Xarici diplomlardan niyə imtina olunur?

# 18:04
23 dekabr 2021

“Gələn ildən xarici diplomların tanınmasında yeniliklər tətbiq olunacaq”.

 

APA TV-nin məlumatına görə, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Eldar Orucov ilin yekunlarına dair mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, bir çox ölkələrdə tibb sahəsində tədris normativi Azərbaycanda nəzərdə tutulan tədris normativindən daha aşağıdır. Bu zaman onların bilikləri yetərli olmur. Lakin yeni qaydalar layihəsində yaradılmış qismən tanınma anlayışı nəticəsində tələbələrin əldə etdiyi biliklər tanınacaq. Onlara ölkəmizdə mövcud olan digər ali təhsil müəssisələrində çatışmayan kreditləri əldə etmək hüququ veriləcək ki, ixtisaslarını tamamlaya bilsinlər. Layihənin gələn ilin əvvəlində təsdiq edilməsi nəzərdə tutulur.

 

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Eldar Orucov qeyd edib ki, bu il iki ali məktəbdə akkreditasiya qiymətləndirilməsi keçirilib: “Bu il iki universitetdə - Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetində akkreditasiya qiymətləndirilməsi keçirilib. Həmçinin bir ali təhsil müəssisəsi iki yeni ixtisasın açılması üçün müraciət edib”.

 

Konfransda həmçinin ali təhsil sahəsində akkreditasiyanın beynəlxalq rəqabət qabiliyyətli aparılması üçün akkreditasiya meyarları və indikatorları hazırlandığı bildirilib.

 

E. Orucov deyib ki, bu indikatorlar ali təhsil müəssisələrinə göndərildikdən sonra universitetlər həmin meyarlara əsasən keyfiyyət təminatının tənzimlənməsi üçün özlərini qiymətləndirmə hesabatları hazırlayacaqlar.

 

Tədbir zamanı bildirilib ki, bu il Təhsildə Keyfiyyət Təminatı Agentliyinə xarici diplomların tanınması ilə bağlı 3004 müraciət olub. Onlardan 2278 müraciətə müsbət, 726 müraciətə isə mənfi cavab verilib.

 

Eldar Orucov həmçinin xarici diplomların tanınması zamanı imtinanın əsas səbəblərini də açıqlayıb. O bildirib ki, imtinanın başlıca səbəbi sərhəd keçmə və baza dil bilgilərinin yetərli olmamasıdır.

 

Qeyd edək ki, ölkə vətəndaşları xaricdə təhsil almaq üçün əsasən Gürcüstan, Rusiya və Ukraynaya üstünlük verirlər. Lakin son dövrlərdə Qərb, Mərkəzi Asiya və Şərq ölkələrində təhsil almağa da marağın artdığı görünür.

 

Mir Çingiz Ağazadə

Kamran Namazov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR