Vaxt azdır, yoxsa suallar düzgün tərtib olunmayıb? - MİQ İMTAHANINDAN NARAZILIQ

# 17:02
26 iyul 2021

Etiraz edən bu şəxslər iyulun 22-23-də müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən şəxslərdir.

 

APA TV-nin məlumatına görə, kimi sualların düzgün tərtib olunmamasından, kimisi də bu suallara görə, imtahan ərzində onlara ayrılan zamanın azlığından gileylənir.

 

20 ildən artıqdır ki, müəllimlik peşəsini özünə sənət seçən Afərim Seyidova deyir ki, analoji hal təkcə bu il qeydə alınmayıb. İmtahanlarda iştirak edənlər öncəki illərdə də eyni problemlə üz-üzə qalıb: “Ötən illərdə müəllimlərin işə qəbul imtahanlarında ciddi çatışmazlıqlar var idi. İmtahan sualları düzgün tərtib olunmurdu. Cari ildə isə bu hadisə öz pik nöqtəsinə çatdı. Biz gördük ki, Təhsil İnstitutunun sual tərtib etmək, testologiya bacarığı sıfır səviyyəsindədir. Bu ilki suallar heç bir çərçivəyə, heç bir standarta uyğun olaraq tərtib olunmayıb. Burada yeni təhsil proqramının uyğunluq və etibarlılıq prinsipləri pozulub”.

 

Kübra Heydərova isə suallar üçün hesablanan balın azlığından şikayətçidir: “Mənə ötən il iştirak etdiyim imtahanda kurikulumdan bir imtahan düşmüşdü ki, təhsil verənlərin hüquqları nələrdir. Buna 1 bal verirdi. Valideynlərin vəzifələri nələrdir? – buna görə də ayrıca 1 bal. Bu il isə kurikulumda sual düşdü ki, təhsil verənlərin hüquq və vəzifələri, təhsil alanların hüquq və vəzifələri, valideynlərin hüquq və vəzifələri nələrdir. Bu 6 punkt sadəcə 1 bal verir və bunun üçün bizə 30 saniyə vaxt verirlər ki, bu 6 punktu yerinə yetirək. Ötən il 6 punktun hər birinə ayrıca 1 bal verilirdisə, bu il toplamda 6 punkta sadəcə 1 bal verilir”.

 

İmtahanda iştirak etmiş Asudə Adıgözəlova isə suallara cavab vermək üçün ayrılan vaxtın azlığından şikayət edir: “Azərbaycan dili suallarını tapmacaya çeviriblər. İkibaşlı, üçbaşlı suallar salıblar imtahana. 90 dəqiqə vaxt verilir. Hər suala 1 dəqiqə yarım vaxt düşməlidir. Amma elə suallar var ki, 5 dəqiqə vaxtımızı aparır. Səhv sualların olması isə bizmi təkrar-təkrar eyni suala qayıtmağımız deməkdir. O da ən azı 5 dəqiqə vaxt aparanda zaman çatmır. Bu sualları işləmək üçün ya bizə düzgün vaxt versinlər, ya da sualları düzgün tərtib etsinlər. Əgər bacarmırlarsa, imtahanları Dövlət İmtahan Mərkəzinə versinlər”.

 

İmtahanda iştirak edən Aygün Əliyeva nəticələrin ləğv olunmasını və imtahanların yenidən, sadələşdirilmiş suallarla keçirilməsini tələb edir: “Keçən il, birinci ilimdə imtahan verib 50-yə yaxın bal topladım. Amma bu riyaziyyatla bağlı olan haqsızlığa görə, o baldan qat-qat aşağı bal topladım. İmtahanda 1 sualı yazmaq üçün ən azı 10 dəqiqə vaxt tələb olunurdu. Bu da bizə verilən vaxtla uyğun gəlmir. Təhsil Nazirliyindən xahişimiz budur ki, bu imtahanlar yenidən təşkil olunsun”.

 

Aytən Cavadzadə də keçirilən imtahandan narazıdır: “İmtahandan öncə bizə çərçivə təqdim olunurdu. Həmin çərçivədə hansı dərslər üzrə nə qədər sual düşəcəksə, onların miqdarı yazılırdı. Amma çox təəssüf olsun ki, imtahanda buna riayət olunmadı. Təkcə bir mövzudan 5-6 sual təqdim olundu. Bundan əlavə, Təhsil Nazirliyi sınaq imtahanı keçirmişdi. Həmin sınaq imtahanının sualları ilə MİQ sualları arasında ciddi fərqlər var idi. Verilən vaxt çox az idi. 90 dəqiqə ərzində gərək biz robot olardıq ki, həmin sualları cavablandıraq. Bizim tələbimiz odur ki, imtahanın nəticələri ləğv olunsun və yenisi keçirilsin. Ədalət ancaq bu formada öz yerini tapa bilər”.

 

Məsələ ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Qurumun İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Cəsarət Valehoğlu bildirdi ki, hazırda sözügedən məsələ ilə bağlı nazirlikdə komissiya yaradılıb və araşdırmalar aparılır. Sabah isə sözügedən araşdırmanın nəticələri ilə bağlı yekun qərar veriləcək.

 

Qeyd edək ki, Təhsil naziri Emin Əmrullayev də bununla bağlı rəsmi “Facebook” hesabından paylaşım edərək bildirmişdi ki, 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu imtahanlarında namizədlərə təqdim olunmuş test tapşırıqları haqqında sosial mediada yayılmış narazılıqlardan məlumatlıyıq. Bunları nəzərə alaraq, ekspert komissiyası tərəfindən test tapşırıqlarının müxtəlif seanslar üzrə müqayisəli elmi-statistik təhlili aparılacaq. Araşdırmaların nəticəsinə əsasən növbəti 3 gün ərzində müvafiq qərarlar qəbul ediləcək və ictimaiyyətə açıqlanacaq.

 

Həmidağa Məcidov,

Üzeyir Ağayev,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR