Bugünkü müzakirələr bir daha göstərdi ki, qarşıdakı beş il ərzində aqrar sahənin inkişafı yalnız istehsalın artırılması ilə ölçülməyəcək. Əsas meyar məhsuldarlıq, rəqabətqabiliyyətlilik, əlavə dəyər, özünütəminat, ixrac potensialı və müasir idarəetmə olacaq.
APA xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublilasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emal sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasında keçirilən regional müşavirədə deyib.
C. Cəliliov bildirib ki, Prezidentin müəyyən etdiyi əsas vəzifə aydındır: mövcud potensialdan maksimum istifadə etməklə ölkənin ərzaq təhlükəsizliyini daha da möhkəmləndirmək, idxaldan asılılığı azaltmaq, özəl investisiyaları artırmaq və aqrar sahəni iqtisadi inkişafın aparıcı istiqamətlərindən birinə çevirmək:
"Dövlət Proqramı ilə müəyyən edilmiş əsas hədəflər bitkiçilik üzrə müasir suvarma sistemləri, intensiv meyvə bağları, istixana kompleksləri, soyuducu anbarları və taxıl silolarının həcminin və buğdanın məhsuldarlığının, kiçik şərabçılıq təsərrüfatlarının sayının artırılması, heyvandarlıq üzrə isə heyvanların xüsusi cins tərkibinin, müxtəlif növdə ət məhsullarının, süd və yumurtanın istehsal həcminin artırılması, sahə üzrə kadr potensialının genişləndirilməsi, aqrar sığortaya cəlb edilmənin həcminin genişləndirilməsi və idarəetmənin rəqəmsallaşmaya keçidinin təmin edilməsindən ibarətdir. Eləcə də su və torpaq resurslarından səmərəli istifadə əsas prioritetlərdəndir. Naxçıvan Muxtar Respublikası bu məqsədlərin həyata keçirilməsi üçün ən əlverişli regionlardan biridir. Burada mövcud vergi və gömrük güzəştləri, subsidiyalar, daşınma xərclərinin dövlət tərəfindən qarşılanması, daha əlverişli aqrar dəstək mexanizmləri, heyvan xəstəliklərindən azad zona statusuna hazırlıq işləri, su infrastrukturunun gücləndirilməsi yeni investisiyalar üçün mühüm üstünlüklər yaradır. İndi əsas məsələ bu imkanları konkret nəticələrə çevirməkdir".
Vurğulanıb ki, ilk növbədə yerli icra hakimiyyəti orqanları Prezident tərəfindən müəyyən edilmiş hədəflərə nail olmaq və verilən tapşırıqların icrasını təmin etmək məqsədilə yerlərdə Dövlət Proqramının mahiyyəti, dövlət dəstəyi mexanizmləri və investisiya imkanlarının mütəmadi təbliğatını həyata keçirməli, nəzərdə tutulan hədəflərə çatmaq ucun zəruri tədbirləri görməlidirlər. Hər bir rayon üzrə torpaq, su, iqlim və mövcud istehsal imkanları təhlil edilməli, Dövlət Proqramının hədəflərinə uyğun olaraq rayonların aqrar ixtisaslaşması müəyyən edilməli və 2026–2030-cu illəri əhatə edən fəaliyyət planları hazırlanmalıdır, icra hakimiyyəti orqanları yalnız inzibati funksiyanı yerinə yetirməməli, sahibkarla dövlət arasında əlaqələndirici və inkişafı təşkil edən əsas institut kimi fəaliyyət göstərməlidirlər. Bu məqsədlə əlaqələndirici orqanlar yaratmalı, yerlərdə fermerlərin müraciətlərinin və problemlərinin həlli istiqamətində sistemli və əlaqələndirilmiş iş təşkil etməlidirlər.