Prezidentin köməkçisi: "Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını istəyirik"

# 16:34
6 noyabr 2021

“Cənubi Qafqazda vəziyyət dəyişib. İşğal Ermənistanın iqtisadi potensialını, müstəqilliyini azaltdı. Ölkədən miqrasiya da bunun nəticəsidir”.

APA TV-nin məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" mövzusunda paneldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Ermənistan qonşu ölkələrə ərazi iddialarına son qoysa, bu, son nəticədə Ermənistanın inkişafına gətirib çıxaracaq: “Ermənistan Azərbaycan və Türkiyəyə ərazi iddialarına son qoymalıdır. Ermənistan strateji baxışını dəyişsə, bu, Ermənistanın özünün xeyrinə olacaq. Cənubi Qafqaz kiçik bir bazardır və Ermənistan da potensialından istifadə etməsi üçün qonşularla normal münasibət qurmalıdır”.

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistanın dənizə çıxışı yoxdur: “Ermənistan Zəngəzur dəhlizi ilə dənizlərə çıxış əldə edə bilər. Erməni diasporu bu problemlərin yaranmasında çox böyük rol oynayır. Erməni diasporunun nümayəndələri Parisdə, digər şəhərlərdə zəngin həyat yaşayır, ancaq Ermənistanın durumu fərqlidir”.

H. Hacıyev deyib ki, Dağlıq Qarabağ münaqişəsinə artıq son qoyulub, artıq Qarabağ Azərbaycanın daxili işidir: “Ancaq Ermənistan və Azərbaycan arasında birbaşa münasibət, əlaqə yoxdur. Zəngəzur dəhlizinin açılması regionda nəqliyyat əlaqələrinin bərpa olunmasını təmin edəcək. Azərbaycan Ermənistanla sərhədlərin delimitasiya və demarkasiyasına başlanmasını, sülh müqaviləsinin imzalanmasını istəyir. Bir daha vurğulamaq istəyirəm ki, Fransa və Almaniya arasında olduğu kimi Azərbaycanla Ermənistan arasında da sülh müqaviləsi imzalanmasını istəyirik”.

Prezidentin köməkçisi Azərbaycanın Ermənistana təklif etdiyi sülh təklifinin cavabını gözlədiyini bildirib: “Birinci Qarabağ müharibəsində 4 min azərbaycanlı itkin düşüb. Azərbaycan bu insanların taleyi ilə bağlı Ermənistandan cavab gözləyir. Digər tərəfdən, işğaldan azad edilən ərazilər minalanıb. İndiyə qədər verilən mina xəritələri yalnız 25 faiz dəqiq olub”.

Prezidentin köməkçisi Ermənistanın revanşist siyasətinin Ermənistanın özü üçün faciələrə yol aça biləcəyini vurğulayıb.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta  qeyd edib ki, Azərbaycanın əzəli torpaqlarını işğaldan azad etməsi regionda strateji zəlzələyə bənzəyir: “Hələ Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imazalanmayıb, arəşkəs sülh demək deyil, iki tərəf tam əminlik hissinə malik deyil. Biz həm azərbaycanlılara, həm də ermənilərə kömək etməliyik, bu bizim maraqlarımıza da uyğundur”.

ABŞ-ın sabiq səfiri qeyd edib ki, 30 il ərzində davam edən münaqişə azərbaycanlılar və ermənilər arasında düşmənçilik münasibətləri formalaşdırıb. O deyib ki, xüsusilə də gənc nəsildə bir birinə qarşı nifrət var, çünki yaşlı nəsildən fərqli olaraq, onlar hər iki xalqın sülh içində birgə yaşaması ilə bağlı təcrübəsi yoxdur.

 R. Sekuta əlavə edib ki, ölkələr arasında münasibətlərin normallaşması prosesinə Türkiyə və Rusiya da dəstək verə bilər.

“Azərbaycan mürəkkəb, çətin bir regionda yerləşir, qonşuları fərqlidir”,  - deyən ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə müavinin keçmiş köməkçisi Deyvid Merkel deyib.

D. Merkel onu da bildirib ki, ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə hüququ hər zaman toqquşub. Sovet İttifaqı dağıldıqdan sonra müstəqil olan ölkələr bu problemlə üzləşiblər.

 

Sevinc Vaqifqızı

Xəqani Hüseynov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR