2026–2030-cu illər üçün yeni aqrar Dövlət Proqramının “Kənd təsərrüfatında kooperasiyalaşma və assosiasiyaların inkişafının dəstəklənməsi” tədbiri çərçivəsində pilot qaydada Naxçıvan Muxtar Respublikasında dövlət dəstəyi ilə bir model kooperativin yaradılması nəzərdə tutulur.
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emal sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasında keçirilən regional müşavirədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.
“Dövlət Proqramının digər istiqamətləri üzrə də muxtar respublikanın təbii-iqlim şəraiti, bitki və heyvanların bioloji xüsusiyyətləri, mövcud resurs potensialı və regional inkişaf prioritetləri nəzərə alınmaqla müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Bu tədbirlərin Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı, su ehtiyatlarından səmərəli istifadəyə dair Tədbirlər Planı və digər aidiyyəti strateji sənədlərlə əlaqələndirilməsi təmin ediləcək”, - nazir qeyd edib.
Oun sözlərinə görə, eyni zamanda, Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planında kənd təsərrüfatının dayanıqlı inkişafı üçün strateji əhəmiyyət daşıyan tədbirlər nəzərdə tutulmuşdur.
Məcnun Məmmədov onu da əlavə edib ki, ölkə üzrə həyata keçirilən yeni aqrar siyasət tədbirləri, Naxçıvan üçün müəyyən edilmiş diferensial subsidiya mexanizmləri, suvarma infrastrukturunun inkişafı və kooperasiya təşəbbüsləri muxtar respublikanın kənd təsərrüfatında məhsuldarlığın, rəqabətqabiliyyətliliyin və əlavə dəyərin artırılması üçün mühüm imkanlar yaradır.