Qazın qiymətindəki fantastik artım nədən xəbər verir?

# 21:06
11 oktyabr 2021

Avropada qazın qiymətləri 2021-ci ilin aprelindən bu günə kimi 8 dəfə artıb.

APA TV xəbər verir ki, qiymətlər 1000 kubmetr üçün 1969,2 dollara çatıb. Təbii qaz Avropanın elektrik istehsalının 22 faizini təşkil etdiyini nəzərə alaraq, qiymətlərin artması elektrik enerjinin qiymətlərini tarixdə ən yüksək səviyyəyə qaldırıb.

Bəs görəsən qazın qiymətinin əsas səbəbi nələrdir?

Energetika üzrə ekspert Emin Axundzadə deyir ki, dünya iqtisadiyyatının bərpa olunması şəraitində qaza tələbat xeyli dərəcədə artıb. Bildiyiniz kimi, 2020-ci ildə nəqliyyat sektoru da daxil olmaqla, COVID-19 pandemiyası ilə əlaqədar məhdudiyyətlər enerji tələbatının azalmasına səbəb oldu. Lakin 2021-ci il bütün dünyada peyvəndləmə prosesi sürətlə aparıldığı üçün, bir çox sektorda canlanma baş verdi. Bu isə zavod və fabriklərdə təbii qazdan istifadəni artırdı.

”Sərt karantin rejimlərinin tədricən yumşalması, öz növbəsində iqtisadi fəallığı artırdı. Eyni zamanda sənaye müəssisələrinin fəaliyyəti yenidən artmağa başladı. Çünki təbii qaz, sənayedə eyni zamanda xammal kimi istifadə edilir. Ondan gübrə və s. məhsullar əldə etmək mümkündür. Bütün bunlar öz növbəsində təbii qaza olan tələbatı artırmağa başladı. Bu da ciddi bir şəkildə qiymət artımına səbəb oldu”.

Emin Axundzadənin sözlərinə görə, Avropanın əsas qaz təchizatçı ölkələrindən biri olan Rusiyanın Avropa bazarlarına çıxardığı qazın həcmində azalmalar müşahidə edilir. Bazarlarda təbii qaz azaldığı üçün isə qiymətlərdə artım qaçılmaz olur.

Neft-qaz sahəsi üzrə ekspert İlham Şaban isə deyir ki, Avropada ehtiyat qaz anbarlarına vurulan təbii qazın həcmində ciddi dərəcədə azalma var, bu isə qiymətlərin artımını qaçılmaz edir: ”Avropalıları qış mövsümü gözləyir, lakin Avropada ötən ilə müqayisədə təbii qaz anbarlarına doldurulan ehtiyatlar dəfələrlə azdır. Oktyabrın sonuna qədər Avropadakı yeraltı qaz anbarları keçən ilin eyni dövründə olan 95 faiz ilə müqayisədə cəmi 75.4 faizə  qədər dolmuşdu”.

Ekspertin sözlərinə görə qarşıdan qış fəslinin gəlməsi qaza olan tələbatı ikiqat artırır. Xüsusən Avropada keçən illərə nisbətən daha güclü qışın keçəcəyini nəzərə alsaq, qiymət artımı bir neçə dəfə yüksələcək.

”Sinoptiklərin yaydığı məlumatlar var ki, Avropada qış mövsümü daha sərt keçəcək, bu isə tədarükçüləri daha da vahimələndirir. O səbəbdən qazın qiymətində bu cür yüksək artımların olması bazarlarda müşahidə edilir”.

Qeyd edək ki, Beynəlxalq Enerji Agentliyi qazın yüksək qiymətlərinin 2022-ci ilin birinci rübündə də davam edəcəyini bildirir.

 

#Avropada qazın qiyməti  #Qazın qiyməti qalxdı #Qazın qiymətindəki fantastik artım

 

 

Semral Cavad,

APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR