regionda post müharibə dövründə üç tərəfli bəyannamənin şərtlərinin yerinə yetirilməsi üçün prosesin artıq başladığını da qeyd edib.

 

 

 

Sevinc Vaqifqızı, Faiq Həsənov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR