Bahar Muradova: “Bencamin Kardinin qətnaməsini bütün münaqişələrə aid presedent kimi qəbul edirik” - MÜSAHİBƏ

Bahar Muradova: “Bencamin Kardinin qətnaməsini bütün münaqişələrə aid presedent kimi qəbul edirik” - <span style="color: red;">MÜSAHİBƏ
# 02 iyul 2014 15:29 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinin sədr müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın APA-ya müsahibəsi

- ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü yay sessiyası öz işini başa vurdu. Azərbaycanın bu sessiyada gözləntiləri nə idi və nəticə nə oldu?

- ATƏT PA-nın konkret bir sessiyasından nə isə gözləmək mümkün olmur. Ona görə ki, burada işlər bir proses halında gedir. Bir iclasın gedişində 4-5 gün ərzində nəyisə dəyişmək, nəyisə qəbul etdirmək, nəyəsə nail olmaq mümkün deyil. Bunun üçün müəyyən vaxt tələb olunur. Biz də ATƏT PA-da fəaliyyətimizi məhz bu aspektdə qoymuşuq: ardıcıl, məqsədyönlü və bir-birinin davamı olaraq. Konkret hədəfimiz də ondan ibarətdir ki, bu müstəvidən istifadə edərək Azərbaycanı tanıdaq, onun nailiyyətlərini dünyaya təbliğ edək, haqqımızda səsləndirilən tənqidi fikirləri nəzərə alaq. Ən əsası isə bu cür geniş tərkibli təşkilatda Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağla bağlı həqiqətləri onların diqqətinə çatdırmaq və bu məsələyə təsir göstərə biləcək istinad nöqtələrimizi artıra biləcək sənədlərin qəbulunu diqqətdə saxlamağa nail olmaqdır. Ümumiyyətlə, bütün səylərimiz sonda Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmağa kömək göstərməkdir. Məqsədimiz budur, amma hələ ki əsas məqsədimizə nail ola bilməmişik. Amma digər yöndə nailiyyətlərimiz var. Azərbaycan nümayəndə heyətinin ATƏT PA-da fəaliyyəti görünəndir. Bütün proseslərə müdaxilə edən, tənqidi fikir səsləndirən bir nümayəndə heyətimiz var. Hesab edirəm ki, bu tədbirdə də fəaliyyətimiz açıq şəkildə göründü. Ancaq bizim məqsədimiz fəaliyyətimizi göstərmək, reklam etmək deyil, məqsədimiz bu tədbir üçün gözəl şərait yaratmaqdır. Azərbaycan cəmiyyətinin çox geniş təbəqəsi, tənqidi ruhda olan təşkilatların əksəriyyəti prosedur qaydaların imkan verdiyi çərçivədə burada iştirak etdi. İzlədilər. Bu təşkilatın necə bir təşkilat olduğunu, məsələləri necə müzakirə etdiyini, qərarları necə qəbul etdiyini və hansı məsələyə necə münasibət sərgilədiyini gördülər. Burada müxalifyönlü, tənqidi fikirdə olan şəxslər də iştirak etdilər. Hesab edirəm biz bütün bu məqsədlərimizə nail olduq.

- Azərbaycan beynəlxalq təşkilatlarda Ermənistana qarşı sanksiyalar tətbiq olunmasına çalışır. Məsələn, bu yaxınlarda AŞPA sessiyasında belə bir məsələ qaldırıldı. Amma nədənsə bu sessiyada belə bir qətnamə layihəsi Azərbaycan tərəfdən irəli sürülmədi. Niyə?

- Biz bu sənəd qəbulu məsələsini neçə illərdir irəliyə aparmaq istəyirik, amma iş burasındadır ki, ya biz tərəfdən, ya erməni tərəfdən hansısa bir sənəd irəli sürülürsə, həmkarlarımız ona qoşulmaq istəmirlər. Qətnamə irəli sürməyin də prosedur qaydaları var. Yəni müvafiq tərəfdarlar toplanmalıdır, sənəd hazırlanmalıdır və sonra təqdim edilməlidir. Sənədin hazırlanması üçün tərəfdar toplanmasında problem yoxdur, amma onun müzakirəsi üçün tərəfləri qane edəcək bir sənəd ortaya qoymaq mümkün deyil.

- Niyə?

- Çünki diametral, kəskin, fərqli və ziddiyyətli mövqelər var. Bir qayda olaraq da belə mövqeləri bir sənəddə əks elətdirmək mümkün olmur. Ən neytral görünəcək bir nüans haqqında çox geniş diskussiyalar açılır. Burada hər söz uğrunda mübarizə gedir. Hətta Lenmarkerin məruzəsi təqdim olunmalı idi, amma edə bilmədi. Yəni tərəflər o məruzədə əksini tapan məsələlərlə bağlı bir araya gəlib o sənədin müzakirəyə çıxarılmasına razılıq verə bilmədilər. Ona görə də bizim təşəbbüslərimiz elə təşəbbüs olaraq alır. Amma bu dəfə biz bu sessiyada Bencamin Kardinin Helsinki Yekun Aktının prinsiplərinin pozulması ilə bağlı qətnaməsini bütün münaqişələrə aid presedent kimi qəbul edirik. Ümumilikdə sənədin qəbulunu alqışlayırıq. Amma bunun birtərəfli olduğunu deyirik. Çünki əgər ABŞ Minsk Qrupunun həmsədri kimi narahat olub bu məsələni qaldırırsa, deməli, Qarabağ məsələsini də 22 il ərzində qaldırmalı idi. Bizim onlara dəfələrlə təkliflərimiz olub ki, belə bir təşəbbüslə çıxış etsinlər. Çox təəssüf ki, indiyə qədər olmayıb. Amma belə bir danışığımız oldu ki, biz bu məsələni irəliyə aparmaqda israrlıyıq, yəni ki, ABŞ Helsinki Yekun Aktının prinsiplərinin Azərbaycana münasibətdə pozulduğunu da rədd etmir, Azərbaycan ərazilərinin işğal olunduğunu vurğulayır, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Biz bu məsələni indən sonra irəliyə aparmaq niyyətindəyik. Bu, həm də onların bu məsələdə nə dərəcədə səmimi olduqları baxımından da bir sınaq testi olacaq. Hətta onlar bizə qoşulmasalar belə, artıq ATƏT PA-da belə bir oxşar qətnamə qəbul olunduğu üçün bunun digər konfliktlər, xüsusilə Dağlıq Qarabağla bağlı da qəbul olunması üçün biz daha israrla çalışacağıq.

- Azərbaycan Milli Məclisinin belə bir təklifi vardı ki, Minsk Qrupunun ATƏT PA-nın sessiyalarında mütəmadi hesabat verməsi üçün qətnamə qəbul olunsun. Nədənsə sessiyada bu fikir səsləndirilmədi.

- 2011-ci ildə Azərbaycanın israrlı tələbi əsasında Xorvatiyada keçirilən payız sessiyasında bu münaqişənin tarixində ilk dəfə olaraq həmsədrlərin iştirakı ilə dinləmə keçirdik. Orada məruzələr dinlənildi, qərara alındı ki, bu proses ATƏT PA çərçivəsində davam etsin. Amma biz təklif etmişik ki, Minsk Qrupunun hesabatı tək ATƏT PA-da yox, eyni zamanda AŞ PA-da, NATO PA-da və Avronest PA-da da dinlənilsin. Hesabat məsələsini biz bir daha ATƏT PA-da qaldırdıq. Qurumun sədri ilə belə bir danışığımız oldu ki, növbəti tədbirlərin birində Qarabağ məsələsi haqqında dinləmələrin keçirilməsinə nail olaq. Bu toplantı Minsk Qrupunun iştirakı ilə keçiriləcək. Bir növ onların hesabatı olacaq. Biz bunu yeni seçilən sədrlə də danışacağıq ki, tədbir görək harada və dəqiq nə vaxt reallaşacaq. Hər halda Helsinki yubiley tədbirinə qədər (gələn il) belə bir dinləmələrin baş tutması üçün Azərbaycan tərəfi səy göstərəcək.

- Bu sessiyada iştirak edən erməni deputatların davranışı barədə nə deyə bilərsiniz?

- Ermənilərin davranışı bu vaxta qədər olan davranışlardan fərqli oldu. Təbii ki, biz tərəfdən göstərilən qonaqpərvərlik, nəzakət yüksək səviyyədə idi. Ermənistan tərəfi də bunu anladı və çıxışlarında vurğulayaraq etiraf elədilər. Davranışlarında heç bir ciddi problem görmədim. Bütün beynəlxalq təşkilatlarda müşahidə olunan arzuolunmaz qarşılıqlı ittihamların müqabilində bu davranış daha yaxşı görünür. Hətta ən ciddi mübahisələrin belə normal etik qaydalar çərçivəsində, məntiqi əsasla aparılmasının daha uyğun olduğunu anladılar. Tərəflər gərək bir-birini təxribata çəkməsin. Biz də bu sessiyada nə təxribata çəkildik, nə də təxribata getdik.

- İctimaiyyətdə belə bir rəy dolaşır ki, bundan əvvəl ermənilərin də iştirakı ilə Bakıda keçirilən NATO PA seminarı ilə müqayisədə ATƏT PA-nın sessiyasında Dağlıq Qarabağ mövzusu az müzakirə olundu. Hərçənd münaqişə NATO-dan çox, ATƏT-in məşğul olduğu sahədir...

- Seminar başqadır, sessiya başqadır. Ermənilərin bura gəlişi o demək deyil ki, qarşılıqlı ittiham irəli sürəsən. NATO PA seminarında təxribat olduğu üçün Azərbaycan nümayəndələri haqlı olaraq layiqi cavab veriblər. Burada isə təxribat olmadı. Mən özüm də bunu normal qəbul edirəm ki, təxribatın olmaması daha normaldır. Dağlıq Qarabağ məsələsinə gəlincə, söhbət ondan getmir ki, kimsə kəskin danışırsa, deməli, daha çox çalışır. Əksinə, biz əvvəldən axıra qədər bu məsələnin beynəlxalq hüququn, Helsinki Yekun Aktının prinsipləri çərçivəsində həllini hər uyğun anda vurğuladıq. Amma müəyyən bir çərçivədə dedik. Mən hesab edirəm ki, bu variant digərlərini daha çox qane edir, daha çox dinləyirlər, nəinki hay-küylə danışmaq. Əsas odur ki, prinsipial mövqe ortaya qoyaq və qoyduq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR