Qırğızıstanda təşkil olunan media turu çərçivəsində Azərbaycan jurnalistlərinin ilk ziyarət etdiyi məkan "Ala Arça" Dövlət Təbiət Parkı olub.
APA-nın Bişkekə ezam olunmuş əməkdaşı xəbər verir ki, paytaxt Bişkekdən təxminən 40 kilometr cənubda yerləşən milli park Tyan-Şan dağ silsiləsinin bir hissəsini əhatə edir və Qırğızıstanın ən məşhur təbiət qoruqlarından biri hesab olunur.
1976-cı ildə yaradılan "Ala Arça" Dövlət Təbiət Parkı 200 kvadrat kilometrdən çox ərazini əhatə edir. Park qarlı zirvələri, buzlaqları, dağ çayları, alp çəmənlikləri və zəngin biomüxtəlifliyi ilə seçilir. Burada nadir bitki növləri ilə yanaşı, qar bəbiri, dağ keçisi, maral və müxtəlif yırtıcı quş növləri də yaşayır.
Media turu iştirakçılarına parkın yaranma tarixi, təbiətin qorunması istiqamətində həyata keçirilən tədbirlər, ekoloji layihələr və turizm infrastrukturu barədə məlumat verilib. Jurnalistlər parkın əsas marşrutları boyunca hərəkət edərək dağ mənzərələrini, buzlaq suları ilə qidalanan çayları və ərazinin zəngin təbiətini yaxından müşahidə ediblər.
"Ala Arça" Dövlət Təbiət Parkı hər il minlərlə yerli və xarici turistin üz tutduğu əsas turizm istiqamətlərindən biridir. Parkda piyada yürüşü, alpinizm, dağ turizmi və ekoturizm üçün müxtəlif marşrutlar yaradılıb.
Parkın nümayəndəsi Timur Ulanov bildirib ki, "Ala Arça" Qırğızıstanda ən çox turist cəlb edən məkanlardan biridir.
"Dünyanın müxtəlif ölkələrindən, xüsusilə alpinistlər "Ala Arça"ya gəlirlər. Burada ölkənin ən gözəl dağları, buzlaqları və şəlalələri yerləşir. Parkı hər gün 5 mindən 10 minədək insan ziyarət edir. Hazırda yerləşdiyimiz ərazi dəniz səviyyəsindən 2400 metr yüksəklikdədir. "Ala Arça" Qırğızıstanda turizmin inkişafında mühüm rol oynayır. Burada hotellər, kotteclər, qonaq evləri, kafe və qəhvəxanalar fəaliyyət göstərir. Turistlər üçün hamam və müalicəvi xidmətlər də təqdim olunur", - deyə o qeyd edib.
Qeyd edək ki, Azərbaycan jurnalistlərinin Qırğızıstana media turu ölkənin turizm potensialının tanıdılması məqsədilə təşkil olunub.