Rusiyada general Naxçıvanskinin büstünün açılışı olub

Rusiyada general Naxçıvanskinin büstünün açılışı olub
# 04 noyabr 2016 12:18 (UTC +04:00)

Rusiyanın Tambov şəhərindəki Qraf Vorontsov-Daşkov adına Kazak Kadet Məktəbində Rusiya İmperiyasının general-adyutantı olmuş Hüseyn xan Naxçıvanskinin büstünün açılış mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imperiyanın süvari qvardiya korpusuna komandanlıq etmiş Hüseyn xan Naxçıvanskiyə büstün qoyulması Ümumrusiya Azərbaycan Konqresinin Tambov regional bölməsinin rəhbəri Rəhim Hüseynovun təşəbbüsüdür. Açılış mərasimində çıxış edən diaspor rəhbəri Hüseyn xanın xidmətlərindən və Azərbaycan-rus xalqlarının dostluğundan bəhs edib. Tambov Kazak Cəmiyyətinin atamanı Vladimir Veklenko isə Hüseyn xan Naxçıvanskinin tarixə şərəfli cəngavər kimi düşdüyünü vurğulayıb.

Tədbirdə Rusiya Federal Mərkəzi Dairəsi üzrə prezidentin rəsmi nümayəndəsi Aleksandr Beqlovun təbrik məktubu oxunub. Açılış mərasimindən sonra əksəriyyəti Rusiyanın müxtəlif güc strurkturlarının və inzibati instansiyalarının rəsmiləri olan Tambov vilayətinin kazakları konfrans keçirib. Konfransda ÜAK-ın nümayəndəsi Anar Həsənov Naxçıvan xanlığı və Naxçıvanskilər sülaləsi haqqında çıxış edib. O qeyd edib ki, Hüseyn xan Naxçıvan xanlığına hakimlik etmiş Naxçıvanskilər sülaləsinin nümayəndəsi olub. 1828-ci ildə Rusiyanın tərkibinə keçdikdən sonra imperiyaya xidmət edən Hüseyn xan rus-yapon müharibəsində şücaət göstərdiyinə görə 4-cü dərəcəli “Georgi xaçı” ilə təltif edilib. Birinci dünya müharibəsində isə Brusilov əməliyyatında göstərdiyi şücaətə görə 3-cü dərəcəli “Georgi xaçı” ordeninə layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR