Prezident: "Dünyanı bürümüş iqtisadi, maliyyə böhranı Azərbaycan əhalisinə, iqtisadiyyatına bir faiz də təsir etməyib"

Prezident: "Dünyanı bürümüş iqtisadi, maliyyə böhranı Azərbaycan əhalisinə, iqtisadiyyatına bir faiz də təsir etməyib"
# 10 iyul 2014 20:33 (UTC +04:00)

Bakı-APA. İlin birinci yarısında Azərbaycanın uğurlu inkişafı təmin edilib. Qarşıda duran bütün məsələlər uğurla icra edilib. APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda deyib. Dövlət başçısı bir dənə də olsun icra edilməmiş məsələnin olmadığını qeyd edib: “Bu, deməyə əsas verir ki, ilin sonuna qədər də bütün vəzifələr icra ediləcək, ölkəmizin dinamik uğurlu inkişafı davam edəcək”.

Uğurların təməlində düşünülmüş siyasətin, sabitliyin dayandığını bildirən prezident İlham Əliyev iqtisadi sahədə aparılan islahatların da mühüm yer tutduğunu qeyd edib: “Çünki bu islahatlar sayəsində Azərbaycanın dayanıqlı inkişafı mümkün olub. Vaxtilə bizim uğurlarımızı bəziləri ancaq neft amili ilə bağlayırdılar. Belə bir fikir irəli sürülürdü ki, Azərbaycanın nefti var və buna görə ölkə iqtisadiyyatı inkişaf edir. Əlbəttə, son illərdə bu amil öz rolunu oynamışdır. Ancaq bizim uğurlu siyasətimizin nəticəsində bu gün neftdən asılılıq böyük dərəcədə aşağı düşüb və ümumi daxili məhsulumuzun böyük hissəsi qeyri-neft sektorunda yaranır”.

Prezident İlham Əliyev ölkədə aparılan islahatların mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirildiyini bildirərək vurğulayıb ki, bu qurumlar öz proqnozlarını müəyyən edərkən, Azərbaycanın bundan sonra da uzun illər ərzində uğurlu inkişafını qeyd edir. “Bizim islahatlarımız, eyni zamanda, müxtəlif qurumların reytinqlərində də özünü göstərir. Dünyanın aparıcı reytinq agentlikləri bizim kredit reytinqlərimizi artırırlar. Bu gün xarici maliyyə bazarlarından kredit resurslarının cəlb edilməsi üçün bizdə heç bir problem yoxdur. Əksinə, biz bu məsələyə bir qədər təmkinlə yanaşırıq. Çünki hesab edirik ki, daha çox daxili imkanlardan istifadə etməliyik. Davos Dünya İqtisadi Forumu - dünyanın bir nömrəli iqtisadi forumu Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyini yüksək qiymətləndirərək bizi 39-cu yerdə yerləşdirib. Hesab edirəm ki, gənc müstəqil ölkə üçün bu, çox böyük göstəricidir. Bir sözlə, müxtəlif amillərin nəticəsində ölkəmizin uğurlu inkişafı mümkün olub”, deyə İlham Əliyev bildirib.

Ölkədə çox gözəl investisiya şəraitinin olduğunu qeyd edən prezident İlham Əliyev vurğulayıb ki, xarici və daxili investorlar Azərbaycana inamla yanaşırlar: “Daxili sabitlik, xalqla iqtidar arasındakı birlik, cəmiyyətdə ölkənin gələcəyi ilə bağlı nikbin fikirlərin üstünlük təşkil etməsi, əlbəttə ki, dinamik iqtisadi inkişafımıza təkan verir”.

“Birinci altı ayda iqtisadi göstəricilərimiz də çox müsbətdir - iqtisadiyyat 2,1 faiz artıb. Bəlkə də əvvəlki dövrlərlə müqayisədə bu, o qədər də böyük rəqəm deyil. Ancaq bu gün dünyada, bölgədə və Avropada yaşanan iqtisadi çətinliklər fonunda hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Ən sevindirici hal ondan ibarətdir ki, - mən bunu sevinc hissi ilə qeyd edirəm, - son illər ərzində qeyri-neft sektorumuz uğurla artır və qeyri-neft sektorumuzda inkişaf 7 faiz səviyyəsindədir. Bu da əlbəttə ki, dediyim məsələlərin nəticəsidir. Çünki əgər biz vaxtilə neft kapitalını insan kapitalına, infrastruktur layihələrinə yönəltməsəydik, bu gün qeyri-neft sektorumuz bu qədər arta bilməzdi. Bəlkə də tənəzzülə uğrayardı və onda biz ancaq neft amilindən asılı ola bilərdik. Gələcək illərdə ayrılan vəsait və aparılan islahatlar qeyri-neft sektorunun daha da böyük çəkiyə malik olmasına gətirib çıxaracaq”, deyə dövlət başçısı qeyd edib.

Ölkə başçısı inflyasiyanın Azərbaycanda 1,6 faiz təşkil etdiyini də çox gözəl göstərici olduğunu qeyd edib: “Xüsusilə nəzərə alsaq ki, ölkəmizə bu qədər həm daxili, həm xarici investisiyalar qoyulur, maaşlar, pensiyalar ildən-ilə qaldırılır, sovet vaxtından qalmış əmanətlər kompensasiya şəklində, MDB-də ən böyük əmsalla, ən qısa müddət ərzində insanlara qaytarılıb - bütün bu amillərə baxmayaraq, inflyasiya cəmi 1,6 faizdir. Əhalinin pul gəlirləri isə 4,7 faiz artıb, yəni, inflyasiyanı 3 dəfə üstələyir. İstənilən ölkə üçün bu, ən arzu olunan balansdır. Ona görə bu amillər, iqtisadiyyatımızın əsas göstəriciləri bizə ümid verir deyək ki, biz bu templəri ilin sonuna qədər saxlayacağıq. Ümid edirəm belə də olacaq, ümumi daxili məhsul daha da artacaq.

Kənd təsərrüfatında inkişaf müşahidə olunur. Kənd təsərrüfatımız təxminən 6 faiz artıb. Ümid edirəm ki, indi aparılan islahatlar nəticəsində biz gələn illərdə daha da böyük artıma nail olacağıq”.

Prezident qeyd edib ki, iqtisadi və maliyyə vəziyyəti müstəqilliyi şərtləndirən əsas amillərdən biridir: “Azərbaycan böyük maliyyə resurslarına malikdir. Bu resursları biz özümüz yaratmışıq, bizə heç kim kömək etməyib. Azərbaycan xalqının istedadı və düşünülmüş siyasət nəticəsində bunu əldə etmişik. Bu gün dünya miqyasında adambaşına düşən valyuta ehtiyatlarına görə, hesab edirəm ki, Azərbaycan aparıcı, yəni, ən qabaqcıl yerlərdədir. Bizim 54 milyarddan çox valyuta ehtiyatlarımız var. Bu da bizə inam, əminlik verir, imkan verir ki, bundan sonra da böyük infrastruktur və sosial layihələrimizi icra edək”.

Dövlət başçısı xüsusilə qeyd edib ki, Azərbaycanda bu vəsait çox qənaətlə istifadə edilir, ən vacib olan sahələrə yönəldilir: “Eyni zamanda, ölkə daxilinə dövlət tərəfindən qoyulan investisiyaların artırılmasına da imkan verməməliyik. Çünki bu, xoşagəlməz hallara gətirib çıxara, inflyasiyanı sürətləndirə bilər və buna ehtiyac yoxdur. Biz növbəti illərdə bu templə inkişaf etsək, hesab edirəm ki, kifayətdir”.

“Biz populist vədlərdən tamamilə uzağıq, heç vaxt bunu etməmişik. Ancaq praqmatik, düşünülmüş siyasət aparmışıq və bu siyasət imkan verdi ki, biz bütün çətinliklərdən şərəflə, üzüağ çıxa bildik. Dünyanı bürümüş iqtisadi, maliyyə böhranı Azərbaycan əhalisinə, iqtisadiyyatına bir faiz də təsir etməyib. Bunu yəqin, gələcəkdə alimlər araşdıracaqlar və təhlil aparacaqlar ki, bu, nə üçün belədir. Bizim, sadəcə olaraq, buna vaxtımız yoxdur, biz işlə məşğuluq və işimiz göz qabağındadır. Biz böyük maliyyə resurslarına malik olan ölkəyik. Bir daha qeyd etmək istəyirəm, biz ildən-ilə maliyyə resurslarını artırırıq, artıracağıq. Bu resurslardan səmərəli şəkildə istifadə etməyimiz, bizə əlbəttə ki, əlavə gəlirlər gətirir və bu gün öz investisiya portfelimizi şaxələndiririk - həm sahələr üzrə, həm də xaricdə qoyulan investisiyaların coğrafiyası genişlənir”, deyə İlham Əliyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR