Tibb Universitetində qısa geyim qalmaqalı - “Şortik geyinib gələcəyik”

# 18:08
8 iyun 2022

 

 

İctimai qaydalara uyğun olaraq kitabxanaya qısa şalvarda (şortik), maykada girmək qəti qadağandır”. Məlum elan Azərbaycan Tibb Universitetinin əsas binasında yeləşən kitabxanın giriş qapısına vurulub. Bu elan həm də sosial şəbəkələrdə geniş müzakirələrə  yol açıb. Maraqlıdır, bu qadağadan sonra kitabxanaya “şortik” və maykada daxil olmaq istəyən tələbələrin aqibəti necə olacaq? Bax bu suala aydınlıq gətirmək üçün burdayıq.

 

Bəli, Azərbaycan Tibb Universitetində kitabxanaya giriş üçün geyim qaydası tətbiq edilib. Yeni tətbiq edilən bu qadağa tələbələrin böyük əksəriyyətinin narazılığına səbəb olub.

 

Məsələyə münasibət bildirən ATU-nun mətbuat katibi Günel Aslanova bildirdi ki, bu elan etiket qaydalarına dəvətdir: “Tələbələr şortiklə, mayka ilə kitabxanaya gələ bilməzlər. Bizim daxili nizam-intizam qaydalarına əməl olunması mütləqdir. Bzi bu elanla tələbələrimizi nəyəsə məcbur etmirik. Onları etik qaydalara dəvət edirik. Elanı dünən dərc etmişik, özü də tələbələrimzin şikayəti əsasında. Hələ ki bu elandan sonra belə bir problem yaşamamışıq. Amma problem yaranarsa, kitabxana rəhbərliyi tərəfindən onlara vəziyyət izah olunacaq”.

 

Eyni sualı kitabxananın bölmə müdiri Solmaz Fazilovaya da verdik. Gah bu qərarın Təhsil Nazirliyi tərəfindən verildiyini dedi, gah da “nə bilim, vallah” kimi yayındırıcı cavablar aldıq:

 

“Tələbələr şortik geyinirlər. Bu yaxşı deyil, biz bununla razı ola bilmərik.

 

-Bu qərardan sonra şortik geyinən tələbələr oxu zalına buraxılmayacaq?

 

-Vallah onu deyə bilmərəm. Özləri görürlər ki, olmaz. Dallarıyca düşüb, deyək ki, geyinməyin?! Bu təhsi nazirliyinin qərarıdır.

 

-Xeyir, Təhsil Nazirliyinin məsələdən xəbəri yoxdur, bu universitet daxilində qəbul edilən qərardır.

 

-Nə bilim vallah, onu bilmirəm”

 

Belə çıxır ki, tələbələr universitet daxilində şortik və maykada gəzə bilər, amma kitabxanaya bu geyimdə daxil ola bilməzlər. Bax, burda rəhmətlik Mirzə Ələkbər Sabir çox gözəl deyib. “Əcnəbi  seyrə  balonlarla çıxır, biz hələ avtomobil minməyiriz”. Görünür belə getsə, bu xəmir hələ çox su aparacaq. 

 

AYTƏN SAKİTQIZI,

CEYHUN İSKƏNDƏROV,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR