"Oracle" şirkətinin Mərkəzi Asiya və Qafqaz üzrə regional direktoru Dmitri Smirnovun "APA-Economics"ə müsahibəsi:
- “Oracle Day” konfransını nə üçün və hansı məqsədlə Bakıda keçirdiniz?
- Oracle Day konfransı – müntəzəm olaraq keçirilən tədbirdir. Biz bu cür konfransları bütün dünyadakı müştəri və partnyorlarımız üçün təşkil edirik. Ümidvarıq ki, belə müsbət ənənə hər il davam edəcək.
- Belə konfransların keçirilməsindən bizim şirkətlər və eyni zamanda Siz nə əldə edirsiniz?
- Əvvəla, biz ən yeni texnologiyalarımız, trendlərimiz barədə məlumatı sifarişçi və partnyorlarımızın diqqətinə çatdırırıq. Bu gün informasiya texnologiyaları bazarında nəyin aparıcı rola malik olduğunu, habelə İşləmələr və tədqiqatlar departamentinin inkişafı sayəsində sifarişçilərin sorğu və ehtiyaclarını qabaqlayan Oracle şirkətinin ABŞ-dakı mənzil-qərargahının hansı məhsulları elan edəcəyini biz bəyan edirik. İkinci məsələ isə daha vacib məsələdir: Bu mərhələdə biz sifarişçi və partnyorlarımızla sanki əks əlaqə yaradırıq ki, bu da bizə sifarişçilərimizdə yaranan ehtiyac və maraqlara operativ şəkildə reaksiya göstərməyə və onların təşkilatları üçün ən mütərəqqi texnologiyaları təklif etməyə imkan yaradır.
- Ümumiyyətlə, ölkəmizdə İKT və innovativ nou-xau sahəsinin inkişaf səviyyəsini necə dəyərləndirirsiniz?
- Sözsüz ki, çox yüksək qiymətləndirirəm. Çünki hazırda informasiya texnologiyaları iqtisadiyyatın inkişafı və ölkənin sabitliyi üçün əsas amillərdəndir. Hesab edirik ki, bu məsələ olduqca vacibdir, ona görə də sifarişçilərin bizim innovasiyalara yüksək maraq göstərdiyini nəzərə alaraq, Azərbaycanda informasiya texnologiyaları sahəsinin yüksək inkişaf tendensiyasını izləyirik.
- İnformasiya təhlükəsizliyi üzrə ekspert olaraq, Siz Azərbaycan şirkətlərinin informasiya təhlükəsizliyini necə qiymətləndirirsiniz?
- Bunu qiymətləndirmək çox çətindir, çünki informasiya təhlükəsizliyi həqiqətən də aparıcı texnologiya növüdür. Biz öz tərəfimizdən informasiya təhlükəsizliyini qiymətləndirmirik, sadəcə bu təhlükəsizliyin daha da yüksək səmərəliliyini təmin etmək üçün imkanlar yaradırıq. Adıçəkilən sahədə tətbiq etdiyimiz bütün həllər Azərbaycandakı sifarişçilərə bütün məlumatların, o cümlədən fərdi məlumatların təhlükəsizliyini ən yüksək səviyyədə təmin etməyə kömək edir ki, bu da bizlərdə həmin informasiyanın təhlükəsizliyinə əminlik yaradır.
- Siz, şirkət olaraq, bütün MDB ölkələrində fəaliyyət göstərirsiniz. Azərbaycanın, digər ölkələrlə müqayisədə, faiz payı nə qədərdir və Siz nədən razısınız?
- Biz uğurlarımızı ölkələr üzrə ayırd etmirik və açıqlamırıq. Əminliklə qeyd etmək olar ki, Azərbaycan ən prioritet bazarlardan biridir. Biz Oracle Day konfranslarını heç də bütün ölkələrdə keçirmirik. Təşkil etdiyimiz konfranslar ölkəyə, ekspertizanın inkişafına investisiya yatırımları olmaqla, Azərbaycan bazarının Oracle korporasiyası və MDB məkanında fəaliyyət göstərən Oracle bölməsi üçün əhəmiyyətini əks etdirir.
Hər bir MDB ölkəsinin öz inkişaf strategiyası vardır. Bu səbəbdən də müqayisə aparmaq olduqca çətindir. Əminliklə bəyan etmək olar ki, Azərbaycanın rəhbərliyi informasiya texnologiyalarına çox böyük diqqət yetirir. Azərbaycanda bu sahənin inkişafı, sözsüz ki, gözəçarpan səviyyədədir, və İT hazırda ölkədə aparıcı mövqelərdən birini tutur.
- Dövlət qurumlarının informasiya təhlükəsizliyi çox vacibdir. Məxfi sənədlərin sızmalardan, korporativ informasiyanın oğurluq hallarından mühafizəsini və, ümumiyyətlə, Azərbaycanın dövlət orqanlarına məxsus fərdi məlumatların mühafizə dərəcəsini necə qiymətləndirirsiniz?
- Azərbaycanın dövlət təşkilatları və şirkətləri informasiya təhlükəsizliyini ən yüksək səviyyədə təmin etmək üçün ən müasir informasiya texnologiyalarını tətbiq edir. Biz isə öz növbəmizdə, texnoloji şirkət olaraq, texniki imkanlar, ən yeni məhsullar və texnologiyalar təqdim edirik. İnformasiya təhlükəsizliyini ən yüksək səviyyədə təmin etmək üçün daima yeniliklər təqdim edirik. Oracle şirkətinin mənzil-qərargahında məhsulların inkişafına investisiyalar ayrılarkən informasiya təhlükəsizliyi ən prioritet sahə kimi nəzərdən keçirilir. Yaxın zamanlarda Azərbaycanı da əhatə edəcək növbəti zəruri trendi qeyd etmək lazımdır. Məşhur IT-direktor vəzifəsi (CIO - Chief İnformation Officer) artıq tədricən ləğv olunmaqdadır. CIO əvəzinə bir şəxsin eyni zamanda icra edəcəyi Chief İnformation Security Officer – CİSO, informasiya texnologiyaları və təhlükəsizlik üzrə direktor vəzifəsi təsis olunacaqdır. Əgər Oracle şirkətinin tədqiqatlarına görə, bir il öncə təhlükəsizlik anlamı müəssisənin 10 prioriteti sırasına daxil idisə, hazırda bu anlam ikinci yerdədir.
- Şirkət və insanların ən yeni texnologiyalara etibarı nə qədər yüksəlib?
- Hər birimiz gündəlik olaraq buludlardan istifadə edirik. Bulud texnologiyaları artıq həyatımızın bir hissəsidir. Bu gün fotoşəkil çəkdirərkən siz fotoşəkilin buludlarda nüsxəsini alırsınız. Məlumat itkisi ilə üzləşməmək və məlumatları saxlamaq üçün hər bir telekom-operator Sizə belə imkanlar təqdim edir. Burada yalnız bir nəticə çıxarmaq olar: biz hamımız bulud texnologiyalarına inanmağa başlamışıq. Digər məsələ ondan ibarətdir ki, informasiyaya, o cümlədən dövlət əhəmiyyətli informasiyaya malik olan dövlət orqanları informasiyanın hansı buludlarda saxlanacağını özləri müəyyənləşdirməlidirlər. Bu gün tətbiq olunan texnologiyalar bütün zəruri tələbləri təmin edir və həyatımızın prinsip və tərzini köklü şəkildə dəyişdirəcək unikal imkanlar təqdim edirlər.
- Hansı şirkətlər Sizin texnologiyalardan istifadə edir?
- Bizim bütün sahələr üçün müvafiq həllərimiz vardır ki, bunlara tələbat olduqca yüksəkdir. Ən prioritet sahələrə telekommunikasiya şirkətlərini, bank və dövlət sektorunu, eləcə də neft-qaz sektorunu aid etmək olar.
- Ölkəmizin bu və ya digər dərəcədə irəlilədiyi və yaxud gerilədiyi sahələr varmı?
Ümumiyyətlə, telekommunikasiya və bank sektorlarını, eləcə də dövlət idarəetmə xidmətlərinin göstərildiyi sahələri əhatə edən ümumdünya trendləri mövcuddur. Yəni bunlar hər ölkəyə məxsus olan trendlərdir. Bu trendlərsiz heç bir dövlət mövcud ola bilməz. Bununla belə, hər dövlətin coğrafi yerləşməsindən, təbii ehtiyatlarından və digər amillərdən asılı olaraq öz prioritetləri də vardır. Azərbaycanda zəruri prioritet qismində neft-qaz sahəsi və müəyyən mənada da kənd təsərrüfatı çıxış edir. Bu səbəbdən də hər bir ölkə prioritet sahənin maksimal effektivliyini təmin etməyə çalışır. Qiymətləndirmək bizim vəzifəmiz deyildir. Bizim məqsədimiz sifarişçilərimizin biznesini daha səmərəli edəcək ən effektiv alətləri, innovasiya və texnoloji nailiyyətləri təqdim etməkdən ibarətdir.
- Hansı yeni texnologiyaları bizə təqdim etmək niyyətindəsiniz?
- Oracle Day konfransında biz ən müasir işləmələri təqdim edirik. Misal üçün, Oracle Autonomous Database avtonom verilənlər bazası və avtonom bulud servisləri Bakıdakı konfransdan bir neçə əvvəl elan edilmişdir. Biz rəqəmsal dövrdə yaşayırıq. Böyük həcmli verilənlər, süni intellekt, maşınla təlim, əşyalar interneti, predikativ analitika və bulud hesablamaları kimi müasir texnologiyalar artıq ənənəvi biznes-modellər, proses və həllər stereotiplərini dağıdır.
Azərbaycan MDB məkanında ən prioritet bazarlardan biridir, və Oracle şirkəti burada texnologiya və bulud həllərinin tam spektrini təklif edərək, partnyorluq şəbəkəsini genişləndirmək niyyətindədir. Bakı şəhərində nəhəng şirkətlərin 160-dan çox nümayəndəsi üçün təşkil etdiyimiz Oracle Day tədbiri və partnyor konfransı qeyd olunanların ən bariz nümunəsidir.