Azərbaycanla Monteneqro iqtisadi əlaqələri müzakirə edib

Azərbaycanla Monteneqro iqtisadi əlaqələri müzakirə edib
# 27 noyabr 2014 15:21 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev “XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr” mövzusunda Beynəlxalq Sənaye Konfransında iştirak etmək üçün Bakıda səfərdə olan Monteneqronun iqtisadiyyat naziri Vladimir Kavariç ilə görüşüb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan Hökuməti ilə Monteneqro Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Şahin Mustafayev Azərbaycan-Monteneqro əlaqələrinin uğurla inkişaf etdiyini, iki ölkə arasında əlaqələrin möhkəmlənməsində qarşılıqlı səfərlərin və aparılan danışıqların əhəmiyyətini vurğulayıb.

Bildirilib ki, siyasi əlaqələrin yüksək səviyyədə olması və hər iki ölkənin potensialı iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır. “Ötən il Azərbaycanla Balkan regionu ölkələri ilə imzalanmış memorandumlar enerji sahəsində əməkdaşlıq üçün böyük imkanlar yaradır. Ölkələrimiz arasında ticarət əlaqələri də inkişaf edir. İqtisadiyyatın digər sahələrində də əməkdaşlığın genişləndirilməsi üçün potensial var və bu istiqamətdə səylərimizi davam etdirməliyik”, - deyə Ş. Mustafayev vurğulayıb.

V. Kavariç də Azərbaycana növbəti səfərindən və Bakıda keçirilən Beynəlxalq Sənaye Konfransında iştirakından, mövcud əlaqələrin uğurlu inkişafından məmnunluğunu ifadə edib. O, iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin inkişafı üçün imkanları diqqətə çatdırıb.

Azərbaycan və Monteneqro arasında iqtisadi əlaqələrin mövcud vəziyyətinə və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR