Qusarın Tac-Mahalı və Qızıl Orda qüvvələrinin dəhşətli izləri

# 16:29
23 fevral 2022

Əniğ kəndi rayon mərkəzindən 27 kilometr məsafədə, cənub-qərbdə, Qusarçayın sağ sahilində, Qusar-Zindanmuruq yolunun yanında yerləşir. Doqquz kəndi əhatə edən Qusarçay vadisinə də bu kəndin adı verilib. Böyük dağın zirvəsində, təbii maneələrlə qorunan kənddə insanlar ta qədim zamanlardan yaşayıblar. Ərəb dilində yazılmış "Əbu Müslümün tarixi" adlı tarixi xronikada X əsrdə Azərbaycanda mövcud olan bir neçə kəndin, o cümlədən Əniğ kəndinin adı çəkilir. Rəvayətə görə, kənd adını vaxtilə burada yaşamış yerli hakim Əniğ ağanın adından alıb. Digər fərziyyəyə görə, Əniğ hun tayfalarının adı ilə bağlı toponimdir. Əvvəllər "ünüğ" olub, sonra dəyişərək "Əniğ" formasını alıb.

Şahdağın ətəklərində yerləşən bu strateji əhəmiyyətli kənddə ərəb işğalından qorumaq üçün qala inşa edilib. Salavat aşırımının arxasından, Qusarçayın sağ sahilindən boylanan Əniğ qalası dəniz səviyyəsindən 1100 metr yüksəklikdə yerləşir. Qalanın müdafiə qabiliyyətini daha yaxşı təmin etmək üçün onun memarı ərazinin relyefinin bütün xüsusiyyətlərindən uğurla yararlanıb. Qala dik yamacda, nəhəng təpənin cənubunda yerləşir. Tarix müəllimi Elşən Əlimirzəyev deyir ki, qalan qalıqlarına görə ehtimal edirik ki, 3-4 hektar ərazisini əhatə edib:  “Əniğ qalasın müdafiə məqsədilə, Salavat aşırımını qorumaq üçün inşa olunub. Qala inşa olunarkən təbii müdafiə imkanlarından məharətlə istifadə edib. Qalanın inşası zamanı yerli çay daşı, qum və əhəng qarışığından istifadə olunub. Çox möhkəm və böyük bir qaladır. Ərəb mənbələrində rast gəlinir ki, Dərbənd və Şabran arasında Əniğ qalası qədər böyük bir müdafiə qalası olmayıb. Qalan qalıqlarına görə ehtimal edirik ki, 3-4 hektar ərazisini əhatə edib.”

Bir vaxtların möhtəşəm istehkam-qalasından bu günə iki fraqment qalıb. Onlardan birincisi 15-16 metr uzunluqda divardır. İkincisi qala qapılarının künc bürcüdür. Divarının eni 2 metr, bürcün diametri təxminən 6 metrdir. Qala qalıqlarının hündürlüyü 5,8-9,3 metrə çatır. Əniğ qalası qaya parçalarından və çay daşlarından inşa edilib. Gürcü dilində yazılmış "Xronoqrafi" kitabındakı (XIV) məlumatlara əsasən, IX əsrdən mövcud olan Əniğ qalasının 1288-ci ildə dağıdıldığını təxmin etmək olar.

Kəndin mərkəzində yerləşən məscid Hindistandakı Tac Mahala bənzədiyinə görə, onu görənlər Qusarın Tac Mahalı adlandırır. Elşən Əlimirzəyevin sözlərinə görə, məscidin inşası 1901-1911-ci illəri əhatə edib: “Kənddən Həcc ziyarətinə gedən 14 nəfər şəxs ordan Hindistana da səfər ediblər. Orda Tac Mahalı da görüblər və kənddə ona oxşar məscidin tikilməsinə qərar verirlər. Ustalar arasından 4 usta seçilir və məscidin inşasına başlanılır. Məscidin inşası 1901-1911-ci illəri əhatə edib. Kənardan baxanda məscidin 2 mərtəbəli olduğu ehtimal olunur, amma bina birmərtəbəlidir. Amma ikimərtəbəli bina hündürlüyündə tikilib.”

Əniğ kəndi turizm yolunun üstündə yerləşdiyi üçün bu kəndə tez-tez yerli və xarici turistlər səfər edir.    

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR