Son illər Azərbaycana gələn miqranrtlar əsasən iş adamları və elmi fəaliyyətlə məşğul olmaq istəyənlərdir

 Son illər Azərbaycana gələn miqranrtlar əsasən iş adamları və elmi fəaliyyətlə məşğul olmaq istəyənlərdir
# 18 sentyabr 2014 10:56 (UTC +04:00)

APA–nın məlumatına görə, komitə sədri Rəbiyyət Aslanova bildirib ki, son illərdə Azərbaycana gələn miqrantların profilində dəyişiklik var.

R. Aslanova qeyd edib ki, əgər 10-15 il əvvəl Azərbaycana gələn miqrantlar əsasən tikinti sahəsində işləməyə gəlirdilərsə, son illər Azərbaycana gələn miqranrtlar əsasən iş adamları və elmi fəaliyyətlə məşğul olmaq istəyən şəxslərdir və Azərbaycan hakimiyyəti də bunda maraqlıdır: “Miqrasiya Xidmətinin verdiyi məlumata görə, təkcə 2014-cü ilin yanvar ayından etibarən ayda Azərbaycana gələn miqrantların sayı 6-9 min arasında dəyişir. Bu da bizi qanunvericilikdə təkmilləşdirmə işlərinin aparılmasına vadar edir”.

Miqrasiya Məcəlləsinə edilən əlavə və dəyişikliyə əsasən sərhəd keçmə sənədi - xarici pasport, vətəndaşlığı olmayan şəxslərə yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün verilən sənəd, dənizçi kitabçası (vəsiqəsi), qaçqınlara verilmiş yol sənədi, vətənə qayıdış şəhadətnaməsi, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədlər sırasına “Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən səyahət sənədi” də daxil edilir.

Məcəllənin 21.1-ci maddəsinə edilən yeniliyə əsasən Azərbaycana daxil olan əcnəbilərə dövlət sərhəd xidməti məntəqələrində 3 gündən artıq ölkədə qalacaqları təqdirdə, qeydiyyata alınmalarının zəruriliyini ifadə edən bildiriş veriləcək. Bildiriş Azərbaycan, rus və ingilis dillərində olacaq.

Əmək Məcəlləsində nəzərdə tutulan dəyişikliyə əsasən isə işəgötürənlər işə cəlb etdikləri hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxs üçün məcəllədə müəyyən edilmiş qayda və şərtlərlə iş icazəsi almalıdır.

Daha sonra əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycana gediş-gəlişinin asanlaşdırılması ilə bağlı “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” qanuna dəyişiklik müzakirə olunub. Sənədə edilən dəyişikliyə əsasən Azərbaycanda qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə ölkə hüdudlarından kənara gedərkən “Yol sənədi” veriləcək ki, bununla onlar viza almadan geri dönə bilərlər.

Sənəddə nəzərdə tutulan digər dəyişikliyə əsasən Azərbaycanda siyasi sığınacaq alan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində müvafiq icra hakimiyyəti orqanları tərəfindən ölkə hüdudlarından kənara çıxarma haqqında qərar qəbul edə bilməz. Növbəti dəyişikliyə əsasən isə bu şəxslər əmək fəaliyyəti ilə məşğul olarkən onun iş icazəsi almasına ehtiyac olmayacaq.

Layihələr Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR