“Su xətti çəkirik” deyib yolu qazdılar, nə su var, nə də yol - ACINACAQLI DURUM

# 20:08
21 iyul 2022

Binəqədi, ikinci mədən, korpus 93. Yerli sakinlər bura “Ağdamlılar məhəlləsi” də deyirlər. Bura gəlməyimizə səbəb qaynar xəttimizə gələn şikayət məktubu oldu. Sakinlər deyir ki, bir ilə yaxındır gördüyünüz bu yol qazılıb, yeni su xətləri çəkilib, yeni smart tipli sayğaclar qoyulub. Amma iki aya yaxındır ki, su verilmir. Səbəb kimi də “Azərsu” ASC sayğaclarda təzyiqin olmamasını göstərir. Burada bir fakt gözümüzdən yayınmadı. Bəzi sayğaclar kəsilib. Yerli sakinlər deyir ki, “Azərsu” ASC deyir ki, borc çox olduğundan sayğacları kəsirik. Amma hazırda qarşısında dayandığımız evdə yaşayış yoxdur. Amma sayğac kəsilib. Sakinlər iddia edir ki, “Azərsu” ASC tərəfindən verilən su xəbərdarlıq edilmədən kəsilib. Nəticədə də yayın istisində susuz qalan sakinlər suya olan tələbatlarını ancaq həftədə bir dəfə məhəlləyə gələn su maşınlarından şərikli su almaqla ödəyirlər. Sakinlər hətta deyir ki, su işlətmədikləri təqdirdə, adlarına borc belə yazılıb. Bundan başqa, yeni su xətləri çəkilərkən qazılan yol da artıq keçilməz olub. Təxminən bir il əvvəl qazılan yolları gedərkən belə təmir etməyiblər. Məsələ ilə bağlı “Azərsu” ASC ilə əlaqə saxladıq. Qurumun sözçüsü Anar Cəbrayıllı bildirdi ki, artıq məsələ nəzarətə götürülüb, araşdırılacaq: “Həmin ərazidəki evlərin bir hissəsi su alır, digəri almır. Əraziyə Binəqədi Su-Kanal idarəsinin qəza briqadası cəlb edilib. Suyun hansı səbəbdən verilməməsi ilə bağlı tədbirlər görüləcək. Çox güman ki, oradakı siyirtmələrə özbaşına müdaxilələr var. Elə ona görə də, bəzi evlərə su verilmir. Qaldırılan digər məsələlər də tam araşdırılacaq”. Anar Cəbrayıllının sözlərinə görə, su xətti çəkilərkən qazılan yol da yenidən təmir olunacaq. Hər halda biz real vəziyyəti çəkib göstərdik. İndi qalır burada yaşayan onlarla ailənin içməli su probleminin aradan qaldırılacağı günü gözləmək. Ümid edirik ki, bu isti yay günlərində sakinlər susuzluqla imtahana çəkilməyəcək. Deyilən sözlər, verilən vədlər sadəcə söz kimi yerdə qalmayacaq, əməldə özünü göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR