Əmək pensiyasına görə yaş həddinin artırılmasına dair detallar məlum olub

Əmək pensiyasına görə yaş həddinin artırılmasına dair detallar məlum olub
# 28 dekabr 2016 10:28 (UTC +04:00)

Azərbaycanda əmək pensiyası üçün yaş həddinin artırılması ilə bağlı Milli Məclisə daxil olan layihənin detalları məlum olub. APA-nın məlumatına görə, layihədə əmək pensiyası üzrə yaş həddinin müvafiq olaraq artırılması əks olunub.

Layihəyə görə qanunun 9-cu (Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər) maddəsinə edilən əlavə və dəyişikliyə görə, prokurorluq orqanlarında çalışanların əmək pensiyası üçün yaş həddi 25-dən 35-ə qaldırılır. Eyni zamanda “yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri” cümləsində də “25 il” sözləri “35 il” sözü ilə, “12 il 6 ay” sözləri isə “17 il 6 ay” sözləri ilə əvəz edilir.

Bundan başqa ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə olanlar üçün də yaş həddi 25-dən 35-ə qaldırılır. Sənədə görə, cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş işlərin və peşələrin siyahısı üzrə məhkumlarla və həbsdə olan şəxslərlə işləyən mülki işçilər üçün yaş həddi kişilərdə 55-dən 60-a, qadınlarda 50-dən 55-ə qaldırılır. Eyni zamanda bu kateqoriyadan olan mülki işçilər üçün kişilərdə pensiya yaşına çatdıqda hesablanan ümumi əmək stajının ili 25-dən 30-a, eyni tələb qadınlarda isə 20-dən 25-ə qaldırılır.

Maddəyə edilən digər düzəlişə görə isə, miqrasiya və fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə də əmək pensiyası üçün tələb olunan qulluq stajı 25-dən 35-ə qaldırılır.

Qanunun 20-ci (Qulluq stajına görə əmək pensiyasına əlavələr) maddəsinə edilən düzəlişlərə görə isə, “5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında” cümləsi “15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında” cümləsi ilə əvəz edilir. 15 ildən artıq hakim kimi çalışanlar isə orta aylıq əmək haqqının 50 faizi miqdarında və 15 ildən artıq hakimlik stajının hər ili üçün 3 faiz miqdarında əmək pensiyasına əlavə ödənilir.

Maddəyə edilən digər düzəlişə görə isə, “dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə-dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında” cümləsi “dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə- dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında” cümləsi ilə əvəz edilir. Maddənin 2-ci (dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla) bəndi ləğv edilir. əvəzində isə belə redaksiyada verilir: “Dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə- dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faiz miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğdə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir”.

Qanunun 10-cu (Yaşa görə əmək pensiyasının məbləği) maddəsinin 1-ci hissəsi (Yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir) ləğv edilir. Əvəzində isə maddənin 2-ci bəndinə belə bir ikinci hissə əlavə edilir: “Bu qanuna uyğun olaraq təyin edilmiş yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”.

Layihə 2017-ci il yaz sessiyasında Milli Məclisdə müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR