Kollec məzunları iş tapa bilmirlər: Qanun dəyişsə, nə olacaq?

# 16:31
8 sentyabr 2022

Bu gün ölkəmizdə özəl olaraq və ya universitetlərin nəzdində fəaliyyət göstərən kifayət qədər kollec var. Ancaq bu təhsil ocaqlarının fəaliyyəti bəzi hallarda suallar yaradır? Bir çox ixtisaslar üzrə universiteti bitirən şəxslə müqayisədə kollec məzunu olan şəxsin iş tapmaq şansı daha aşağı olur. Ölkəmizdə kolleclərin fəaliyyəti niyə hələ də özünü doğrultmur?

 

İxtisas seçimi və karyera üzrə mütəxəssis Adil Vəliyev deyir ki, kolleclərin fəaliyyəti təəssüf ki, təhsil sistemindən çox kənarda qalır: “Tələbələr keçilən dərs vəsaitləri və ya ixtisaslar haqqında məlumatları öyrənə bilmir. Çünki dərs vəsaiti azlığı var, internet platformalarından əldə edə bilmirlər. Öyrəndikləri məlumatlar isə universitetlərə qəbul olduqdan sonra heç bir işə yaramır” .

 

2019-cu ildə Təhsil haqqında qanuna edilmiş dəyişikliyə əsasən, kollec məzunları subbakalavr kimi ali təhsil müəssisələrinə qəbul olmaq imkanı qazanıblar. Əslində bu qərar gənclərin kolleclərə meyllənməsinə müsbət təsir göstərib, lakin hazırda kolleclərin maddi texniki bazası müasir tələblərə cavab vermir.

 

Təhsil üzrə ekspert Kamran Əsədov isə deyir ki, ölkədə fəaliyyət göstərən kolleclər müasir dövrün tələblərinə və əmək bazarına cavab vermir: “Onların hazırladıqları kadrlar əmək bazarında o qədər uğurlu olmur. Bunun da bir neçə səbəbi var. Kolleclərin maddi texniki bazası kadr potensialı müasir dövrə cavab vermir. Daha çox savadlı şəxslərin yox, kollec rəhbərlərinin yaxınlarının işə qəbul olunduğunu görürük. Digər tərəfdən müasir innovativ yenilikləri kolleclərə gətirməliyik. Bir sıra yeni ixtisasları ali təhsil müəssisələrindən alıb kolleclərə verməliyik ki, gənclər kolleclərə meyllənsinlər”.

 

Mütəxəssislər bildirir ki, təhsilin keyfiyyətinin artırılması üçün kolleclərin nəzdində laboratoriyalar yaradılmalıdır. Bundan başqa, inkişaf etmiş ölkələrdə insanlar əmək bazarına tez daxil olmaq üçün daha çox kolleclərə üz tuturlar. Beləcə, cəmi 2-3 ilə mütəxəssis kimi çalışa bilirlər. Həmsöhbət olduğumuz ekspertlər düşünürlər ki, eyni təcrübəni Azərbaycan da tətbiq etməlidir. Bunun üçün ilk növbədə “Dövlət qulluğu haqqında” qanun dəyişdirilməlidir. Qanun imkan verməlidir ki, kollec məzunları da işə qəbul imtahanlarda iştirak edə bilsinlər.

 

 

Nərmin Murad

Xəyal İsgəndərov

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR