Londonda “Böyük Britaniya-Azərbaycan Yüksək Texnologiyalar Forumu” keçirilib - FOTO

Londonda “Böyük Britaniya-Azərbaycan Yüksək Texnologiyalar Forumu” keçirilib - <span style="color: red;">FOTO
# 27 iyun 2014 10:20 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun başçılıq etdiyi nümayəndə heyəti Böyük Britaniyanın mədəniyyət, rabitə və kreativ sənaye naziri və İnternet İdarəçiliyi Forumunun baş katibinin dəvəti ilə London şəhərində səfərdə olub.

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Qlobal İnternet İdarəçiliyi Forumunun Nazirlər Toplantısında rabitə və yüksək texnologiyalar naziri Ə. Abbasov çıxış edərək, ölkəmizdə bu sahədə aparılan islahatlar, eyni zamanda dünyada mövcud olan İKT və internet problemlərindən danışıb.

Forum çərçivəsində nazir Ə. Abbasov Böyük Britaniyanın mədəniyyət, rabitə və kreativ sənaye naziri Ed Vaizey, Pakistanın və Fransanın rabitə və informasiya texnologiyaları nazirləri ilə ikitərəfli görüşlər keçirib, əməkdaşlıq imkanları və gələcək perspektivlər müzakirə edilib.

Səfər zamanı nazir Ə. Abbasov Böyük Britaniyanın ticarət və investisiya naziri Lord Livinqstonla da qarşılıqlı investisiya əlaqələrinin genişləndirilməsi və təşviqi məsələləri ilə bağlı fikir mübadiləsi aparıb, daha sonra London meriyasının rəhbərliyi ilə görüşüb.

Bundan başqa, “Microsoft” şirkətinin Mərkəzi və Şərqi Avropa regionu üzrə əlaqələndiricisi Trudy Norris-Grey ilə keçirilən görüşdə istifadədə olan kompüter sistemlərinin leqallaşdırılması məsələləri barədə müzakirələr aparılıb və digər bir neçə texnoloji şirkət rəhbərləri ilə görüşlər keçirilib. Nazir Böyük Britaniyanın İmperial Kollecində kimya mühəndisliyi laboratoriyasının fəaliyyəti ilə yaxından tanış olub, ölkəmizin müvafiq ali məktəblərində kadr hazırlığında belə laboratoriyaların təşkilinin vacibliyini vurğulayıb.

Daha sonra hər iki tərəfdən 150 nəfərin iştirakı ilə “Böyük Britaniya - Azərbaycan Yüksək Texnologiyalar Forumu” öz işinə başlayıb. Forum Azərbaycanla Böyük Britaniya arasında rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlığın daha da gücləndirilməsi, ölkəmizdə bu sahənin inkişafı üçün mövcud olan imkanlar barədə Britaniya şirkətlərinin məlumatlığının artırılması, sahə üzrə təcrübə və innovasiyaları təşviq etmək məqsədi daşıyıb.

Forumun açılışında nazir Ə.Abbasov, Böyük Britaniya parlamentinin üzvü, Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistan ilə ticarət məsələləri üzrə elçisi Çarlz Hendri giriş nitqi ilə çıxış ediblər. Forum iştirakçılarına nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC, Yüksək Texnologiyalar Parkının fəaliyyət istiqamətləri, eyni zamanda “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi, Azərbaycanın Şərqlə Qərb arasında İKT mərkəzinə çevrilməsinə xidmət edən ilk telekommunikasiya peyki “Azerspace-1”, orbitə 2016-cı ildə buraxılacaq müşahidə peyki, 2017-ci ildə buraxılacaq ikinci telekommunikasiya peyki, Sumqayıt Texnologiyalar Parkı, öz yenilikləri ilə seçilən “Ağ şəhər” layihəsi və yerli startaplarla bağlı məlumat verilib.

Böyük Britaniya şirkətlərinin təqdimat mərasimindən sonra tərəflər arasında B2B (Business to Business) formatında görüşlər keçirilib, qarşılıqlı əlaqələr və gələcək perspektivlər müzakirə olunub. Forumda Azərbaycanın Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR