İstanbulda XX Avrasiya İqtisadiyyat Zirvəsi keçirilir

İstanbulda  XX Avrasiya İqtisadiyyat Zirvəsi keçirilir
# 05 aprel 2017 15:08 (UTC +04:00)

Türkiyənin İstanbul şəhərində XX Avrasiya İqtisadiyyat Zirvəsi keçirilir.

APA-nın məlumatına görə, Mərmərə Qrupu Vəqfinin təşkil etdiyi toplantıda Azərbaycanı sənaye və energetika naziri Natiq Əliyev, Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov və digər şəxslər təmsil edir.

Toplantının açılışında Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov prezident İlham Əliyevin göndərdiyi təbrik məktubunu oxuyub.

Azərbaycanın sənaye və enerji naziri Natiq Əliyevin sədrlik etdiyi açılış toplantısında çıxış edən Mərmərə Qrupu Vəqfinin başqanı Akkan Suver dünyanın yeni böhranlarla üzbəüz qaldığı bir vaxtda 4 ölkənin prezidenti, ümumilikdə 44 ölkənin keçmiş prezidentləri, hökumət başçıları, nazirləri, QHT liderləri, elm adamları ilə vacib məsələlər ətrafında səmərəli müzakirələr aparacaqlarına inandığını bildirib. Avrasiya İqtisadiyyat Zirvə Toplantılarının 20 il fasiləsiz keçirilməsində Heydər Əliyevin böyük rolu olduğunu diqqətə çatdıran A. Suver dəstəyin davam etdirilməsinə görə prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Açılış toplantısında çıxış edən Albaniya prezidenti Bujar Nishani “Əcaba, bu gün bəşəriyyət yol ayrımına gəlibmi?” - deyə sual verərək bütün problemlərin öhdəsindən gəlməyin mümkün olduğunu, elm adamlarının, mülki təşkilat rəhbərlərinin, siyasətçilərin, hər şeydən əvvəl öz ölkələrindən başlayaraq problemlərin dünya miqyasında həllinə çalışmalarının lüzumunu vurğulayıb.

Bosniya-Herseqovina Rəyasət Heyətinin sədri Mladen İvaniç isə dünyada yaşanan problemlər çərçivəsində kiçik ölkələrin talelərini gündəmə gətirərək Türkiyənin Balkan ölkələrinin inkişafı üçün oynaya biləcəyi önəmli rola diqqəti cəlb edib: “Biz sadəcə, problem yaratmaq istəmirik, qlobal proseslərdə də rol oynamaq və dünyadakı sülhün və rifahın bir hissəsi olmaq istəyirik”.

İstanbul Ticarət Palatasının sədri İbrahim Çağlar isə Türkiyənin region və dünya ölkələri ilə ticarət əlaqələrinin genişləndirilməsində QHT-lərin rolunun önəmindən bəhs edib.

Zirvə toplantısı öz işini aprelin 6-da başa vuracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR