Tahir Mirkişili İrəvanda Ermənistanı Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb

# 14:36
22 fevral 2022

Azərbaycanın hazırkı mövqeyi bütün beynəlxalq qanunlara və humanitar hüquqa uyğundur.

 

APA TV-nin xəbərinə görə, bunu İrəvanda AVRONEST Parlament Assambleyasında iştirak edən Azərbaycan parlamentinin deputatı Soltan Məmmədov erməni deputatın ittihamlarına cavabında deyib.

 

O bildirib ki, Qarabağ münaqişəsi beynəlxalq hüquq və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilib: “Mən bir daha təkrar etməkdən xoşbəxtəm ki, münaqişə artıq başa çatıb və biz regiona yeni reallıqlar, yeni geosiyasi reallıqlar gətiririk. Bütün beynəlxalq təşkilatlar regiona əməkdaşlığın gətirilməsinin vacibliyini qeyd edirlər. Avropa da bu regional əməkdaşlığı dəstəkləyir. Biz bütün beynəlxalq platformalardan istifadə edərək regiona sülh gətirməyə çalışmaqdan məmnunuq”, - deyə deputat vurğulayıb.

 

Soltan Məmmədov qeyd edib ki, Azərbaycan parlamentinin üzvlərinin Ermənistana səfəri iki ölkə arasında əlaqələrin istiləşməyə başlamasının əlamətidir.

 

Deputat Ermənistan nümayəndələrinin saxlanılanlarla bağlı ittihamlarına cavabında qeyd edib ki, Azərbaycan müharibədən dərhal sonra bütün əsirləri Ermənistana təhvil verib:

 

“Saxlanılanlar və azad edilmiş ərazilərdəki mədəni irs abidələri ilə bağlı ittihamlara gəlincə, qeyd etmək istəyirəm ki, bütün əsirlər müharibədən dərhal sonra Ermənistana qaytarılıb. Hazırda Ermənistana qaytarılması müzakirə edilənlər isə müharibədən sonra saxlanılanlardır. Bu, bütün beynəlxalq qaydalara və qanunlara uyğundur”, - Soltan Məmmədov vurğulayıb.

 

Deputat Tahir Mirkişili isə Birinci Qarabağ müharibəsi zamanı 4 minə yaxın azərbaycanlının itkin düşdüyünü və onlardan heç bir məlumat olmadığını nümayəndələrin diqqətinə çatdırıb.

 

Deputat azad olunmuş ərazilərdəki evinə baş çəkdiyini, bunun necə faciəli olduğunu, ermənilərin törətdiyi vəhşiliklərə diqqət çəkib. O, Ağdamın “Qafqazın Xirosima”sı adlandırıldığını da diqqətə çatdırıb.

 

İkinci Qarabağ müharibəsində hər iki tərəfdən insan itkilərinə toxunan Tahir Mirkişili qeyd edib ki, Azərbaycan hər hansı revanşist cəhdlər görmək istəmir: “Əgər ermənilər revanşist fikirlərə düşsələr, güclü Azərbaycan dövləti o qüvvələrə həm bu gün, həm də gələcəkdə lazımi cavab verməyə hazır olacaqlar! Bu münaqişə gələcək deyil, artıq keçmişdir. Biz gələcəkdə nələr istəyirik, bu barədə danışaq. Sülh müqaviləsinə nail olunması xalqlarımız, regionun inkişafı üçün çox yaxşı şans olardı”, - deyə deputat vurğulayıb.

 

Qeyd edək ki, komitə iclasında Ermənistanın AVRONEST Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, “Hayastan” fraksiyanın üzvü Artur Xaçatryan, habelə Anna Qriqoryan Dağlıq Qarabağın ermənilərə məxsus olduğunu iddia edib, Azərbaycan və Türkiyəni ittiham ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR