Ramin Mehmanpərəst İranın PKK-ya dəstək verməsi barədə iddiaları rədd edib

Ramin Mehmanpərəst İranın PKK-ya dəstək verməsi barədə iddiaları rədd edib
# 12 oktyabr 2012 13:25 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst ölkəsinin PKK terror təşkilatına dəstək verməsi ilə bağlı irəli sürülmüş iddiaları rədd edib. APA-nın İran mətbuatına istinadən məlumatına görə, R. Mehmanpərəst bildirib ki, Türkiyə rəsmiləri PKK-nın başqa ölkələr tərəfindən dəstəkləndiyini və İran tərəfindən əsla dəstəklənmədiyini çox yaxşı bilirlər. O, son günlərdə Türkiyə və Suriya arasında yaşanan gərginliyə də toxunaraq, hər iki ölkəni soyuqqanlı olmağa çağırıb: “Türkiyə və Suriya tezliklə gərginliyə son qoymalıdır. Bölgədə iki ölkə arasında qarşıdurmanın baş verməsinə icazə verilməməlidir”. R. Mehmanpərəst deyib ki, Suriya problemi yalnız sülh yolu ilə həll edilməlidir: “Əks təqdirdə xarici qüvvələrin bu problemi həll etmək adı altında Suriyanın daxili işlərinə qarışması böhranın daha da dərinləşməsinə səbəb olacaq. Bu məsələdə Suriya xalqının özü qərar verəcək, xalqa heç bir həll yolu sırına bilməz”. O, Qərb ölkələrinin İrana qarşı birtərəfli sanksiyalarına da toxunaraq, ABŞ-ın 33 ildir ölkəsinə qarşı sanksiya tətbiq etdiyini, ancaq heç bir nəticə əldə edə bilmədiyini söyləyib: “Bütün təzyiq və təhdidlərə baxmayaraq, İran inkişaf edir”. R. Mehmanpərəst vurğulayıb ki, İsrailin İranı hədələyəcək və ya hücum edəcək gücü və cəsarəti yoxdur.

Qeyd edək ki, ABŞ-ın xəbər saytlarından biri olan WorldNetDaily (WND) Türkiyənin İrana xəbərdarlıq etdiyini yazıb. Xəbərdə bildirilir ki, rəsmi Ankara Tehrana Rusiya vasitəsilə xəbərdarlıq edib: “Türkiyə Suriya və İranın PKK-ya dəstək verdiyini deyərək buna son verilməsini istəyib. Əks təqdirdə İran hakimiyyətindən narazı olan kütlənin yanında yer alacağını bildirib”. Məlumatda qeyd olunur ki, Türkiyə Suriya və İranı PKK-nı silahla təmin etmək və terrorçu hərəkətlərinə yardımçı olmaqda günahlandırır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR