Deputatlar prezident İlham Əliyevin AŞPA-dakı çıxışını yüksək qiymətləndiriblər

Deputatlar prezident İlham Əliyevin AŞPA-dakı çıxışını yüksək qiymətləndiriblər
# 27 iyun 2014 10:10 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında deputatlar prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) çıxışına münasibət bildiriblər.

APA-nın məlumatına görə, deputat Qənirə Paşayeva bildirib ki, Azərbaycan prezidenti ölkənin maraqlarını, mövqeyini yüksək səviyyədə, bütün Assambleya üzvlərinə çatdırıb.

O qeyd edib ki, prezidentin çıxışında ən diqqətçəkən məqamlardan biri artıq heç kimin Azərbaycanla təzyiq və təhdid dilində danışa bilməyəcəyi mesajının verilməsi olub: “Prezident bir daha vurğuladı ki, Azərbaycan artıq ikili standartları qəbul etməyəcək”.

Deputat Fəzail Ağamalı qeyd edib ki, yüksək intellekt, vətənpərvərlik, böyük siyasi təfəkkür nümayiş etdirərək, Azərbaycanın AŞPA ilə münasibətlərini yüksək səviyyədə ortaya qoyan, konkret faktlarla, arqumentlərlə Azərbaycan həqiqətlərini Avropa Şurasına çatdıran Azərbaycan prezidenti eyni zamanda Dağlıq Qarabağ problemini çox açıq və ciddi şəkildə önə çəkib.

Deputat Bəxtiyar Əliyev isə prezidentin çıxışına istinad edərək, Azərbaycanın dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilməsinin danılmaz fakt olduğunu deyib: “Azərbaycan hərtərəfli inkişaf edən hüquqi-demokratik ölkədir. Bu gün istər cəbhə bölgəsindən, istərsə də digər bölgələrdən olan əhali prezidentin çıxışını dəstəkləyir. Xüsusilə prezidentin işğal olunmuş ərazilərlə bağlı iradı daha çox diqqət çəkəndir. Çünki Qarabağ hamımızın ortaq problemidir”.

Deputatlardan Fəzail İbrahimli və Xanhüseyn Kazımlı da ölkə başçısının AŞPA-dakı çıxışını Azərbaycan siyasətinin parlaq qələbəsi kimi xarakterizə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR