Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada səfərdə olublar

# 23:21
12 may 2021

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mayın 12-də Şuşada səfərdədirlər.

APA TV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva əvvəlcə 110/35/10 kilovoltluq “Şuşa” yarımstansiyasının açılışında iştirak ediblər.

Şuşa şəhərinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, şəhərin etibarlı, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə ötən ilin dekabrında “Şuşa” yarımstansiyasının və Füzuli rayonunun “Şükürbəyli” yarımstansiyasından başlayaraq 75 kilometr məsafədə 110 kilovoltluq “Şükürbəyli-Şuşa” hava elektrik verilişi xəttinin tikintisinə başlanılıb. Yarımstansiya məsafədən idarə olunan SCADA Dispetçer İdarəetmə sisteminə qoşulmaqla tam rəqəmsallaşıb. Burada perspektiv inkişaf da nəzərə alınıb. Yarımstansiya və elektrik verilişi xəttinin tikintisinin çətin coğrafi şəraitdə aparılmasına baxmayaraq, ən qısa zaman ərzində yekunlaşıb. Füzulidəki “Şükürbəyli” yarımstansiyasından Şuşaya 110 kilovoltluq ikidövrəli elektrik verilişi xətti çəkilişi fasiləsiz, növbəlilik prinsipi ilə 73 günə icra olunub ki, bu da nəinki Azərbaycan energetikası, regionun energetika tarixində rekorddur.

Ümumilikdə işğaldan azad olunmuş ərazilərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində işlər uğurla davam edir. Hazırda Kəlbəcər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdamda, ümumilikdə, 9 yarımstansiya və onları əlaqələndirən 110 kilovoltluq ötürmə xətlərinin tikintisi gedir. Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərin “Yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı qarşıya qoyduğu tələblərə uyğun olaraq, Suqovuşandakı 2 kiçik su elektrik stansiyasında yenidənqurma, təmir və bərpa işləri yekunlaşıb. Yaxın vaxtlarda isə Kəlbəcərdə 2 kiçik su elektrik stansiyasının tikinti və bərpasına başlanılacaq.

Şuşada “Xarı Bülbül” otelinin yenidənqurmadan sonra açılışı olub.

Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva açılışda iştirak ediblər.

Dövlətimizin başçısı oteldə yaradılan şəraitlə tanış oldu.

Anar Ələkbərov: Otelin bu əməkdaşları əslən Şuşadandırlar.

Prezident İlham Əliyev: Çox yaxşı, mən demişdim ki, buraya Şuşadan olan insanlar cəlb edilsinlər. Sən Şuşada yaşamamısan, eləmi?

Otelin əməkdaşı: Xeyr.

Prezident İlham Əliyev: İndi yaşayacaqsan.

Məlumat verildi ki, oteldə ümumilikdə 49 otaq var. Onların hamısı qonaqların qalması və rahat istirahət etməsi üçün bütün zəruri infrastrukturla təchiz olunub. Bu cür obyektlərin istifadəyə verilməsi Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın turizm potensialının möhkəmləndirilməsində çox mühüm rol oynamaqla yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən tarixi Şuşa şəhərində icra olunan sosial layihələrin ardıcıl və sürətlə davam etdiyini göstərir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mayın 12-də Şuşada “Xarı Bülbül” otelinin nəzdindəki 48 mənzilli korpusda və kotteclərdə yaradılan şəraitlə tanış olublar.

Dövlətimizin başçısına və birinci xanıma korpusda və kotteclərdə görülən işlər barədə məlumat verildi. Qeyd olundu ki, bu obyektlər də müasir səviyyədə yenidən qurulub.

Şuşada yeni məscidin təməli qoyulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər.

Qədim Şuşada təməli qoyulan məscid dini ocaq və modern memarlıq nümunəsi kimi göz oxşayacaq. İki minarəli, mozaika ilə bəzədiləcək gümbəzi olan məscidin layihələndirilməsi azərbaycanlı və italyan memarlarla birgə həyata keçirilib. Məscidin xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək. Bu memarlıq elementi Şuşanın firavan və uğurlu gələcəyinə əminliyi, keçmişlə bu gün arasındakı əlaqəni təcəssüm etdirəcək.

Məscidin təməlini qoyan Prezident İlham Əliyev çıxış edərək dedi:

- Bu gün Şuşa şəhərində yeni məscidin təməlini qoyduq. Şuşada yeni məscid tikiləcəkdir. Məscidin tikintisi ilə bağlı qərarı mən çoxdan vermişdim. Şuşa şəhəri işğalçılardan azad olunandan sonra artıq bu məscidin memarlığı barədə düşünməyə başlamışdım. Nəzərə alsaq ki, Şuşa şəhərində vaxtilə 17 məscid olub və mənfur düşmən onların hamısını dağıdıb. Üç məscid yarıdağıdılmış vəziyyətdə idi - Yuxarı və Aşağı Gövhərağa və Saatlı məscidləri. Onların da təmiri ilə bağlı göstəriş verilib.

Yuxarı Gövhərağa məscidi artıq təmirdən çıxıb. Nəzərə alsaq ki, Şuşa memarlığının öz xüsusiyyətləri vardır və Şuşada vaxtilə inşa edilmiş məscidlər bir üslubda tikilmişdir. Ona görə fikirləşirdim ki, yeni tikiləcək məscidin memarlığı necə olmalıdır. Demək olar ki, bir neçə ay bu haqda fikirləşirdim. Nəhayət bir fikir ağlıma gəldi ki, bu məscid, bunun memarlığı rəmzi xarakter daşımalıdır. Ona görə təklif etdim ki, məscidin forması 8 rəqəmini əks etdirməlidir. Çünki noyabrın 8-də biz Şuşanı işğalçılardan azad etdik və 8 noyabr Azərbaycanda artıq rəsmi olaraq Zəfər Günüdür. Məscidin iki minarəsi 11 rəqəmini əks etdirməlidir. Onbirinci ayda Şuşa və Qarabağ tam işğaldan azad edildi. Bu fikirlər əsasında memarlar işləməyə başlamışlar və burada göstərilən təqdimatda məscidin görkəmi öz əksini tapır. Bu, ilkin versiyadır, bunun üzərində hələ iş aparılacaq, müəyyən dəyişikliklər ola bilər.

Əlbəttə ki, məscidin daxili dizaynı ilə bağlı təkliflər hələ tam hazır deyil. Ancaq konseptual olaraq məscidin memarlığı 8 noyabr gününü əks etdirəcək. Həm yuxarıdan baxanda 8 rəqəmini görmək mümkün olacaqdır, həm də aşağıdan baxanda. Məscidin yeri də təsadüfən seçilmədi. Bu, Şuşa şəhərinin yuxarı hissəsidir və burada ucaldılacaq məscid şəhərə bir dominant kimi hakim olacaqdır. Belə də olmalıdır. Çünki Şuşa bizim qədim şəhərimizdir, Azərbaycan şəhəridir, azərbaycanlılar tərəfindən salınıb. Azərbaycanlılar həmişə burada yaşayıb. Sadəcə olaraq, işğal dövründə Azərbaycan əhalisi zorla buradan çıxarılmışdı.

Biz Şuşaya qayıtmışıq, əbədi qayıtmışıq! Şəhərə hakim olan bina məscid binası olmalıdır və bu bina şəhərin yuxarı hissəsində yerləşməlidir. Məscidin təməlqoyma günü də təsadüfən seçilmədi. Sabah bütün müsəlman aləmi müqəddəs Ramazan bayramını qeyd edəcək. Fürsətdən istifadə edərək, bütün Azərbaycan xalqını bu mübarək Ramazan bayramı münasibətilə təbrik etmək istəyirəm. Məhz bayram ərəfəsində qədim Şuşa şəhərində yeni məscidin təməlqoyma mərasiminin keçirilməsi böyük tarixi və rəmzi xarakter daşıyır. Bundan sonra artıq memarlar məscidin bütün layihəsi ilə ciddi məşğul olacaqlar və inşaat işləri başlanacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada Xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binada oldular.

Dövlətimizin başçısına və birinci xanıma görülən bərpa işləri ilə bağlı məlumat verildi.

Qeyd olundu ki, burada səmərəli fəaliyyət üçün hərtərəfli şərait yaradılacaq və inzibati bina ən müasir səviyyədə yenidən qurulacaq.

Dövlətimizin başçısı görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini verdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla və Arzu Əliyevalar mayın 12-də Şuşada xan qızı Natəvanın sarayına baxış keçiriblər.

Şuşa şəhərində Xan qızı Natəvanın evi də işğal dövründə dağıdılıb. Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi olan Şuşa Musiqi Məktəbi Xan qızı Natəvanın evində fəaliyyətə başlamışdı. XVIII əsrə aid tarix-memarlıq abidəsi erməni vəhşiliyinin, vandalizminin qurbanı olub.

Dövlətimizin başçısına məlumat verildi ki, işğal zamanı binaya dəyən ziyanın qiymətləndirilməsinə artıq başlanılıb. Bu prosesdən sonra burada bərpa işlərinə start veriləcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada “Xan qızı” bulağında olublar. Dövlətimizin başçısı və ailə üzvləri bulağın suyundan içiblər.

Prezident İlham Əliyev deyib:

Natəvan bulağından yenə su gəlir. Natəvan bulağını bərpa etmişik. Keçən dəfə yanvar ayında Şuşada olarkən demişdim ki, Natəvan bulağını bərpa edəcəyik. Yenə də bulaq Şuşa sakinlərinin, qonaqların sərəncamına veriləcəkdir. Mənfur düşmən bu bulağı qurutmuşdu, bütün bulaqları qurutmuşdu. Bu da onu göstərir ki, Şuşa həmişə ermənilər üçün yad şəhər olub. İndi isə Şuşa dirçəlir və Şuşanın rəmzlərindən biri olan “Xan qızı” bulağı bərpa edilib. Bu gün bu bulaqdan su içmişəm.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mayın 12-də Şuşa Yaradıcılıq Mərkəzinin yerləşəcəyi bina ilə tanış olublar.

Dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya mərkəzdə görüləcək işlər barədə məlumat verildi.

Bildirildi ki, bu binada Ağa Qəhrəman Mirsiyab oğlunun Karvansarası yerləşib. Ölkə əhəmiyyətli memarlıq abidəsi XVIII əsrə aiddir. Dövlətimizin başçısı görüləcək işlərlə bağlı tapşırıqlarını verdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mayın 12-də Şuşa Rəsm Qalereyasında görülən işlərlə tanış olublar.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya qalereyada aparılan işlər barədə məlumat verildi.

Bildirildi ki, burada qaytarılmış Qarabağ xalçalarının sərgisi, “Qarabağ işğaldan əvvəl və sonra”, “Azərbaycan rəssamlarının motivlərində Qarabağ” adlı sərgilərin keçirilməsi nəzərdə tutulur.

Şuşada 1 saylı ümumtəhsil məktəbinin təməli qoyulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər.

Dövlətimizin başçısı məktəbin təməlini qoydu.

Prezident İlham Əliyevə məlumat verildi ki, 1830-cu ildə Azərbaycanda və Cənubi Qafqazda ilk dünyəvi məktəbin bünövrəsi məhz burada qoyulub. 1980-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bu məktəbin 150 illik yubileyi qeyd olunub. İşğala qədər 1 saylı məktəb kimi fəaliyyət göstərən bu təhsil ocağını da erməni vandalları tamamilə dağıdıblar.

Yeni 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR