İctimai səhiyyə məsələlərində əməkdaşlığa dair yenilənmiş öhdəliklər razılaşdırılıb

İctimai səhiyyə məsələlərində əməkdaşlığa dair yenilənmiş öhdəliklər razılaşdırılıb
# 22 mart 2017 11:04 (UTC +04:00)

Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin inkişaf proqramının (BMTİO) rezident nümayəndəsi Qulam İsakzai, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Kamran Qaraxanov və Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev arasında görüş keçirilib. Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycanla beynəlxalq təşkilatlar arasında ictimai səhiyyə məsələlərində əməkdaşlığa dair yenilənmiş öhdəliklər razılaşdırılıb.

Səhiyyə naziri Oqtay Şirəliyev son illər ərzində ictimai səhiyyə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığın, əlaqələrin necə dəyişdiyini diqqətə çatdırıb. O bildirib ki, əvvəllər beynəlxalq təşkilatlarla donor əlaqələr hazırda texniki əməkdaşlığa çevrilib.

Q.İsakzai isə görüşdə səhiyyənin inkişafında müasir tendensiyalar barədə məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Minilliyin İnkişafı Strategiyası çərçivəsində götürdüyü öhdəlikləri lazımi səviyyədə yerinə yetirir: “Azərbaycan malariya, məxmərək, qızılca, poliomielitdən azad ölkəyə çevrilib, vərəmlə mübarizə sahəsində effektiv nəzarətə, ana və uşaq ölümü göstəricilərinin son 10 il ərzində əhəmiyyətli azaldılmasına nail olunub. Təşkilat ictimai səhiyyə sisteminin daha da gücləndirilməsi, xüsusilə ana və uşaq sağlamlığı, reproduktiv sağlamlıq, səhiyyənin maliyyələşdirilməsi və universal əhatə, beynəlxalq mexanizmlər vasitəsilə keyfiyyətli dərman və təchizatların təminatı sahəsində Səhiyyə Nazirliyinə dəstəyini göstərməyə hazırdır”.

Davamlı inkişaf məqsədlərinin vacibliyini bir daha xatırladan Q.İsakzai qeyd edib ki, bu məqsədlərə nail olmaq üçün BMT Səhiyyə Nazirliyi ilə birgə əməkdaşlığa hər zaman hazırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR