İkinci turda kim qalib gələcək? - Ərdoğan yoxsa, müxalifət?

# 20:22
15 may 2023

Qardaş ölkə Türkiyədə mayın 14-də parlament və prezident seçkiləri keçirildi. Son məlumatlara görə, prezident seçkiləri mayın 28-də keçiriləcək ikinci tura qaldı. Verilən rəsmi rəqəmlərə görə, ölkə daxilində seçkilərdə seçici aktivliyi 88,92%, ölkə xaricində isə 52,69% səviyyəsində olub. Türkiyə Ali Seçki Şurasının sədri Ahmet Yener bildirib ki, 28 mayda keçiriləcək prezident seçkilərinin ikinci turu çərçivəsində ölkə xaricində yaşayan vətəndaşlar üçün səsvermə prosesi 20 mayda başlayacaq və 24 may 2023-cü il tarixində başa çatacaq. Hesablamalara görə, Ərdoğan 2018- ci il prezident seçkilərinin nəticəsi ilə müqayisədə 2023-cü il prezident seçkilərində əlavə olaraq 700 mindən çox səs qazanıb, səs itirməyib. Xatırladaq ki, ölkə daxilində 100% açılan seçki qutularının nəticələrinə görə, Türkiyənin hazırki prezidenti Ərdoğan 49,51%, ana muxalifət lideri Kılıçdaroğlu 44,88% səs toplayıblar. Konstitusiyaya görə, seçki nəticələri 50 faizi keçmədiyi üçün seçki prosesi ikinci turda davam edəcək.

Türkiyədə Rəcəb Tayyib Ərdoğanı dəstəkləyən “Cümhur İttifaqı” parlamentdə 316 millət vəkili ilə təmsil olunacaq. Bu barədə isə “Anadolu” xəbər agentiliyi rəsmi mənbələrə istinadən məlumat verib. Bildirilib ki, “Cümhur İttifaqı”na daxil olan AK Partiya 266, MHP-i isə 50 deputatla parlamentdə təmsil olunacaq. “Millət İttifaqı”na daxil olan CHP-dən 169, İYİ Partiyadan isə 44 millət vəkili parlamentə düşə bilib. Bundan başqa, Yaşıl Sol Partiyası 62, Yenidən Refah Partiyası 5, Türkiyə İşçi Partiyası 4 millət vəkili ilə parlamentdə təmsil olunacaq.

Siyasi psixoloq Samirə Qasımlı bildirib ki, Türkiyədəki seçkilər təkcə siyasi dairələrin tərəfdarlarının aktivliyi ilə keçirilən seçki yarışı deyil, həm də vətəndaşların hakimiyyəti seçki vasitəsilə formalaşmasına olan inamı idi. O əlavə edib ki, bu seçkilər həm də dünya üçün böyük önəm kəsb etdiyinə görə, nüfuzlu media orqanları tərəfindən “əsrin seçkiləri”  adlandırılırdı.

Samirə Qasımlı onu da bildirib ki, insanların şəxsi həyatlarından çox Ərdoğanın hakimiyyətdə qalması ilə bağlı mövqeləri siyasi pərəstişlə əlaqədardır.

Seçki texnoloqu, professor Məhərrəm Zülfüqarlı isə düşünür ki, Türkiyədəki seçkilərdə seçicilərin inanılmaz fəallığı yaradılmış demokratik mühitin göstəricisidir. O qeyd edib ki, Türkiyədə xarici təsirlərlə dəfələrlə demokratik mühitin qarşısını almağa çalışıblar, amma bu mümkün olmayıb.

Qeyd edək ki, Seçki Şurasının hesablamalarına görə, Azərbaycanda 15 məntəqədə keçirilən seçkilərdə seçicilərin 49.42 faizi yəni 3642 nəfər “Cumhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğana, 41,92 faizi, yəni 2768 nəfər “Millət İttifaqı”nın namizədi, CHP sədri Kamal Kılıçdaroğluna səs verib.

 

Fuad Sadıqov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR