Bakı. Cavid Zeynallı - APA. Əmircan qəsəbəsində xalq rəssamı Səttar Bəhlulzadənin Ev Muzeyinin təmir, bərpa və ekspozisiyanın yeni bədii tərtibatından sonra açılış mərasimi keçirilib.
APA-nın məlumatına görə, açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Rəssamlar Birliyinin sədri, xalq rəssamı Fərhad Xəlilov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva və başqaları iştirak edib.
Nazir Ə.Qarayev ev muzeyinin açılışının Azərbaycan mədəniyyəti üçün əlamətdar hadisə olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, ev muzeyinin qapılarının ziyarətçilərin üzünə açılması çoxdan gözlənilən hadisə idi: “Bundan sonra bu evin qapıları hər kəsin üzünə açıq olacaq. Səttar Bəhlulzadə Azərbaycanın böyük rəssamıdır və onun əsərləri bütün dünyada nümayiş olunur. Bir neçə il əvvəl rəssamın 100 illik yubileyi UNESCO səviyyəsində böyük təntənə ilə qeyd olundu. Səttar Bəhlulzadənin insanlar arasında böyük nüfuzu və hörməti var idi. Çünki o, öz sənətini hər şeydən uca bilirdi”.
Xalq rəssamı F.Xəlilov Səttar Bəhlulzadə ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb: “Səttar müəllim həmişə deyərdi ki, mən əsl xalq rəssamıyam. Azərbaycan tarixində onun xüsusi yeri, mövqeyi var. Səttar müəllimin xarici görünüşü, daxili aləmi o qədər unikal idi ki, sənəti ilə tam vəhdət təşkil edirdi”.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, əməkdar rəssam Hüseyn Haqverdiyev muzeyin açılışını mədəni ictimaiyyət üçün böyük hadisə kimi dəyərləndiriblər.
Muzeyin ekspozisiyası ikinci mərtəbədəki 5 otaq və 1 dəhlizdən ibarətdir. Dəhlizdə Səttar Bəhlulzadənin fərdi və rəssamlarla birgə fotoları, həmçinin “Yuxarı Daşaltı” əsərinin reproduksiyası nümayiş olunur. Muzeyin kiçik otağında “Corat qovunları” adlı əsərinin reproduksiyası, rəssamın fırçaları, boyaları, S.Bəhlulzadə haqqında müxtəlif illərin mətbuat səhifələrində, eyni zamanda elmi nəşrlərdə dərc olunmuş yazılar yer alıb.
Qeyd edək ki, Səttar Bəhlulzadə 1909-cu il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. 1927-1931-ci illərdə rəssamlıq məktəbinə, 1933-cü ildə isə Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub. 1941-ci ildə V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirib. Məşhur rəssamlar V.A.Favorskinin və Q.M.Şaqalın tələbəsi olub. Yaradıcılığa qəzetdə Əzim Əzimzadənin rəhbərliyi ilə başlayıb. Rəssam iki “Qırmızı Əmək Bayrağı” ordeni və medallarla təltif olunub. Əsərləri R.Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyində və Azərbaycan Dövlət Rəsm Qalereyasında, eləcə də Moskva və digər şəhərlərin muzeylərində saxlanılır. S.Bəhlulzadə 1974-cü il oktyabrın 14-də Moskvada vəfat edib. Rəssam Əmircan kəndində dəfn olunub, qəbri üstündə abidəsi ucaldılıb.