Mülki müdafiə ilə bağlı elmi-praktiki konfrans keçirildi - APA TV

# 16:30
11 noyabr 2022

Fövqəladə Hallar Nazirliyi və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Mülki müdafiə üzrə əhalinin hazırlanmasında ali təhsil müəssisələrinin rolu, mülki müdafiə fənninin tədrisinin təkmilləşdirilməsi, mülki müdafiənin maddi-tədris bazasının gücləndirilməsi, mövcud problemlərin müzakirəsi və bununla əlaqədar nazirliklər arasında qarşılıqlı fəaliyyət” mövzusunda elmi-praktiki konfrans keçirilib.

 

Konfransda respublikanın ali təhsil müəssisələrinin mülki müdafiə sahəsinə məsul prorektorları, “Mülki müdafiə fənni” tədris olunan kafedra müdirləri, həmin kafedraların professor-müəllim heyəti, eləcə də, nazirliyin mülki müdafiə üzrə aidiyyəti məsul vəzifəli şəxsləri iştirak edib.

 

Çıxış edən FHN-nin Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov mülki müdafiə sahəsində görülən işlərin səmərəliliyinin artırılmasında elm və təhsilin rolundan bəhs edib.

O bildirib ki, mülki müdafiə sahəsində yeni elmi tədqiqatlar aparılmalıdır. İnnovativ və texnoloji yeniliklərin əldə olunması üçün daha aktiv fəaliyyət göstərilməli, “Mülki müdafiə fənni”ni tədris edən kadrların biliyi təkmilləşdirilməlidir. General həmçinin ali təhsil müəssisələrində digər kafedralarla yanaşı, mülki müdafiə kafedralarının açılmasının, “Mülki müdafiə fənni”nin tədrisi üzrə dərs vəsaitlərinin Azərbaycan, rus, ingilis dili bölmələri üçün hazırlanmasının vacibliyindən danışıb.

 

 

Niyazi Zamanov “Mülki müdafiə fənni” üzrə tədris və tədris-metodiki vəsaitlərin, dərsliklərin, kitabların, o cümlədən elektron tədris vəsaitlərinin hər bir təhsil müəssisəsinin profilinə uyğun hazırlanmasının zəruriliyini vurğulayıb. O bildirib ki, bu sahədə mövcud qanunvericilik aktlarından istifadə edilməklə mülki müdafiə tədris sisteminin müasirləşdirilməsi və maddi-tədris bazasının müasir dövrün tələbləri səviyyəsində qurulmasına ehtiyac var.

 

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli isə ali təhsil müəssisələrində mülki müdafiə sahəsində keçirilən dərslərdə boşluqlar olduğunu diqqətə çatdırıb. O bildirib ki, bu boşluqların bir qismi müəllimlərdən irəli gəlirsə, digər qismi də tədris proqramlarının günün tələblərinə cavab verməməsindən qaynaqlanır. Daha sonra mövzu ətrafında geniş müzakirələr aparılıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR