Rəqəmsal analitika, reklam və biznes tətbiqləri – MeasureCamp Azərbaycanda – APA TV

# 19:46
17 oktyabr 2022

MeasureCamp Rəqəmsal Analitika mövzusunda ödənişsiz qeyri-konferans tipli tədbir keçirilib. MeasureCamp Baku qlobal üzrə keçirilən 109-cu tədbirdir. 26 şəhərdə keçirilən bu tədbir data analitikası, rəqəmsal marketinq və rəqəmsal avtomatlaşdırma mövzuları üzrə müxtəlif sessiyalardan ibarətdir.

 

Azərbaycan Rəqəmsal Marketinq İcmasının həmtəsisçisi Anar Rüstəmli deyir ki, tədbirin mahiyyəti Azərbaycanda, hətta dünyada olan marketerləri, analitikləri, UI/UX dizaynerləri və buna yaxın sahədə çalışan şəxsləri bir araya toplamaq, təlimlər keçirmək və bu təlimlərlə onların təcrübələrini artırıb cəmiyyətə fayda verməkdir: “Tədbirimizə xaricdən gələn qonaqların sayı da kifayət qədər çoxdur və sevindirici haldır ki, ölkədəki gənclərin bu kimi tədbirlərə ciddi marağı var”.

 

Azərbaycan Rəqəmsal Marketinq İcmasının həmtəsisçisi Kamal Allazov deyir ki, rəqəmsal analitika tədbiri olan MeasurecampBaku-nu biz ilk dəfə Azərbaycanda keçiririk: “Daha öncə Bratislava və Stokholm şəhərlərində bu tədbirə qatıldığım üçün düşündüm ki, Azərbaycanda belə bir tədbir keçirməklə rəqəmsal marketinq mütəxəssislərini, veb analitikləri və bu sahəyə marağı olanları bir yerə toplamaq lazımdır. Tədbiri keçirməkdə məqsədimiz iştirakçılar arasında kommunikasiyanı, netvörkingi, şəbəkələşməni möhkəmləndirmək, onları həmin sektorda düzgün istiqamətləndirmək və ölkəmizin rəqəmsallaşmasına töhfə verməkdir”.

 

Tədbirdə iştirakçılar “Google” və “Facebook” kimi qlobal şirkətlərin analitika, rəqəmsal reklam və biznes tətbiqlərinin yerli bizneslərə adaptasiyası, kiçik və orta bizneslərin, eləcə də nəhəng elektron kommersiya şirkətləri üzrə reklam fəaliyyətinin optimizasiyası və məlumat təhlükəsizliyi barədə praktiki biliklər əldə ediblər.

 

Bakıda keçirilən tədbirdə 160 nəfər iştirak edib. Onların arasında Avropa ölkələrindən gələn mütəxəssislərlə yanaşı, yerli ekspertlər və sektora yeni başlayan şəxslər də olub. Ümumilikdə 24 maarifləndirici sessiyada iştirakçılara praktiki, biznes və analitik mövzularda təlimlər keçilib.

 

Qeyd edək ki, tədbirin baş tutmasında Azərbaycan Rəqəmsal Marketinq İcmasının üzvlərinin xüsusi rolu olub. Belə ki, daha öncə Bratislava və Stokholm şəhərlərində bu tədbirdə iştirak etmiş Kamal Allazov və həmkarı Anar Rüstəmli Azərbaycanda rəqəmsal marketinq sahəsindəki digər peşəkarlarla birgə bu tədbiri ölkəmizdə də təşkil ediblər.

 

Aysel Əliyeva,

Ziya Allahyarov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR