Vətən Müharibəsinin 44-cü günü: 9 noyabrda nələr baş verdi?

# 07:00
9 noyabr 2021

9 noyabr 2020-ci il. Noyabrın 8-i gün ərzində və 9-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutdu.

 

Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivlikdə davam edirdi. Sutka ərzində cəbhənin əsas istiqamətlərində düşmənə ciddi zərbələr vurulmuşdu. Cəbhənin bəzi sahələrində düşmən şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilmişdi.

 

Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 1 ədəd T-72 tankı, 1 ədəd D-30 topu, 1 minaatan heyəti, döyüş sursatı ilə dolu bir hərbi yük avtomobili məhv edilmişdi.

 

Düşmən isə Berd və Çəmbərək rayonları istiqamətindən Azərbaycanın Tovuz və Gədəbəy rayonlarında yerləşən hərbi bölmələrimizin mövqelərini fasilələrlə atəşə tuturdu.

 

Ordumuzun mövqelərini atəşə tutan Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tərtər rayonunun Ulu Qarabəy (keçmiş Metsşen) məntəqəsindəki atəş nöqtəsində qərarlaşan minaatan heyəti isə Bölmələrimiz tərəfindən məhv edildi.

 

Bundan başqa, bölmələrimiz tərəfindən Tonaşen məntəqəsi yaxınlığındakı düşmənin 1 ədəd T-72 tankı və cəbhənin Xocavənd istiqamətində hərəkət edən şəxsi heyəti, həmçinin Laçın-Şuşa yolu üzərindəki Zarıslı kəndi yaxınlığında mühasirədən çıxmaq məqsədilə bölmələrimizin üzərinə hücum etməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin 1 tankı və 1 PDM-i məhv edildi.

 

Ordumuz tərəfindən Cəbhənin Xocavənd istiqamətində də düşmənin mövqelərinə artilleriya zərbələri endirildi. Zərbələr nəticəsində düşmənin “Tor-M2KM” və “OSA”  zenit-raket kompleksləri və düşmənin canlı qüvvəsi sıradan çıxarıldı.

 

Günün sonuna doğru isə hamının səbirsizliklə gözlədiyi o xoş xəbər Prezident, Ali Baş Komandan İlham Əliyevdən gəldi. Müzəffər Azərbaycan Ordusu Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilanın Keçikli, Ördəkli, eləcə də Xocavəndin Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər, Xocalının Şuşakənd, Muxtar, Daşaltı, Füzulinin Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq, Zəngilanın Sobu, Qaragöz, İsgəndərbəyli kəndlərini, Bartaz qəsəbəsini, Bartaz strateji yüksəkliyini (2300 metr), Sığırt yüksəkliyini (1370 metr), Şükürataz yüksəkliyini (2000 metr) və əlavə 5 adsız strateji yüksəkliyi, Cəbrayılın Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər, Qubadlının Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli, Laçının Güləbürd, Səfiyan, Türklər kəndlərini işğaldan azad etmişdi.

 

Bu xoş xəbərdən sonra isə Müdafiə Nazirliyi tərəfindən baxdıqca doymadığımız Şuşamızdan yeni görüntülər yayıldı.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR